Home Manşet Xalqın rifahının yüksəldilməsi başlıca şərtdir

Xalqın rifahının yüksəldilməsi başlıca şərtdir

380
0
SHARE

Daim öz xalqının yanında olmaq, onun çətinliklərinə, problemlərinə həssaslıqla yanaşıb onların operativ həlli istiqamətində əsaslı tədbirlər görmək dövlətimizin başçısı İlham Əliyevin fəaliyyətinin əsas istiqamətidir.  Müstəqil Azərbaycan dövləti əhalinin həssas təbəqəsindən olan hər bir sakinə, o cümlədən məcburi köçkünlərə, şəhid ailələrinə, fiziki sağlamlığını itirən, sağlamlıq imkanları məhdud şəxslərin ailələrinə daim xüsusi diqqət ayırır. Hər keçən gün qanunlara edilən mütərəqqi dəyişikliklərlə həssas təbəqədən olan hər bir vətəndaşın rifah halı yaxşılaşdırılır. Bir sözlə, ölkəmizdə səmərəli dövlət idarəetməsinin qurulması istiqamətində həyata keçirilən işlərin və dövlət siyasətinin mərkəzində vətəndaş durur, onun məmnunluğu inkişafın və şəffaflığın əsas göstəricisi hesab edilir. Bu da ölkə başçısı tərəfindən son illərdə imzalanan Azərbaycan vətəndaşlarının, xüsusən şəhid ailələrinin, qazilərin, düşmən təcavüzü nəticəsində xəsarət alan və evləri dağıntılara məruz qalan, həmçinin digər kateqoriyadan olan insanların sosial müdafiəsinin daha da artırılmasına yönəldilən Fərman və Sərəncamlarda öz əksini tapır.

Azərbaycanda şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində hər zaman yüksək diqqət və qayğı mövcud olmuşdur. Bununla yanaşı ölkə vətəndaşları da bu kateqoriyadan olan insanlara hər zaman həssaslıqla yanaşırlar. Bu yanaşma özünü daha qabarıq formada İkinci Qarabağ savaşında büruzə verdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal olunmuş ərazilərimizi cəmi 44 gün ərzində erməni faşizminin işğalından azad etdi, daim qürur doğuran şanlı qəhrəmanlıq tarixi yazdı. Bu möhtəşəm Zəfərimizlə qüdrətli Orduya malik güclü dövlət olduğumuzu, sarsılmaz birliyimizi dünyaya göstərdik.  Xalqımız bu günlərdə böyük birlik və həmrəylik nümayiş etdirərək düşmən üzərində möhtəşəm qələbəsini təmin etdi. Hazırda isə qarşıda yeni mühüm vəzifələr durur. Bu vacib vəzifələrdən biri şəhid və qazi ailələrinə yüksək dəstəyi təmin etmək, onları daimi diqqət və qayğı ilə əhatə etməkdən ibarətdir. Artıq bu istiqamətdə ciddi işlərə başlanılıb, ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Bu baxımdan Prezident İlham Əliyevin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradılması haqqında Fərman imzalaması xüsusi önəm daşıyır. Fərman bu sahədə vətəndaş cəmiyyətinin iştirakının və şəffaflığın təmin olunması baxımından xüsusilə əhəmiyyətlidir. Fərmanda da qeyd olunduğu kimi, Fondun yaradılmasında əsas məqsəd bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılmasıdır. Bu Fərman, eyni zamanda, dövlətin, şəxsən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu kateqoriyadan olan insanları hər zaman diqqətdə saxladıqlarının göstəricisidir.

Əhalinin sosial rifah halının yaxşılaşdırılması ilə bağlı sоn 17 ildə imzalanan Fərman və Sərəncamlar milyonlarla insanın həyat şəraitinin yaxşılaşmasına xidmət edib. Belə ki, minimum pensiyaların, minimum əməkhaqqının, müavinət və təqaüdlərin artırılması ölkə əhalisinin böyük əksəriyyətinin sosial rifahının yüksəlməsinə səbəb oldu. Gələn-2021-ci ilin büdcə zərfinə daxil edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinin ləğv edilməsi də əhalinin sosial rifahının yüksəlməsinə xidmət etməlidir. Bundan irəli gələrək bəzi qanunlara dəyişiklik edilməsi və yeni normativ hüquqi aktların hazırlanması zərurəti yaranmış оlur.
Bütün cəmiyyətimizi maraqlandıran sosial müdafiə məsələlərini özündə ehtiva edən bu təkliflərdə bir çox vətəndaşımızın gözləntiləri öz əksini tapır və bununla da bir daha təsdiq оlunur ki, insanların sosial müdafiəsinin gücləndirilməsi dövlətimizin prioritet məsələlərindən biridir. “Əmək pensiyaları haqqında” AR Qanununun 19-cu maddəsinin ləğv edilməsinə səbəb оdur ki, həmin maddədə nəzərdə tutulan əmək pensiyasının sığorta hissəsinə əlavələr pensiya təminatı sistemində sosial sığorta prinsiplərini zəiflədir, eləcə də həmin əlavələrin maliyyələşdirilməsi prosesi həddən artıq mürəkkəbdir. Mövcud qanunun 19-cu maddəsinin ləğv edilməsi ilə bir sıra normativ hüquqi aktlara dəyişikliklər edilməsi zərurəti yaranıb. İlk оlaraq “Sosial müavinətlər haqqında” AR Qanununa dəyişikliklər ediəcək. Ötən ildən qanunvericilik islahatları çərçivəsində başlanmış sosial müavinətlərin məbləğlərinin optimallaşdırılması və növlərinin unifikasiya edilməsinin davamı olaraq şəhid ailəsi üzvlərinə, şəhid uşaqlarına, Müharibə, 1990-cı il 20 Yanvar və Çernobıl AES əlillərinin uşaqlarına ödənilən sosial müavinətlər ləğv edilərək, müvafiq kateqoriya üzrə AR Prezidentinin təqaüdlərinin məbləğinin artırılması təklif olunur.
Bundan əlavə Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması məqsədilə də Prezident Fərmanına dəyişiklik ediləcək. Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin 1500 manatdan 1800 manatadək artırılması təklif olunur. Eyni zamanda, şəhid ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması zərurəti yaranmışdır ki, bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin Fərmanına dəyişiklik edilməlidir. Şəhid ailəsi üçün, Əfqanıstanda həlak olanlar və 20 yanvar şəhidləri daxil olmaqla, Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin 300 manatdan 500 manatadək artırılması təklif olunur ki, bu şəxslər təqaüdlə yanaşı aylıq əsasda müavinət və ya pensiya da alırlar.

Onu da qeyd edim ki, Vətən müharibəsi ilə əlaqədar ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin müdafiəsi zamanı şəhid olanların ailələri və müharibədə əlil olmuş və xəsarət almış şəxslərin sosial təminatının gücləndirilməsi üçün dövlət tərəfindən əlavə imtiyazlar nəzərdə tutulub. Bura birdəfəlik sığorta ödənişi, AR Prezidentinin aylıq təqaüdü, əlilliyə görə aylıq pensiya və müavinətlər, mənzil, avtomobil təminatı, sanatoriya-kurort və reabilitasiya müalicəsi, reabilitasiya vasitələri ilə təminat və s. daxildir. Bununla da sosialyönümlü dövlət olaraq əhalinin sosial müdafiəsinin gücləndirilməsi və yaxşılaşdırılması istiqamətində görülən işlər davamlı xarakter alır və  Azərbaycan dövlətinin və dövlət başçısının siyasətinin əsas xəttini təşkil edir.

Anar MƏMMƏDOV

Milli Məclisin deputatı