Home Manşet Sədaqət Vəliyeva: İtaliya Azərbaycanın haqlı mövqeyini dəstəkləyən ölkələrdəndir

Sədaqət Vəliyeva: İtaliya Azərbaycanın haqlı mövqeyini dəstəkləyən ölkələrdəndir

356
0
SHARE

“Bu gün İtaliya ilə Azərbaycan arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələr çox sürətlə inkişaf edir. Azərbaycan İtaliya üçün enerji daşıyıcılarının ilk ixracatçısı olduğu kimi, İtaliya da Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Ölkələrimiz arasında ötən il ticarət dövriyyəsi 6 milyard dollara çatıb. Nəzərə alsaq ki, yaxın gələcəkdə TAP layihəsi istismara veriləcək, bu da İtaliya-Azərbaycan əlaqələrini daha da möhkəmləndirəcək”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, bu ilin əvvəlinə olan məlumata əsasən müstəqillik illərində İtaliya Azərbaycan iqtisadiyyatına 770 milyondan çox, Azərbaycan isə İtaliyaya 1,7 milyard ABŞ dolları həcmində investisiya yatırıb: “Ölkələrimiz arasında iqtisadi əlaqələr əsasən neft-qaz və enerji sektorunu əhatə etsə də, son illərdə qeyri-neft sektoru üzrə də ciddi əməkdaşlıq əlaqələri qurulub. Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və s. sektorlarda İtaliyanın 114 şirkəti fəaliyyət göstərir. İtaliya şirkətləri həmçinin ölkəmizin neft-qaz sektorunda dəyəri 9.9 milyard ABŞ dolları olan 277 layihədə, qeyri-neft sektorunda isə dəyəri 708 milyon ABŞ dolları olan 37 layihədə işlərdə podratçı kimi iştirak edirlər. Bu statistika ikitərəfli münasibətlərdə iqtisadi faktorun güclü element kimi çıxış etməsinin göstəricisidir”.

Sədaqət Vəliyeva əlavə edib ki, 44 günlük müharibə və münaqişənin siyasi həll dövründə İtaliya Azərbaycanın haqlı mövqeyini dəstəkləyən ölkələrdən olub: “İtaliyanın Neapol şəhərinin Ottaviano, Liveri, Kampobasso əyalətinin Sepino və San Culiano del Sannio bələdiyyələrinin ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən, Ermənistanın təcavüzünü pisləyən sənədlər qəbul etməsi, bir sıra italiyalı siyasətçilərin, parlamentarilərin Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən bəyanatlar verməsi, eyni zamanda, İtaliya parlamentinin Deputatlar Palatasının və Senatın nümayəndə heyətinin Azərbaycana səfərə gəlməsi, onların Gəncə və Ağdam şəhərlərində erməni barbarlığını, vandalizmini, terrorunun izlərini əyani şəkildə görmələri bir daha ona işarə edir ki, İtaliya Azərbaycana əsl dost ölkədir. Bu mənada, İtaliya şirkətlərinin işğaldan azad olunmuş torpaqlarımızda bərpa işlərində iştiraka cəlb edilməsi təkliflərinin irəli sürülməsi də təsadüfi deyildir”.