Home Manşet Sədaqət Vəliyeva: Müzəffər Ali Baş Komandan və rəşadətli Ordumuz 30 illik əsarətdə...

Sədaqət Vəliyeva: Müzəffər Ali Baş Komandan və rəşadətli Ordumuz 30 illik əsarətdə olan ərazilərimizi 2 ay ərzində tam azad etməklə möhtəşəm zəfər tarixi yazdı

289
0
SHARE

“Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın tələblərinə uyğun olaraq dekabrın 1-də Laçın rayonu da Ermənistanın işğalçı silahlı qüvvələrindən təmizlənərək Azərbaycana qaytarıldı. Bununla da, Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, eləcə də BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı bütün qətnamələrini yerinə yetirmiş oldu. Laçın rayonunun da Ağdam və Kəlbəcər kimi bir güllə belə atılmadan, şəhid vermədən düşməndən azad olunması Azərbaycan dövlətinin siyasi-diplomatik gücünü və uğurunu isbatlamış oldu. Beləliklə də, Azərbaycan 44 günlük müharibə dövründə təqribən 5 min kvadratkilometrə yaxın ərazini döyüş meydanında düşmənlərdən təmizləmişdisə, 20 gün ərzində siyasi-diplomatik yol ilə də təxminən bir o qədər ərazini azad etdi”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Müzəffər Ali Baş Komandan və rəşadətli Ordumuz Ermənistanın 4 ilə işğal etdiyi, 27 il ərzində möhkəmləndiyi torpaqlarımızın 44 günlük aktiv müharibə, 20 günlük isə siyasi-diplomatik vasitələrlə, toplan 2 ay ərzində tam azad etməklə möhtəşəm zəfər tarixi yazdı: “Heç şübhəsiz Vətən müharibəsi barədə danışdıqda bu prosesin şəksiz qəhrəmanları olan müzəffər Ali Baş Komandanın və rəşadətli Ordumuzun uğurları xüsusi təqdirəlayiq şəkildə dəyərləndirilməlidir. Çünki təsəvvür edin Ermənistan 30 il ərzində işğal etdiyi Azərbaycan torpaqlarını bəlkə də dünyada ən güclü hərbiləşdirilmiş bölgəyə çevirmişdi. Bu ərazilərdə vuruşmuş hərbçilərin sözlərinə görə, düşmən tərəfindən az qala hər kvadratmetri atəş altında saxlamağa imkan verən müasir hərbi sistemlər qurulmuşdu. Bu isə onu deməyə əsas verir ki, 30 il ərzində Fransada, Rusiyada, Livanda və başqa ölkələrdə təhsil almış, xidmət etmiş, həmin ərazilərə dərindən bələd olmuş düşmənlə vuruşurduq. Eyni zamanda, Ermənistan pulsuz əldə edilən hərbi texnika və sursatlar hesabına texniki baxımdan yüksək dərəcədə təminatlı orduya malik idi. Eləcə də Azərbaycan Ordusuna qarşı döyüşlərdə Rusiyadan, Fransadan və digər aparıcı Avropa ölkələrindən, hətta okeanın o tayından erməni əsilli vətəndaşlar, xüsusi təyinatlılar, PKK terrorçuları, Suriyadan xeyli sayda peşəkar muzdlular vuruşurdular. Görünən odur ki, Azərbaycan Ordusu təkcə erməni separatçılarına, Ermənistan ordusuna qarşı döyüşmürdü, həm də dünyanın bir çox ərazilərində formalaşdırılmış terrorçu qruplarla, muzdlu qatil və döyüşçülərlə, xüsusi təyinatlılarla üz-üzə idi. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan Ordusu məhz belə mürəkkəb amillərin mövcud olduğu şəraitdə parlaq qələbə qazandı. Təsadüfi deyil ki, dərindən düşünülmüş hərbi strategiya, döyüş əməliyyatlarının məharətlə həyata keçirilməsi, vəziyyəti nəzarətdə saxlamağa imkan verən döyüş taktikası, yüksək peşəkarlıq, orduda yüksək nizam-intizam, mobillik, hərbçilərimizin müasir hərbi texnologiyalardan məharətlə istifadə etməsi, Vətən, doğma torpaqlar uğrunda vuruşan Azərbaycan hərbiçilərinin yüksək mənəvi-psixoloji durumu, eyni zamanda Ali Baş Komandanın prosesi yüksək peşəkarlıqla, çevikliklə idarə etməsi, Onun zəruri müdaxilələri, korrektələri qazanılan parlaq qələbənin kökündə dayanan mühüm amillərdən idi”.

“Vətən müharibəsinin siyasi-diplomatik cəbhəsi də çox gərgin və məsuliyyətli olub” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, üçtərəfli Bəyanatın imzalanmasından öncə keçirilmiş müzakirələr, bir neçə dəfə sənədə edilmiş düzəlişlər bunun əyani sübutudur: “Prezident İlham Əliyevin xalqa müraciətində Laçın, Naxçıvan dəhlizləri ilə bağlı aparılmış müzakirələrin gedişatı barədə danışarkən qeyd etdiyi məqamlara xüsusi diqqətlə yanaşmaq lazımdır. İstər Şuşa, istər Kəlbəcər, istərsə də digər ərazilər üzrə aparılmış danışıqlar onu göstərir ki, rəşadətli ordumuz necə hər qarış üçün vuruşurdusa, müzəffər Ali Baş Komandan da diplomatik cəbhədə hər qarış torpağımız üçün savaşırdı. Nəticə isə bu gün göz önündədir. Azərbaycanın işğal altında olmuş torpaqları tamamilə azad olundu və beləliklə də tarixi ədalət bərpa edildi. Bundan sonrakı proseslər isə yalnız sülhün, təhlükəsizliyin qorunmasına, bərpa, quruculuq və inkişafa xidmət edəcək”.