Home Manşet Ulu Öndər Heydər Əliyevin öz xalqı qarşısındakı misilsiz xidmətləri Azərbaycan tarixinin şanlı...

Ulu Öndər Heydər Əliyevin öz xalqı qarşısındakı misilsiz xidmətləri Azərbaycan tarixinin şanlı səhifələrini təşkil edir – Mübariz Qurbanlı

305
0
SHARE

Ulu Öndər Heydər Əliyev o şəxsiyyətlərdəndir ki, o, özü bir tarix, salnamə yaratmış, zamanın axarını nizamlamaq qüdrətinə sahib olmuşdur. Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunun qorunub saxlanması, inkişafı, ölkəmizdə sabitlik və həmrəyliyin təmin olunması bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

Bunu Trend-ə Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük xidmətlər göstərmiş Ümummilli Lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyət və böyük dövlət xadimidir.

M.Qurbanlı vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev tarixi prosesə təsir göstərməyə qadir şəxsiyyət kimi Azərbaycan xalqı və dövlətçiliyi üçün misilsiz işlər görüb:

“Əminliklə söyləmək olar ki, Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. Ulu Öndərin milli və dövlətçilik maraqlarına xidmət edən zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqı bundan sonra da bu böyük məktəbdən, Ümummilli Liderin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq, Azərbaycan Heydər Əliyevin ideyaları əsasında tərəqqi yolunda əmin addımlarla irəliləyərək yeni zirvələr fəth edəcək. Heydər Əliyev irsi gələcək nəsillər üçün də zəngin xəzinədir.

Heydər Əliyevin öz xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri Azərbaycan tarixinin şanlı səhifələrini təşkil etməkdədir. Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyevin həyat amalı, zaman və məkan anlayışına sığmayan siyasi fəaliyyətinin əsas məqsədi azad və müstəqil dövlət qurmaq idi. Ümummilli Liderimiz Azərbaycanı özünə güvənən qüdrətli bir ölkəyə çevirmək istəyirdi. Bu yolda qəti addımlar atır, əməli işlər görür, Azərbaycanın etibarlı, sağlam gələcəyini qururdu. Xalq Onu sevir, parlaq zəkasını qiymətləndirir və öz liderinə, Onun yeritdiyi siyasi kursa inanaraq ardınca gedirdi. Azərbaycanın dövlət müstəqilliyinin bərpası ərəfəsində gedən proseslərdə Heydər Əliyev tarixi şəxsiyyət, lider olaraq Azərbaycan xalqının taleyinə təsir göstərən əhəmiyyətli addımlar atdı. 1993-cü ilin yayında Azərbaycan olduqca mürəkkəb şəraitdə olduğu zaman xalqın təkidlə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasını tələb etməsi heç də təsadüfi deyildi.

Ulu Öndər Heydər Əliyev tarixə müasir müstəqil Azərbaycanın memarı olaraq düşdü. Biz Ümummilli Liderin müstəqillik dövründə, yəni 1993-2003-cü illərdə Azərbaycana rəhbərliyi dönəmində ölkəmizin keçdiyi inkişaf yoluna, qazanılan nailiyyətlərə nəzər saldıqda görürük ki, Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi çox mühüm zirvələr fəth edib, beynəlxalq münasibətlər sistemində söz və nüfuz sahibinə çevrilib. Bütün bunların nəticəsidir ki, müstəqil Azərbaycan 1993-cü ildən bu günə qədər inkişaf yolunda inamla irəliləyir, qazanılan möhtəşəm uğurlar ölkəmizin qüdrətinin daha da artmasını təmin edir”.

M.Qurbanlı qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın özünəməxsus dövlət-din münasibətləri modelinin formalaşdırılmasında, eləcə də milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında xidmətləri əvəzsizdir:

“Daha dəqiq desək, Ulu Öndər Heydər Əliyev milli və dini dəyərlərimizin qorunmasında, İslam dininə ehtiram göstərilməsində, xalqımızın dini əqidəsinin daha da möhkəmləndirilməsində, eləcə də ölkədə vicdan azadlığının bərqərar edilməsində, tolerant və multikultural ənənələrimizin təbliğində və təşviqində əməli fəaliyyəti ilə mühüm rol oynayıb. “Biz azərbaycanlılar öz tariximizlə, milli-mənəvi dəyərlərimizlə fəxr edirik, öz doğma ana dilimizlə fəxr edirik. Bunlar hamısı bizim milli mənəviyyatımız, milli-mənəvi dəyərlərimizdir. Bunlara görə də biz islam dininə, islam mədəniyyətinə mənsub olmağımızla da fəxr edirik”, – deyən Ulu Öndər xalqda milli heysiyyəti gücləndirmək, habelə zəngin irsimizi, mədəniyyətimizi, incəsənətimizi, adət-ənənələrimizi yaşatmaq, ana dilimizi inkişaf etdirmək üçün çox mühüm tədbirlər həyata keçirib.

Azərbaycan tarixən tolerantlıq, dini dözümlülük ənənələri ilə fərqlənsə də, beynəlxalq standartlara cavab verən dövlət-din münasibətləri, tolerantlıq prinsipləri ölkəmizdə məhz Heydər Əliyevin xidmətləri sayəsində bərqərar olub. Ulu Öndərin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan Respublikasında insan hüquqlarının qorunmasına dair qanunvericilik bazası beynəlxalq hüquq normalarına uyğunlaşdırılıb, dövlət-din münasibətlərinin tənzimlənməsi prinsipləri təsbit olunub, dini etiqad azadlığı ilə bağlı normativ hüquqi aktlara riayət edilməsinə nəzarət gücləndirilib, konfessiyalar arasında dözumlülük mühiti yaxşılaşdırılıb, eləcə də dini-tarixi abidələrimizin tikintisi, bərpası və qorunması istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinə başlanılıb.

Bir sözlə, Azərbaycanda dövlət-din münasibətlərinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub”.

Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin layiqli davamçısı olduğunu əməli addımları ilə sübuta yetirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində bu gün Azərbaycan təkcə Şərqdən Qərbə və Qərbdən Şərqə gedən yolların baş keçidi deyil, habelə siyasi-iqtisadi maraqların, dinlərin, mədəniyyətlərin, sivilizasiyaların qovuşduğu məkan, qarşılıqlı tamamlanma və vəhdət rəmzidir:

“Müstəqil dövlətçilik tariximizin ən qürurlu günlərini yaşadığımız bu günlərdə qazandığımız möhtəşəm zəfər möhtərəm Prezidentimizin həyata keçirdiyi uğurlu siyasətin məntiqi nəticəsidir. Dövlət başçımızın qətiyyətli mövqeyi və möhkəm iradəsi sayəsində müzəffər Azərbaycan Ordusu işğal altındakı ərazilərimizi azad edərək, xalqımıza sevinc bəxş etdi, Qarabağın işğaldan azad edilməsinin zəruri əsaslarını yaradan Ulu Öndərin böyük arzusunu da uğurla gerçəkləşdirdi”.