Azərbaycanın 44 günlük müharibədə qazandığı böyük qələbə illərlə aparılan düşünülmüş siyasətin, həm daxili, həm beynəlxalq müstəvidə reallaşdırılan çoxşaxəli fəaliyyətin uğurlu nəticəsi idi.
Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
Deputat bildirib ki, Azərbaycan torpaqları işğal altında olduğu 30 ilə yaxın müddət ərzində öz ərazi bütövlüyünü bərpa etmək istiqamətində gərəkli olan bütün addımları atdı:
“Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasət cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizin bütün istiqamətlər üzrə inkişafı yönündə genişmiqyaslı işlər həyata keçirildi. Bununla yanaşı, cənab Prezident İlham Əliyev Azərbaycanın haqlı mövqeyinin geniş dünya ictimaiyyətinə çatdırılması, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi üçün zəruri beynəlxalq qanunvericilik bazasının genişləndirilməsi istiqamətinə ciddi fəaliyyət həyata keçirirdi.
Azərbaycan daim sülh danışıqlarına sadiq qaldığını bəyan edərək Dağıq Qarabağ münaqişəsinin dinc yolla həllinin tərəfdarı olduğunu beynəlxalq aləmin diqqətinə çatdırırdı və danışıqlar prosesində konstruktiv mövqe nümayiş etdirirdi. Lakin ölkəmiz münaqişənin sülh yolu ilə həll edilməyəcəyi halda beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü BMT Nizamnaməsinə və qətnamələrinə əsasən müharibə yolu ilə azad etmək hüququnu özündə saxladığını bəyan edərək işğalçı Ermənistana təzyiq göstərilməsinin, erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasının vacibliyini də bəyan edirdi.
Eyni zamanda, cənab Prezident İlham Əliyev daim ən yüksək tribunalardan Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinin diqqətinə çatdırır, Ermənistanın işğalçılıq siyasətini ifşa edirdi. Bundan əlavə, ölkəmiz qlobal forumlar, o cümlədən mədəniyyətlərarası, dinlərarası dialoq forumları və digər mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməklə dünya birliyinin böyük etimadını qazanır, haqlı mövqeyimizi daha geniş dünya ictimaiyyətinin diqqətinə çatdırırdı”.
S.Hüseynova qeyd edib ki, beynəlxalq fəaliyyətlə yanaşı, ölkə daxilində də düşünülmüş və uzaq hədəflərə hesablanmış siyasət həyata keçirilirdi:
“Bu illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda genişmiqyaslı siyasi, iqtisadi, struktur və kadr islahatları həyata keçirilib, ölkə iqtisadiyyatında dayanıqlı inkişafa nail olunub, Azərbaycan iqtisadiyyatı dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatına çevrilib, ölkədə biznes mühiti, sahibkarlıq inkişaf edib, işsizliyin və yoxsulluğun səviyyəsi minimum həddə enib, əhalinin sosial rifahı xeyli yaxşılaşıb, ölkədə möhkəm xalq-iqtidar birliyi yaranıb.
Həmçinin, bu illər ərzində Azərbaycan ordu quruculuğuna xüsusi diqqət yetirib, ordumuz ən yüksək texnologiyalara əsaslanan silah-sursatla təmin edilib, orduda yüksək peşəkarlığa, yüksək nizam-intizama, mobilliyə, yüksək mənəvi-psixoloji duruma nail olunub. Bununla yanaşı, Azərbaycanın müdafiə sənayesi xeyli inkişaf etdirilib, ordumuz üçün lazım olan silah-sursatın böyük qismi daxili istehsal hesabına təmin edilib ki, bu da müharibə şəraitində olan bir ölkə üçün olduca vacib əhəmiyyət kəsb edir.
Eyni zamanda, hazırda Azərbaycan məhdud sayda olan Beynəlxalq Kosmik Ölkələr Klubunun üzvüdür. Kosmosda olan peyklərimiz qloballaşan dünyada ölkəmizin informasiya təhlükəsizliyini təmin edir.
Görülən bütün bu işlər 44 günlük müharibəni uğurla başa çatdırmağımızı mümkün etdi, 30 ilə yaxın müddət ərzində işğal altında qalan torpaqlarımız azad edildi, ərazi bütövlüyümüz təmin edildi. Yəni 44 günlük müharibənin arxasında uzun illərin gərgin əməyi dayanırdı”.