Home Manşet Co Baydenin ABŞ prezidenti seçilməsi dünyaya nə vəd edir? – TƏHLİL

Co Baydenin ABŞ prezidenti seçilməsi dünyaya nə vəd edir? – TƏHLİL

861
0
SHARE

Co Baydenin ABŞ-ın yeni prezidenti seçilməsini dünyada hər şeyin yenidən başlayacağı kimi qiymətləndirirlər. Ancaq nəzərə almaq lazımdır ki, hazırda dünyada baş verənlər yaranmaqda olan yeni dünya nizamı ilə daha çox əlaqədardır və bu, beynəlxalq münasibətlərin çoxsaylı iştirakçılarının davranışları ilə bağlıdır.

Bunu Trend-ə Milli Məcisin deputatı Hikmət Babaoğlu deyib.

Deputatın sözlərinə görə, ona görə də rasional baxsaq, görəcəyik ki, ABŞ da böyük supergüclərdən biri kimi bu prosesin içtirakçılarından birdir:

“Ancaq şübhəsiz ki, daha çox təsir imkanlarına sahib olan iştirakçılardandır. Çünki hazırda 2001-ci ildən 2011-ci ilə qədər davam edən monopolyar dünya nizamı artıq ciddi şəkildə dəyişib. ABŞ 2001-ci il 11 sentybar hadisələrindən sonra antiterror koalisiyası adı altında monopolyar yəni təkqütblü bir dünya nizamı yaratmağa çalışdı və 2011-ci ildən sonra Yaxın Şərqdə baş verənlər göstərdi ki, bu o qədər də asan məsələ deyil.

Əslində, elə Co Bayden də bütün bu proseslərin bu və ya digər səviyyədə iştirakçısı olmaqla ABŞ-ın yaratdığı köhnə siyasi mirasdan gəlir. Yəni Bayden dövrü yeni köhnə, yaxud yenilənmiş köhnə olacaq. Hazırda onun siyasi komandasının daxili aktorlarının kimlərdən ibarət olması da bunu təsdiq edir. Azərbaycan və Türkiyə məsələsinə gəldikdə isə bu iki müttəfiq dövlətin gücü və beynəlxalq münasibətlərdə oynadığı rol artıq əvvəlki vaxtlardan kordinal şəkildə fərqlənir və bu yeni reallığı hamı nəzərə almalı olacaq. ABŞ-ın yeni prezidentinin Qarabağ və erməni məsləsilə bağlı mövqeyi hələ onun senator olduğu dövrlərdən çox aydındır və mən bu məsələyə toxunmaq istəmirəm. Çünki artıq Qrabağ problemi yoxdur. Ancaq erməni problemi var və bu, görünür, hələ davam edcək.

Bu da onunla əlaqədardır ki, ermənilər, əslində isə haylar Qafqaza gəlmə olduqları üçün özlərini yerli etnolandşaftın bir parçası kimi hiss edə bilmirlər. Ona görə də daima problemlər yaradır, sonra da kənar qüvvələri bura dəvət etməklə onu həll etməyə çalışırlar. Məhz bu səbədən regional əməkdaşlıq və inteqrasiya son 200 ildə həmişə natamam qalır. 2009-cu ildə ABŞ-ın və Aİ-nin təşəbbüsü və təşviqi ilə Sürixdə imzalanan protokolların bir nəticə verməməsi də bununla əlaqədardır. 2008-2009-cu illərdə hətta futbol diplomatiyası kimi xatırladığımız bir diplomatik fəndə də əl atdılar. O zamanki Ermənistan və Türkiyə prezidentləri Abdullah Gül və Serj Sarkisyan qarşılıqlı olaraq hər iki ölkədə futbol matçı izlədilər, ancaq bunun da bir xeyri olmadı”.

H.Babaoğlu qeyd edib ki, indi hər nə qədər regionumuzda tərəfdaşlıq üçün yeni imkanların yarandığını desək də Ermənistanın aqressiv davranışları ucbatından bunun baş tutması mümkün olmaya da bilər:

