Home Manşet Sədaqət Vəliyeva: Azərbaycan dövləti bu dəfə də öz vətəndaşını darda qoymadı və...

Sədaqət Vəliyeva: Azərbaycan dövləti bu dəfə də öz vətəndaşını darda qoymadı və problemlərinin ağırlıqlarını öz çiyinlərinə götürdü

288
0
SHARE

“Ötən 17 il ərzində Prezident İlham Əliyev atdığı bütün addımları ilə hər bir azərbaycanlının Prezidenti olduğunu isbatlayır. Bədbəxt hadisələr, müharibə zamanı çətin vəziyyətə düşmüş vətəndaşların yanında olan, onlara kömək edən, problemlərini həll edən Prezident İlham Əliyev hər addımı ilə vətəndaşın yanında olduğunu sübut edir”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, ölkə başçısı daim vətəndaşlarla ünsiyyətdədir, cənubdan şimala, qərbdən şərqə bütün rayonlarımızda dəfələrlə səfərdə olur, insanların güzəranı ilə maraqlanır, problemlərinin həlli ilə bağlı yerində tapşırıqlar verir. Elə Lənkəranda bina çökəndə, Aranda Kür daşanda, Zaqatalada, Şamaxıda, Ağsuda zəlzələ olanda xalq öz Prezidentini onunla çiyin-çiyinə dayanmış gördü, əlini kürəyində hiss etdi: “Biz eyni münasibəti 2016-cı ilin aprel döyüşlərində, Ermənistanın Tovuz təxribatında, 44 günlük müharibə dövründə erməni terroru ilə əlaqədar proseslərdə də gördük. Prezident İlham Əliyev erməni terroru, xain hücumları baş verən gündən bütün məsələləri nəzarətinə götürdü, dövlət dəstəyinin təmin edilməsi üçün müvafiq komissiyalar yaratdı. Formalaşdırılmış 11 işçi qrupu erməni vandalizmi nəticəsində mülki əhaliyə, dövlət əmlakına dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı müvafiq addımlar atdı. İlkin qiymətləndirmələr başa çatdıqdan dərhal sonra Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə problemin aradan qaldırılması üçün tədbirlər görüldü. Beləliklə də, təcavüz nəticəsində dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat və digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 manat məbləğində maddi yardımın ayrılması qərara alındı. Bütün bunlar bir daha göstərdi ki, dövlət hər zaman vətəndaşın yanındadır. Azərbaycan dövləti bu dəfə də öz vətəndaşını darda qoymadı və problemlərinin ağırlıqlarını öz çiyinlərinə götürdü”.

“Atılan addımlar isbatlayır ki, Prezident İlham Əliyevin siyasətinin mərkəzində vətəndaşların mənafeyi dayanır” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, zərər çəkmiş vətəndaşlarımıza dövlət dəstəyinin verilməsi həm də həyata keçirilən sosial siyasətin tərkib hissəsidir.