Home Manşet Siyasətdə sağlam münasibətlərin təşviqi ilə bağlı iqtidarın təşəbbüsləri davam edir

Siyasətdə sağlam münasibətlərin təşviqi ilə bağlı iqtidarın təşəbbüsləri davam edir

307
0
SHARE

Azərbaycan ictimaiyyəti xüsusilə son bir il ərzində iqtidarın ölkəmizdə siyasi dialoq mühitinin təşviqi ilə bağlı müxtəlif səpgili layihələrin şahididir. Siyasətdə sağlam münasibətlərin dəstəklənməsi məsələsi ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşması istiqamətində atılan inamlı addımlardır. Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan islahatlar ölkədə yeni siyasi konfiqurasiyanın formalaşması ilə yanaşı, siyasətdə peşəkar və demokratik münasibətlərin bərqərar olunmasını da tələb edir. Hakimiyyətin müxalifət nümayəndələri ilə mütəmadi şəkildə təşkil olunan görüşləri Azərbaycanda siyasi dialoq mühitinin inkişafına yönəlmiş siyasət kimi dəyərləndirilməlidir.

Trend xəbər verir ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin siyasi partiya rəhbərləri və ictimai fəallar ilə görüşləri davam edir. Açıq fikir mübadiləsi şəraitində keçirilmiş növbəti görüşlər Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Fəttayev, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, ReAL Partiyasının sədri İlqar Məmmədov və Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ilə ayrı-ayrılıqda videokonfrans formatında təşkil olunub.

Görüşlər zamanı bir çox məsələlərlə yanaşı, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış böyük qələbə və bu qələbəyə Azərbaycan xalqının verdiyi qiymət, xalq və ordu birliyi, qazilərə dövlət qayğısı və onların reabilitasiyası, Vətən müharibəsi kontekstində Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətləri, işğaldan azad olunmuş ərazilərdə görüləcək işlər və əhalinin məskunlaşması, Azərbaycana qarşı intensiv şəkildə aparılan informasiya təzyiqləri fonunda milli və siyasi həmrəyliyin qorunmasının əhəmiyyəti və bu işdə siyasi partiyaların rolu müzakirə edilib. Həmçinin siyasi partiyalar haqqında yeni qanun layihəsi, Prezidentin dövlət quruculuğu məsələləri ilə bağlı təşəbbüsləri, vətəndaş cəmiyyəti institutlarının inkişafı üçün birgə reallaşdırıla biləcək layihələr, Azərbaycanda multikulturalizm ənənələri, ölkəmizdə yaşayan və yaşayacaq ermənilərə münasibət, eləcə də COVID-19 pandemiyası ilə mübarizədə maarifləndirmə işlərinin əhəmiyyəti və bir sıra digər önəmli mövzular ətrafında müzakirələr aparılıb.

Müasir tariximizin ən parlaq səhifələrindən olan Vətən müharibəsi ətrafında fikir mübadiləsi aparılaraq bildirilib ki, əldə edilən zəfərin əsas səbəbi Azərbaycan xalqının qələbəyə olan inamı idi. Azərbaycan xalqı və Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşərək xalqımızın yüzillik arzusunu gerçəkləşdirdi. Ordumuza cəmi 44 gün kifayət etdi ki, yüzilliklər boyu formalaşdırılmış erməni mifini darmadağın etsin. Döyüşlər nəticəsində ölkəmiz bütün dünyaya öz hərbi gücünü və iqtisadi qüdrətini açıq şəkildə nümayiş etdirdi.

Prezident Administrasiyasının rəsmisi siyasi partiyaların rəhbərləri ilə görüşlərində xalqın ordumuza göstərdiyi dəstəyi xüsusi vurğulayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin xalqa dekabrın 1-də etdiyi müraciətindən sitat gətirib: “Mən müharibənin ilk günündən bu günə qədər – sentyabrın 27-dən dekabrın 1-nə qədər Azərbaycan xalqına dəfələrlə müraciətlər etmişəm, qələbə sevincini bölüşmüşəm, azad edilmiş şəhərlərimizin müjdəsini vermişəm. Özümü çox xoşbəxt adam hesab edirəm. Çünki bu Qələbə bizim ruhumuzu, əyilməz ruhumuzu göstərdi”. Cənab Prezidentin bu sözləri ölkədə yaşanan milli birlikdən xəbər verir. Əldə olunan Qələbə isə həmin birliyi əbədi edəcək.

Aparılmış söhbətlər zamanı milli və siyasi birliyin əhəmiyyətini vurğulayan Ə.Vəliyev bildirib ki, Azərbaycanın hər bir vətəndaşı mövcud həmrəyliyin qorunmasına öz töhfəsini verməlidir. Bu mənada müharibədən sonrakı dövrdə ölkəmizə qarşı mümkün informasiya təzyiqləri ilə mübarizədə qalib gəlmək üçün Azərbaycanda fəaliyyət göstərən bütün siyasi partiyalar həmrəylik nümayiş etdirərək öz potensialını səfərbər etməlidir.

Ölkənin siyasi fəalları ilə təşkil olunan görüşlər çərçivəsində son bir il ərzində görülmüş işlər haqqında məlumat verən Ə.Vəliyev qeyd edib ki, siyasi partiyalarla əməkdaşlıq fəaliyyətin əsas istiqamətlərindəndir. Məhz bu əməkdaşlığın genişlənməsi və şaxələnməsi nəticəsində siyasi proseslərin iştirakçıları arasında etibarlı münasibətlərin qurulması mümkün olub.

Müzakirələr zamanı İqbal Ağazadə, Mirmahmud Fəttayev, Sərdar Cəlaloğlu, İlqar Məmmədov və Hafiz Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlətimizin inkişafı və beynəlxalq nüfuzunun artmasına yönəlmiş siyasətinə daim dəstək göstərəcəklərini və konstruktiv əməkdaşlığa hazır olduqlarını bildiriblər.

Görüşlərdə iştirak edən siyasi partiyaların rəhbərləri “Zəfər Günü”, “Anım Günü”, həmçinin Vətən müharibəsində Qələbə ilə bağlı müvafiq orden və medalların təsis olunması, habelə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması barədə Prezidentin qərarlarını yüksək qiymətləndirib və bu ali təşəbbüslərin bilavasitə milli birliyə xidmət etdiyini vurğulayıblar.

Görüşə görə təşəkkürlərini bildirən partiya rəhbərləri dövlətçiliyimizin, iqtidar-müxalifət arasında dialoqun və demokratik ənənələrin inkişafına xidmət edən bütün təşəbbüslərə hər zaman dəstək olacaqlarını söyləyiblər.