“Çünki Ermənistan ilk növbədə tərəfdaş olacagı ölkələrə qarşı süni iddialardan əl çəkməli, birgəyaşayış və əməkdaşlığa hazır olduğunu nümayiş etdirməlidir. Yəni ilk növbədə bundan sonrakı mərhələdə Azərbaycanda yaşayan erməni icmasına hər hansı statusun verilməsi fikrindən birdəfəlik və həmişəlik əl çəkməlidir. Halbuki, ATƏT-in Minsk Qrupunun həmsədrlərilə görüşdə Ermənistanın baş naziri bu məsələni yenidən qaldırdı. Baxmayaraq ki, o, üçtərəfli bəyanatda öz imzasıyla təsdiq etmişdi ki, heç bir statusdan söhbət gedə bilməz. İkincisi, 30 il ərzində işğal altında saxladığı torpaqlara və vurduğu ziyana görə təzminat ödəməlidir. Azərbaycana qarşı hərbi cinayət törətmiş cinayətkar ünsürlərin cəzalandırılması istiqamətində bizimlə əməkdaşlıq öhdəliyi götürməlidir. Xocalı soyqırımının soyqırımı olduğunu qəbul etməli və buna görə rəsmi üzr istəməlidir. Eyni zamanda, imzalanacaq mümkün sülh sənədində Azərbaycana qarşı heç vaxt ərazi iddiasında olmayacağını təsdiq etməlidir.

Başqa bir məslə isə qardaş Türkiyə ilə bağlıdır. Ermənistan 1921-ci ildə imzalanmış Kars müqaviləsini tanımalı, 1915-ci il hadisələrilə bağlı yalançı soyqırımı iddiasından əl çəkməli, kostitusiyasından Türkiyə ərazisinə qarşı iddiaları götürməli, gerbindən qardaş Türkiynin suveren sərhədləri içərisində yer alan Ağrı Dağının rəsmini çıxarmalıdır. Bunlar yalnız normal əməkdaşlığı təmin edəcək şərtlərin bir hissəsidir. Ermənistan adı ərmən-qıpçaq türklərinin tarixən yaşadığı və bizim əcdadlarımız olan türk etnik qrupların aborigeni olduğu və öz adını verdiyi etnocoğrafiyanın adıdır. Bütün tarixi mənbələrdə bu ərazi Ərməniyyə kimi qeyd edilir və hamı elə bilir ki, söhbət indiki ermənilərdən gedir. Bu isə tarixi yaddaşda dolaşıqlıq və ziddiyət yaradır.

Üstəlik, ərmən–qıpçaqların yəni qafqaz albanlarının bir qismi xristian türklər olduğu üçün bu cür davranış bizim milli-tarixi mirasımıza da ermənilərin sahib çıxmasına səbəbiyyət verir. Bütün bu dolaşıqlıqlar vaxtilə haylar Qafqaza köçürülən zaman Çar Rusiyası tərəfindən xüsusi hesablanaraq planlaşdırılmışdı. Ona görə də 200 ildir biz əcdadımızın yaratdığı xristian mirasımıza sahib çıxa bilmirik. Halbuki, həmin dövrün ibadət dili türkcədir. Məhz bu səbədən də ermənilərə ötən əsrin 20-ci illərində dövlət qurularkən onun adı gah Ararat, gah digər başqa adla adlandırıldı. Sonradan onlara xatırladıldı ki, siz türk-ərmən coğrafiyasında məskunlaşdırılıbsınız və sizin dövlətin adı Ərməniyyə, yəni Armeniya olmalıdır ki, bu torpaqların qədim sakinləri olduğunuzu sübut etmək mümkün olsun. Ona görə də hazrda bütün dünya bu qondarma ölkəyə Armeniya, yəni Ərməniyyə, biz isə həmin məzmunu ifadə edən Ermənistan deyirik.

Ancaq ermənilər öz ölkələrinə öz dillərində Hayastan deyirlər və bu, çox doğrudur. Çünki erməni adı onlara aid olmadığı üçün onu mənimsəyə bilmirlər. Elə dillərinə də hay dili deyirlər. Haylarla bağlı isə son 200 ilədək Qafqazda heç bir izə rastlanmır. Ona görə də ermənilər bizim tarixi torpaqlarımızda qurulub onlara verilən dövlətin adını dəyişib Hayastan qoymalıdırlar ki, bu tarixi-siyasi və mənəvi ziddiyyət aradan qalxsın. Bax ona görə də məsələ bir xeyli mürəkkəbdir və biz heç yerə tələsmirik. Tarixi zəfər əldə etmişik, ərazi bütövlüyümüz bərpa olunub və haylar nə vaxt mövcud reallığı düzgün qiymətləndirib rasional düşünməyi bacaracaqlarsa, yalnız o vaxt hərtərəfli əməkdaşlıq mümkün olacaq”.