Home Manşet Vüqar Rəhimzadə: “Human Rights Watch”un hesabatı Ermənistanın insanlığa zidd əməllərinin beynəlxalq səviyyədə...

Vüqar Rəhimzadə: “Human Rights Watch”un hesabatı Ermənistanın insanlığa zidd əməllərinin beynəlxalq səviyyədə etiraf edilməsidir

307
0
SHARE

“Azərbaycanın möhtəşəm Qələbəsi ilə başa çatan 44 günlük İkinci Qarabağ müharibəsi dünyanın əksər aparıcı dövlətlərinə, eyni zamanda, nüfuzlu beynəlxalq təşkilatlara sözün əsl mənasında tarix, hüquq dərsi keçilməsi ilə yanaşı, həqiqət anı oldu. Diqqət çəkən məqamlardan biri də  budur ki, Vətən müharibəsi dövründə Azərbaycana qarşı əsassız iddialarla çıxış edən, feyk məlumatların yayılmasında maraqlı olan bir sıra beynəlxalq hüquq müdafiə təşkilatları bu gün, Azərbaycanın hərbi və siyasi Qələbəsindən sonra mövqelərində əsaslı dəyişikliklər edərək həqiqətləri etiraf edir, hazırladıqları hesabatlarda Ermənistanın müharibənin gedişində qadağan edilmiş  ballistik raketlərdən və klastr bombalarından istifadə etdiyini təsdiqləməyə məcbur olurlar. Həmin qurumların beynəlxalq hüquqla qadağan olunmuş silahlardan istifadə edən Ermənistanı əvvəllər müdafiə edib bu gün isə həqiqəti etiraf etmək məcburiyyətində qalmaları bir daha Azərbaycanın bütün platformalarda, o cümlədən işğalçı dövlətlə döyüş meydanında ədalətli, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun mübarizə aparmasının etirafıdır. “Amnisty İnternasional” və “Human Rights Watch” beynəlxalq hüquq müdafiə təşkilatları İkinci Qarabağ müharibəsində guya Azərbaycanın da dörd hücumda klastr sursatlarına əl atdığını sənədləşdirdiklərini bildirirdilər. Bu beynəlxalq hüquq müdafiə təşkilatları istifadəsi qadağan olunmuş hərbi sursatlar vasitəsilə raket zərbələrinin üçünün Xankəndiyə, birinin isə Hadruta endirildiyini iddia edirdilər.”

  Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki,  44 günlük müharibə dövründə   Almaniyanın ARD televiziya kanalına müsahibəsində dövlətimizin başçısı İlham Əliyev jurnalistin “Human Rights Watch” beynəlxalq hüquq müdafiə  təşkilatında guya Azərbaycanın kasetli raketlərdən istifadə etməsi ilə bağlı dəlillərin olması ilə bağlı qərəzli sualına cavabında “Mən istərdim ki, onlar buraya gəlsinlər və o dəlilləri təqdim etsinlər. Eyni zamanda, Gəncəyə, Tərtərə, Bərdəyə getsinlər və ermənilərin hansı növ silahlardan istifadə etdiklərini görsünlər. Qərəzsiz olsunlar” cavabını verərək bu təşkilatın Azərbaycana qarşı aqressiv olduğunu, Ermənistanda insan haqlarının pozulması ilə bağlı heç bir şərh vermədiyini əsaslı şəkildə diqqətə çatdırmışdı.

Baş redaktor onu da əlavə edib ki, təşkilatın araşdırmaçılarının noyabr ayında Azərbaycana səfərləri zamanı əyani surətdə gördükləri həqiqətlər  onların mövqelərində dəyişikliyin olması  ilə nəticələnib. Məhz aparılan araşdırmalar zamanı üç rayona klastr bombaları ilə dörd hücumun gerçəkləşdirildiyi sənədləşdirilib. Bu hücumlarda ikisi uşaq olmaqla azı yeddi mülki şəxs öldürülüb, yenə də ikisi uşaq olmaqla 20 nəfər yaralanıb: “Human Rights Watch” beynəlxalq  hüquq müdafiə  təşkilatı dekabrın 15-də “Ermənistan Azərbaycana qarşı klastr bombalarından istifadə edib” adlı hesabatında bildirir ki, klastr sursatlarından istifadə müharibə qanunlarının pozulması deməkdir. Standart beynəlxalq nəşrlərə istinad əsasında o da vurğulanır ki, Ermənistanın arsenalında “Toçka” və “İsgəndər” ballistik raketləri, “Smerç” və Çin istehsalı olan WM-80 yaylım atəşi sistemləri var. Ermənistan ordusu və Dağlıq Qarabağdakı erməni hərbi qüvvələri altı həftəlik müharibə dövründə Azərbaycanda sıx yaşayış məntəqələrinə dəfələrlə klastr bombaları atıblar.”

“Təşkilatın Avropa və Orta Asiya üzrə direktoru Hyu Uilyamson hesabatda  klastr sursatlarının beynəlxalq sazişlə qadağan olunduğunu bildirib” söyləyən V.Rəhimzadə qeyd edib ki, Ermənistan bu silahlardan istifadəyə görə də beynəlxalq hüquq qarşısında cavab verməlidir: “Klastr sursatları qadağan olunduğundan onlardan heç bir şəraitdə istifadə edilməməli, yaxud başqasına verilməməlidir. Bu kimi faktların bir qayda olaraq Azərbaycana qarşı ədalətsiz və qeyri-obyektiv mövqeyi ilə seçilən “Human Rights Watch” beynəlxalq hüquq müdafiə təşkilatının  hesabatında  öz əksini tapması bir daha belə bir  həqiqətin təsdiqidir ki, “haqq nazilər, amma üzülməz.”

Baş redaktor bu ümumiləşdirməni aparıb ki, artıq bəzi beynəlxalq hüquq müdafiə  təşkilatları da  ölkəmizə qarşı qərəzli mövqelərinə son qoyaraq  Ermənistanın faşist siyasətini, beynəlxalq hüquqa zidd cinayətlərini pisləməyə məcbur olurlar. Təbii ki, bu uğurumuz Azərbaycanın hərb meydanında olduğu kimi, beynəlxalq siyasi arenada da qətiyyətli mövqeyinə, ədalətə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan siyasət həyata keçirməsinə söykənir. Artıq 30 ilə yaxın dövrdə işğal altında qalan torpaqlarımızda ədaləti bərpa edən Azərbaycan  nəinki regional, hətta qlobal dünya siyasətində də yeni reallıqlar yaradaraq illərdir yaşanan hüquq problemini aradan qaldırır.