Home Manşet Sədaqət Vəliyeva: İnsanların sosial müdafiəsinin gücləndirilməsi dövlətin prioritetlərindəndir

Sədaqət Vəliyeva: İnsanların sosial müdafiəsinin gücləndirilməsi dövlətin prioritetlərindəndir

362
0
SHARE

“Bəlli olduğu kimi, büdcə zərfinə daxil edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinin ləğv edilməsi və bundan irəli gələrək digər qanunlarda dəyişikliklər edilməsi təklif olunmaqdadır. Bütün cəmiyyətimizi də maraqlandıran sosial müdafiə məsələlərini özündə əks etdirən bu təkliflərdə bir çox vətəndaşımızın gözləntiləri öz əksini tapır və bununla da bir daha isbatlanır ki, insanların sosial müdafiəsinin gücləndirilməsi dövlətimizin prioritetlərindəndir”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, “Əmək pensiyaları haqqında” Qanununun 19-cu maddəsinin ləğv edilməsinə səbəb odur ki, həmin maddədə nəzərdə tutulan əmək pensiyasının sığorta hissəsinə əlavələr pensiya təminatı sistemində sosial sığorta prinsiplərini zəiflədir və həmin əlavələrin maliyyələşdirilməsi prosesi həddən artıq mürəkkəbdir: “Bu məqsədlə də həmin maddədə əks olunmuş pensiya əlavələrinin ləğv edilərək mövcud Prezident təqaüdləri ilə birləşdirilməsi, ikisinin əvəzinə müvafiq olaraq yeni Prezident təqaüdlərinin təsis edilməsi təklif olunur. Eyni zamanda, pensiya əlavələrinin ləğv edilərək, Prezident təqaüdlərinin artırılması həmin pensiya və Prezident təqaüdləri alan şəxslərin sosial rifahının yaxşılaşdırılmasına təsir edəcək, eyni zamanda bu növ sosial təyinatların elektron icrasını sürətləndirəcək”.

Sədaqət Vəliyeva əlavə edib ki, “Sosial müavinətlər haqqında” Qanuna dəyişikliklərin edilməsi ilə də bir sıra təkliflər irəli sürülür: “Ötən ildən qanunvericilik islahatları çərçivəsində başlanmış sosial müavinətlərin məbləğlərinin optimallaşdırılması və növlərinin unifikasiya edilməsinin davamı olaraq şəhid ailəsi üzvlərinə, şəhid uşaqlarına, müharibə, 1990-cı il 20 Yanvar və Çernobıl AES əlillərinin uşaqlarına ödənilən sosial müavinətlər ləğv edilərək, müvafiq kateqoriya üzrə Prezident təqaüdlərinin məbləğinin artırılması təklif olunur. Məsələn, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin 1500 manatdan 1800 manatadək artırılması təklif olunur. Həmçinin, şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin 300 manatdan 500 manatadək artırılması təklif olunur. Eləcə də, müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin I dərəcə əlilliyi olan şəxslərə 250 manatdan 400 manatadək, II dərəcə əlilliyi olan şəxslərə 230 manatdan 350 manatadək, III dərəcə əlilliyi olan şəxslərə 210 manatdan 300 manatadək artırılması təklif olunur. Ümumi səbəblərdən I dərəcə əlilliyi olan şəxslərə isə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin 100 manatdan 130 manatadək artırılması təklif olunur. Böyük Vətən Müharibəsi iştirakçılarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin də 150 manatdan 300 manatadək artırılması təklif olunur”.

Sədaqət Vəliyeva əlavə edib ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu layihəsi ilə I dərəcə gözdən əlilliyi olan şəxslərə yeni növ Prezident təqaüdünün təsis edilməsi, ümumi səbəblərdən I dərəcə gözdən əlilliyi olan şəxslərə 110 manat məbləğində pensiya əlavəsinin və 100 manat məbləğində Prezident təqaüdünün ləğv edilərək, həmin şəxslər üçün 210 manat məbləğində yeni növ Prezident təqaüdünün təsis edilməsi təklif olunur: “Eyni zamanda, əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi, bu şəxslər üzrə 120 və 200 manat məbləğində pensiya əlavəsini ləğv edərək, onun əsasında eyni məbləğlərdə yeni növ Prezident təqaüdünün təsis edilməsi təklif olunur”.

Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, Azərbaycanın Milli Qəhrəmanlarının ailə üzvlərinə 110 manat, şəhidlərin ailə üzvlərinə 93,5 manat, öhdəsində əmək qabiliyyəti olmayan ailə üzvləri olan işləməyən I və II qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə, həmçinin öhdəsində ailə başçısını itirməyə görə pensiya ilə təmin edilməli şəxslərə aid edilən əmək qabiliyyətsiz ailə üzvləri olan işləməyən hərbi qulluqçular sırasından olan əmək pensiyaçılarına ailənin əmək qabiliyyəti olmayan hər üzvünə,  siyasi repressiyaya məruz qalaraq sonradan bəraət qazanmış şəxslərə,  Böyük Vətən müharibəsi iştirakçıları və bununla əlaqədar əlilliyi olan şəxslərə pensiya əlavəsinin ödənişinin davam etdirilməsi təklif olunur.