Home Cəmiyyət Azərbaycan İlahiyyat İnstitutu Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə vebinar keçirilib (FOTO)

Azərbaycan İlahiyyat İnstitutu Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə vebinar keçirilib (FOTO)

225
0
SHARE

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı vebinar keçirilib.

Aİİ-dən Trend-ə bildirilib ki, “Microsoft Teams” proqramı üzərindən təşkil olunan vebinarda Aİİ-nin əməkdaşları və tələbələri iştirak ediblər.

Aİİ rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov iştirakçıları salamladıqdan sonra, mövcud pandemiya dövründə TEC-in işindən bəhs edib, cəmiyyətin fəaliyyətini yüksək qiymətləndirib.

İnstitut rəhbəri daha sonra Azərbaycan dilinin qaydalarına riayət etməklə, dil və nitq qaydalarını yaxşı mənimsəməklə doğma dilimizi qorumağın əhəmiyyətini vurğulayıb.

Aİİ-nin Dillər və ictimai fənlər kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov “Nitq mədəniyyəti vərdişlərinin inkişafı” mövzusunda çıxış edib.

E.Məmmədov bildirib ki, nitqin məzmunu əvvəlcədən müəyyən edilməli, mövzuya bələd olaraq hazırlaşmalı, hansı aspektdən danışılacağı qabaqcadan planlaşdırılmalıdır. Çalışmaq lazımdır ki, nitq aydın, səlis, konkret olsun. Nitq söyləyərkən, xüsusilə intonasiyaya fikir verilməlidir.

Gənclərin nitq mədəniyyətinin inkişafında mütaliənin rolunu yüksək qiymətləndirən E.Məmmədov Azərbaycan dilində olan mətnlərə üstünlük verməyi tövsiyə edib.

Vebinar iştirakçıların müzakirəsi və sualları ilə davam edib.

Məlumat üçün bildirək ki, TEC-in əsas məqsədi alitəhsilli mütəxəssis hazırlanmasının keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş elmi-təşkilati tədbirlərin həyata keçirilməsidir. Həmçinin elmi-texniki potensialın qorunub-saxlanılması və təhsilalanların elmi tədqiqat fəaliyyətinin yeni sosial-iqtisadi şəraitə uyğunlaşdırılmasında İnstitutun işinə kömək etmək TEC-in vəzifələrindən biridir.

Cəmiyyət tələbələr arasında elmi yaradıcılığın müxtəlif formalarının təbliği, tədqiqatların aparılmasına gənclərin marağının artırılması, onlarda elmi metodların öyrənilməsinə motivasiyanın yaradılması, tədris materiallarının dərindən və mükəmməl mənimsənilməsinə köməklik göstərilməsi kimi məsələləri öhdəsinə götürür.