Home Manşet Ulu Öndər Heydər Əliyev iki ziddiyyətli dövrdə Azərbaycana rəhbərlik edib

Ulu Öndər Heydər Əliyev iki ziddiyyətli dövrdə Azərbaycana rəhbərlik edib

377
0
SHARE

Dekabrın 12-si böyük dövlət xadimi, Ümummilli Liderimiz Heydər Əliyevin anım günüdür. Azərbaycan xalqı Ulu Öndərimizin əziz xatirəsini minnətdarlıqla və böyük ehtiramla yad edir. Heç tərəddüdsüz demək olar ki, bu günün müstəqil və qüdrətli Azərbaycanı böyük dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şah əsəridir. Hazırda Azərbaycanın iqtisadi, mədəni, siyasi, sosial həyatının elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyevin imzası olmasın. Azərbaycanın ən yeni tarixinin böyük bir erası məhz Onun adı ilə bağlıdır. Heydər Əliyev erası Azərbaycanda quruculuq, inkişaf, sabitlik, tərəqqi, müstəqillik dövrüdür. Müasir mərhələdə Azərbaycanın inkişafı da məhz Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş iqtisadi, siyasi, mədəni, intellektual əsaslarda baş tutur. Ulu Öndər Heydər Əliyev ideoloji baxımdan iki ziddiyyətli dövrdə – respublikamız Sovet İttifaqının tərkibində olanda və müstəqillik dövründə Azərbaycana rəhbərlik edib, amma hər iki dövrün bir səciyyəvi cəhəti var. Bu da ondan ibarətdir ki, hər iki dövrdə O, Azərbaycan dövlətçiliyinin, xalqının inkişafına, onun mənafeyinə xidmət edib. Bu gün böyük fəxarətlə bəhs etdiyimiz azərbaycançılıq məfkurəsi, multikulturalizm ideyaları, tolerantlıq məsələlərinin hamısı böyük dövlət xadiminin hələ Sovet dövründə Azərbaycanda həyata keçirdiyi siyasətlə bağlı olub. Bu gün Azərbaycan cəmiyyətinin intellektual lokomotivi hesab edilən böyük ziyalı ordusunun yaranmasında Heydər Əliyevin danılmaz rolu olub. Onun Azərbaycan ədəbiyyatının inkişafında, mədəniyyət, ədəbiyyat xadimlərinin SSRİ-nin ideoloji repressiyalarından qorunmasında böyük xidmətləri olub. Bunlarla yanaşı, Ulu Öndər Heydər Əliyevin milliliyə və milli dəyərlərə xüsusi önəm verməsi ölkəmizin həyatında mühüm rol oynayıb. Bu gün biz paytaxtımız Bakı haqqında danışanda onu Azərbaycanın milli şəhəri kimi təqdim edirik. Ümummilli Lider Heydər Əliyevin ən böyük xidmətlərindən biri də ötən əsrin 70-ci illərinə qədər SSRİ-nin kosmopolit şəhəri kimi tanınan bir şəhərin daha sonralar milliləşdirilməsi olub. Müstəqillik dövründə ölkənin vətəndaş müharibəsindən xilas olması, Ermənistanla atəşkəsin əldə edilməsi, güclü ordu quruculuğu, Azərbaycanın bu gün uğurla həyata keçirilən neft strategiyasının, səmərəli xarici siyasətinin əsasları da məhz böyük dövlət xadimi tərəfindən qoyulub. Ən əsası, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması da Heydər Əliyev siyasətinin Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində mümkün olub. Bütövlükdə, əgər biz Azərbaycan tarixində Heydər Əliyev dövrünü xarakterizə etsək, deyə bilərik ki, bu, Azərbaycan xalqının sosial-siyasi tarixində milli neokonservatizm dövrüdür. Yəni bu, həm cəmiyyətin tarixi, milli ənənələrinin qorunması, həm də onun üzərindən yeni dəyərlərin mənimsənilməsi və qəbul edilməsi mərhələsidir ki, bu da müasir Azərbaycanın sosiokulturoloji və etnokulturoloji strukturunun yaranmasında əvəzedilməz rol oynayıb. Bir sözlə, Heydər Əliyev dövrü Azərbaycanın inkişaf, sabitlik, tərəqqi, müstəqillik mərhələsi, dövlət müstəqilliyinin təməllərinin çox ciddi və möhkəm əsaslarda qoyulduğu dövrdür. Azərbaycan xalqı bunu çox yüksək qiymətləndirir. Çünki illər keçdikcə Ümummilli Liderimizin gördüyü işlərin böyüklüyü, möhtəşəmliyi daha aydın görünür, daha yaxşı dərk edilir.