“COVID-19 pandemiyasının başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tərəfindən koronavirusa qarşı regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılırdı. Məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının və Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşlərinin keçirilməsi bunun əyani sübutu idi. Elə dekabrın 3-də Nyu-Yorkda BMT Baş Assambleyasının koronavirus xəstəliyi – COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsi də Prezident İlham Əliyevin təşəbbüsü ilə baş tutdu”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva deyib ki, BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə Prezident İlham Əliyevin təşəbbüsünü dünyanın 130-dan çox ölkəsinin dəstəkləməsi dünya dövlətlərinin Azərbaycana böyük etimadının və hörmətinin göstəricisi idi: “Sirr deyil ki, bu gün dünya müharibəsi ilə müqayisə edilən COVID-19 pandemiyası şəraitində qlobal həmrəyliyə və baxışa böyük ehtiyac var. Çox təəssüflər olsun ki, pandemiya ilə əlaqədar bu günədək beynəlxalq münasibətlər sistemində BMT, onun əsas qurumları olan Baş Assambleya və Təhlükəsizlik Şurasının rolu görünmədi, dünyanın aparıcı ölkələri qlobal liderlik əvəzinə geosiyasi rəqabət və özünütəcridə kökləndilər. Hətta, BMT Təhlükəsizlik Şurasının xüsusi iclaslarının çağırılması təşəbbüsü fikir ayrılığına görə baş tutmadı. BMT Baş Assambleyası çərçivəsində bir neçə qətnamə layihəsi irəli sürülsə də, onların da əksəriyyəti uğurla nəticələnmədi və yalnız deklarativ mətnlərlə yekunlaşdı. Daha çox özünütəcrid, milli eqoizm xarakteri daşıyan və fraqmentar addımlar atıldı. Amma zaman keçdikcə bütün dünya ölkələri və beynəlxalq təşkilatlar bir daha həmrəyliyin nə qədər vacib olduğunu anladılar. Bu səbəbdən də dekabrın 3-də BMT Baş Assambleyasının koronavirus xəstəliyi – COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyası pandemiya ilə mübarizədə nəticələrin əldə olunmasına ümidlər yaradır”.
Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, Prezident İlham Əliyev xüsusi sessiyada Qoşulmama Hərəkatının sədri kimi çıxışında pandemiyanın təsirindən formalaşmış qlobal problemləri və həll yollarını göstərib: “Azərbaycan Prezidenti COVID-19 pandemiyasının fəsadları ilə bağlı Qoşulmama Hərəkatının narahatlığını ifadə edib. Pandemiyanın bütün ölkələrdə zəiflikləri və bərabərsizliyi aşkara çıxararaq onları daha da kəskinləşdirdiyini, habelə yoxsulluğu dərinləşdirərək ən həssas kateqoriyadan olan insanların vəziyyətini daha da ağırlaşdırdığını, pandemiyanın ən yoxsul və zəif vəziyyətdə olan ölkələrə daha çox zərbə vurduğunu diqqətə çatdırıb. Bütövlükdə, 2020-ci il ərzində dünya ictimaiyyəti müasir tariximizin ən ciddi səhiyyə böhranı ilə üzləşib və bu böhran cəmiyyətlərə, iqtisadiyyata, qlobal ticarət və səyahətə böyük zərər yetirib, insanların yaşayışına sarsıdıcı təsir göstərib. Dövlətimizin başçısı problemləri açıqlamaqla bu qlobal böhrandan çıxmağın yollarını da göstərib və qeyd edib ki, beynəlxalq ictimaiyyət pandemiyadan yalnız birlik və çoxtərəfli əməkdaşlıq əsasında xilas ola bilər”.
Deputat əlavə edib ki, xüsusi sessiya beynəlxalq ictimaiyyətin pandemiyaya qarşı mübarizəyə tam səfərbər olmasına şərait yaradacaq və bu ümumi təhdidə qarşı qlobal cavabın tapılmasına öz müsbət töhfəsini verəcək.