Home Manşet Qarabağın azadlığına ağlayanlar – radikallar

Qarabağın azadlığına ağlayanlar – radikallar

343
0
SHARE

Azərbaycan cəmi 44 gün davam edən Vətən müharibəsi ilə özünün ərazi bütövlüyünü bərpa etdi. İki ay öncəyə qədər ərazisi de-fakto olaraq təxminən 70 min kv.km olan Azərbaycanın ərazisi bu gün de-fakto olaraq 88 min kv.km-dir. Bu gün Azərbaycanın daha 700-ə yaxın şəhər, kənd və qəsəbəsində Azərbaycan bayrağı dalğalanır.

Bu gün hər birimiz doğma torpaqlarımızın ətrini duyuruq. Nəhayət, bu gün Azərbaycan öz qürurunu, minli mənliyini, kimliyini özünə qaytardı. Baxmayaraq ki, 30 ilə yaxın bir dövr ərzində bu torpaqların geri qaytarılması uğrunda nəfəs çəkilmədən mübarizə aparılıb, ərazi bütövlüyümüzün bərpası uğrunda son həmlənin endirilməsi üçün titanik işlər görülüb, baxmayaraq ki, bir çoxları üçün tunelin sonunda işıq görünmürdü.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində Azərbaycanda təsəvvür edilə bilinməyəcək dərəcədə böyük, tarixi işlər görüldü. Bu günə qədər Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi tədbirlər, bugünki tarixi nəticənin əldə olunması üçün atdığı titanik addımılar bir əsrə bərabər görülmüş işlər qədərindədir. Bizim gördüklərimiz, ictimaiyyət üçün görünən tərəflər yalnız nəhəng aysberqin görünən kiçik bir parçasıdır. Bilmədiklərimiz və hələ də ictimailəşdirilməsi mümkün olmayan daha böyük işlər, riskli addımlar, diplomatik səylər və digər məsələlər yəqin ki, zamanla ictimailəşəcək. Bu məqamlara cənab Prezident İlham Əliyev müharibə dövrü müsahibələrində dəfələrlə toxunmuşdur.

Tarix, fakt, reallıq, günümüzün mənzərəsi isə budur ki, Ali Baş Komandan İlham Əliyevin birbaşa rəhbərliyi ilə Azərbaycanın qızıl hərflərlə ən şanlı tarixi yazıldı. Bu tarizimizin yazılmasında Prezident İlham Əliyevin qeyd etdiyi kimi, yumruq kimi milli birliyimizin mühüm rolu oldu. Bu birlikdə hamımız olduq. Amma bu BİRLİKDƏ yeri və rolu olmayanlar da oldu. Bu milli birlikdə özünü görə bilməyən “milli” şərəfsizlər Qarabağın azadlığının əleyhinə çıxdılar. Bunu açıq demədilər, yəqin ki, deyə bilmədilər. Çünki bu onlar üçün birdəfəlik olaraq “son” demək olardı. Bunu onlardan himayədarları tələb edirdi. O himayədar ki, ATƏT-in Minsk qrupunun həmsədri olmasına baxmayaraq, Azərbaycana qarşı açıq müharibə elan etmişdir. O himayədar ki, onun adı hər kəsə bəlli, bədnam “Soros”dur.

Kimisinin “radikal müxalifət”, kimisinin “beşinci kolon” adlandırdığı, əslində isə bütün dünyada parçalayıcı və dağıdıcı imici olan Soros Fondu və onun ölkəmizdəki uşaqları Vətən müharibəsinin elə ilk günlərindən milli mənafeyimizə qarşı çıxdılar. Azərbaycanın beynəlxalq miqyasda tanınmış hüquqlarının bərpası istiqamətində mübarizəsini ləkələməyə başladılar. Özlərinin “milli şura” adlandırdıqları milli şüursuzların başqanı Cəmil Həsənli, xaç atası Əli Kərimli, onun baş ideoloqu və tribunu Qənimət Zahid, şəhid atasının erməni qatillərinə xidməti özünə şərəf sayan Sevinc Osmanqızı, vaxtilə AMİP-in cırılan şinelinin altından çıxan Əli Əliyev və bu kimi barmaqla sayılacaq ünsürlər Azərbaycana qarşı ikinci cəbhə açdılar. Bunlar kimdir? Onlar Azərbaycandan, Azərbaycan xalqından nə istəyirlər? Onlar bu xalqa nə veriblər ki, bu gün onu geri ala bilmirlər? Onlar Qarabağ probleminin həllini niyə həzm edə bilmirlər. İnsan nə qədər manqurtlaşmalıdır ki, Şuşanın, Ağdamın, Kəlbəcərin bugünki mənzərəsinə baxarkən dərisinin altına isti keçməsin. Necə ola bilər ki, bu “insan” adında olan varlıqlar islam adına nə varsa təhqir olunmuş torpaqlarımızda bu gün azan səsinin ucalmasını qəbul edə bilmirlər?

Soros və onun filiallarının fəaliyyəti dünyanın heç bir ölkəsinə xoşbəxtlik, firəvanlıq, sabitlik və inkişaf bəxş etməyib. Bu fondun və onun yerlərdəki törəmələrinin “nailiyyəti” yalnız həmin ölkənin çox qısa zaman kəsiyində xaos və anarxiyanın girdabına yuvarlanması olub. Bu artıq tarixin qızıl qanununa çevrilib. Gerçəkliklər və nümunələr uzaqda deyil, ətrafımızdadır. Bu reallıqlar uzaq tarix deyil, günümüzün mənzərəsidir. Soros, Ukrayna üçün itirilmiş Donbas və Luqanskdır. Soros, Krımın Kiyevə surprizidir. Soros, insanların bir-birinin ətini yediyi bugünki Yerevandır. Soros, ölkəni içəridən didib-dağıdan, onu inqilablar ocağına çevirmiş Qırğızıstandır. Soros, Türkiyəni içəridən dağıtmağa məqsədlənmiş FETO-dur. Nəhayət, Soros bu gün Qarabağın azadlığına ağlayan, ərazi bütövlüyümüzün bərpasını qara bayraqla qarşılayan milli şuradır. Bu təşkilat və onun xoşməram fəaliyyətinə nümunə göstərilə biləcək heç bir ölkə yoxdur.

Prezident İlham Əliyev başda olmaqla, Azərbaycan xalqı iqtidarlı-müxalifətli bir yumruq olaraq erməni işğalçılarını bu torpaqdan silib atdı. Azərbaycan indi daha rahat nəfəs almağa başlayıb. Tarix diqtə edir. Yolumuzun üzərində hələ də sorosun tör-töküntüləri, çör-çöpləri var. Bu çör-çöplər, soros inkubatorları isə əli kərimlilər, əli əliyevlər, cəmillər, sevinclər, qənimətlərdir. Xalq, dövlət, millət naminə bu yaranın da Azərbaycanın bətnindən kəsilib atılması zamanı deilmi? Zamanıdır. Vətən müharibəsində Azərbaycanın qələbəsinə hər imkanları ilə mane olmağa çalışan, bu gün isə xalqımızın bu şanlı zəfərinə ləkə vurmağa çalışanlar elə tarixin zibil yeşiyinə atılmalıdırlar. Bunu tarix və zaman tələb edir. Bunu xalqımızın və dövlətimizin mənafeyi, müqəddəs amallarımız tələb edir.

Hüseyn Paşayev,

YAP Siyasi Şurasının üzvü,

Əməkdar jurnalist