Home Manşet Tahir Mirkişili: YAŞAT Fondu müharibədən əziyyət çəkən insanların sosial qayğı ilə əhatə...

Tahir Mirkişili: YAŞAT Fondu müharibədən əziyyət çəkən insanların sosial qayğı ilə əhatə olunmasında mühüm əhəmiyyətə malikdir

318
0
SHARE

“YAŞAT” Fondunun yaradılması onun vəsaitlərinin istifadə dairəsinə müvafiq olaraq işlərin mərkəzləşdirilmiş formada daha effektiv və ünvanlı olmasını təmin edəcək.

Bunu Trend-ə açıqlamasında millət vəkili Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, müharibədən əziyyət çəkmiş şəxslərin həm maddi cəhətdən, həm müavinətlərin təyin olunması baxımından, eləcə də, onların ev və avtomobillərlə təmin olunması ilə bağlı dövlətin həyata keçirdiyi sosial siyasət kifayət qədər güclüdür, eyni zamanda, əhatəlidir: “Bütün bunlarla yanaşı, son zamanlar cəmiyyətin bütün üzvlərinin də bu prosesdə aktiv iştirak etmək arzusu müşahidə olunur. Bu təcrübə artıq mövcuddur, həm Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, həm Silahlı Qüvvələrə Yardım Fonduna əhalinin, ayrı-ayrı fiziki şəxslərin, hüquqi şəxslərin ianələrin edilməsində kifayət qədər aktiv iştirak etməsi belə bir təcrübənin də həyata keçirilməsinin səmərəli olduğuna dəlalət edir”.

T. Mirkişili deyib ki, hazırda, cəmiyyətdə Vətən müharibəsində iştirak edən şəxslərə, şəhid və əlil ailələrinə, eyni zamanda, bu prosesdən zərər çəkmiş insanlara dövlətlə yanaşı, digər fiziki şəxslərin, əhalinin də yardım etmək arzusunun olması və bu arzunun kifayət qədər güclü olması bu işlərin mərkəzləşdirilmiş formada həyata keçirilməsini labüd edir: “Təbii ki, bu arzudan sui-istifadə edən insanlar da oldu və onlardan bəziləri həbs edildi. Bu cəhətdən baxsaq, belə bir fondun yaradılması müvafiq işlərin mərkəzləşdirilmiş formada daha şəffaf və effektiv, eyni zamanda ünvanlı olmasını təmin edəcək. Düşünürəm ki, bu fond indidən sonra müharibədən əziyyət çəkən insanların sosial qayğı ilə əhatə olunmasında həm dövlətin, həm də əhalinin eyni istiqamətdə səylərinin koordinasiya edilməsi istiqamətində mühüm işlər görəcək”.