Biz çox çalışdıq ki, hadisələrə hər hansı siyasi rəng qatmayaq. Biz, sadəcə, ölkəmizə nəyin baş verdiyi ilə əlaqədar həqiqəti söyləməyə çalışdıq.
Trend-in məlumatına görə, bunu İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio Di Stefano Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.
İtaliya XİN rəsmisi bildirib:
“Səfərim cəmi 24 saatlıq olsa da, onu tam şəkildə təşkil etdiyinə görə sizin Hökumətə minnətdarlığımı bildirirəm. Dünən mən artıq xarici işlər naziri ilə görüşdüm. Məmnun qaldım və biz bir çox sahələrə aid olan məsələlər ətrafında fikir mübadiləsi apardıq. Bu gün mənim digər nazirlərlə görüşmək imkanım olacaq. Bu, aramızda olan əməkdaşlığın real təzahürüdür. İcazə verin, əvvəlcə Sizə və xalqınıza müharibə qurbanları ilə əlaqədar başsağlığımızı verim. Bu, həqiqətən şiddətli müharibə idi və biz İtaliyada bunu böyük narahatlıqla izlədik. Hətta təsəvvür etmək çətindir ki, bu müharibə İtaliyada nə dərəcədə hiss olunurdu, çünki dünyanın bu bölgəsini istənilən mənada özümüzə çox yaxın hesab edirik.
Biz çox çalışdıq ki, hadisələrə hər hansı siyasi rəng qatmayaq. Biz, sadəcə, ölkəmizə nəyin baş verdiyi ilə əlaqədar həqiqəti söyləməyə çalışdıq. Məmnunam, Siz də siyasi mövqeyimizi müsbət dəyərləndirdiniz və o, BMT-nin qətnamələrinə, bir sözlə, sənədlərdə yazılanlara əsaslanır. Təbii ki, atəşkəsin imzalanması bizim hamımıza rahatlıq gətirdi. Hesab edirik ki, bu, birinci və ən vacib məsələ idi. Çünki bilirsiniz, qurbanların sayının artmaması hər kəs tərəfindən hər zaman müsbət qarşılanır. Hazırda biz üçtərəfli Bəyanatdakı müddəaların icrasına yardım etməkdə öz imkanlarımızı təmin etməyə hazır olduğumuzu bildiririk. Hesab edirik ki, bu, bundan sonra görəcəyimiz bütün işlər üçün yaxşı başlanğıc nöqtədir”.