Home Cəmiyyət “Tərcümə fəaliyyəti: nəzəri əsaslar, mövcud vəziyyət və problemlər” mövzusunda vebinar keçirilib (FOTO)

“Tərcümə fəaliyyəti: nəzəri əsaslar, mövcud vəziyyət və problemlər” mövzusunda vebinar keçirilib (FOTO)

326
0
SHARE

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Tərcümə fəaliyyəti: nəzəri əsaslar, mövcud vəziyyət və problemlər” mövzusunda vebinar keçirilib.

Vebinar onlayn formada “ZOOM” platforması üzərindən təşkil olunub.

Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov açılış nitqi ilə iştirakçıları salamladıqdan sonra, Zəfər Günü münasibətilə təbriklərini bildirib. Daha sonra dini ədəbiyyatların, mənbələrin əksəriyyətinin ərəb, fars, ingilis və digər dillərdə olduğunu nəzərə çatdıraraq, ölkəmizi beynəlxalq səviyyədə layiqincə təmsil etmək üçün tərcümənin keyfiyyətinin vacib olduğunu vurğulayıb.

Azərbaycan Dillər Universitetinin professoru Qılıncxan Bayramov Azərbaycanda tərcümə işinin Orta əsrlərdən dini ədəbiyyatın tərcüməsi ilə başlandığını qeyd edərək, dini mətnlərin tərcümə problemlərinə toxunub.

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Beynəlxalq əlaqələr və komprativistika şöbəsinin müdiri, filologiya elmləri doktoru Şəfəq Əlibəyli çıxış edərək, farsdilli poeziya nümunələrinin Azərbaycan dilinə tərcümələri zamanı ortaya çıxan problemlərdən bəhs edib.

 

Misir Ərəb Respublikası Ayn Şəms Universitetinin dosenti Əhməd Sami Elaydi söz alaraq, Azərbaycan və ərəb dilləri arasında qarşılıqlı tərcümə sahəsində mövcud vəziyyət barədə danışıb. Qeyd edib ki, Azərbaycan tarixi, mədəniyyəti ərəb dilinə daha çox tərcümə edilməli və yayılmalıdır.

Daha sonra Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Heybət Heybətov çıxış edib. O, Qurani-Kərimin tərcümə tarixi barədə geniş məlumat verərək, Müqəddəs Kitabın tərcüməsində mövcud problemlərdən bəhs edib.

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu Şərq-Qərb şöbəsinin müdiri, Aİİ-nin dosenti, ilahiyyat üzrə fəlsəfə doktoru Məmmədəli Babaşlı tərcümənin mümkün problemlərindən bəhs edərək, tərcümə prosesinin yersiz müdaxilədən uzaq olmasının vacibliyini vurğulayıb. Həmçinin tərcüməçinin tərcümə prosesində müəllifin yaradıcılığına tam bələd olmasının vacibliyini, xüsusilə sənətkarlıqla yanaşılmasını qeyd edib.

Vebinar iştirakçıların müzakirəsi və sualları ilə davam edib.