Home Manşet Qarabağ və ətraf rayonlarda tarixi-mədəni və dini abidələrin dağıdılmasında Ermənistanla yanaşı, əlaqədar...

Qarabağ və ətraf rayonlarda tarixi-mədəni və dini abidələrin dağıdılmasında Ermənistanla yanaşı, əlaqədar beynəlxalq təşkilatların da məsuliyyət payı var

382
0
SHARE

Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın dekabrın 23-də işğaldan azad olunmuş Zəngilan rayonuna səfəri zamanı səsləndirdiyi fikirlər bir çox beynəlxalq təşkilatlar üçün mənəvi və siyasi mesaj oldu. Çünki 30 ilə yaxın bir dövrdə Azərbaycan xalqına qarşı davam edən erməni təcavüzündən təkcə soydaşlarımız deyil, yaşı minillərlə ölçülən tarixi-mədəni abidələrimiz, müqəddəs ocaqlarımız zərər görüb.

Ermənilər işğal altında olan ərazilərimizdə yüzlərlə tarixi-dini abidəmizi məhv etməklə dədə-baba torpaqlarımızdan həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı silmək istəyiblər. Ermənistanın Azərbaycanın işğal altındakı torpaqlarında maddi və mədəniyyət abidələrini məhv və talan edilməsinə, saxtalaşdırılmasına yönələn cinayət əməlləri ümumilikdə bəşər sivilizasiyasına qarşı törədilən beynəlxalq cinayətdir. Erməni vandalları işğal etdikləri ərazilərimizdəki yeraltı və yerüstü sərvətləri talamaqla yanaşı, maddi mədəniyyət nümunələrini yox ediblər. Bu mümkün olmadıqda isə həmin abidələrin üzərində erməni dilində yazılar həkk edib, yaxud həmin abidələrin onlara məxsus olması barədə erməni dilində lövhələr yerləşdiriblər. Abidələrin memarlıq quruluşunda və interyerində dəyişikliklər etmiş, divar yazılarını korlamış, abidələrin divarları üzərində olan çoxlu sayda daş yazıları tamamilə silmiş, onların bir çoxunun isə formalarını dəyişdirərək tanınmaz hala salmışlar.

Ermənistan rəhbərliyi azərbaycanlıların tərk etdiyi dədə-baba yurdlarında azərbaycanlılara məxsus bütün tarixi izləri silməklə yanaşı xalqımızın, ümumilikdə isə bütün  müsəlmanların heysiyyatına toxunmaq məqsədilə bəzi məscidlərdən hətta donuz və mal-qara üçün saxlanc yeri kimi də istifadə ediblər. Beləliklə, beynəlxalq hüquq normalarını həyasızcasına tapdalayan Ermənistan otuz ilə yaxın bir dövrdə bu zəngin tarixi, mədəni irsimizə xas memarlıq və arxeoloji abidələrimizi işğal altında saxlayaraq, hərbi cinayət törətməklə onları kütləvi şəkildə məhv edib və ya saxta tarix yaratmaq xülyası ilə öz adlarına saxtalaşdırıblar. Düşmənin niyyəti Azərbaycan xalqının Qarabağın əsl, həqiqi sahibi olduğunu sübut edən çox sayda qiymətli tarixi abidələri, məscid və ziyarət yerlərini yox etmək olmuşdur.

“Zəngilan işğaldan azad olunandan sonra rayonda yerləşən məscidlərin birində donuzların saxlanması ilə bağlı videokadrlar nümayiş etdirilmişdir. Düşmən bizim dinimizi təhqir edib, bütün müsəlmanları təhqir edib. Bax, burada məscid olub, indi yoxdur, dağıdıblar. İndi bəziləri azad edilmiş torpaqlarda erməni xalqının dini irsi haqqında məsələ qaldırırlar. Bəs, bizim milli-dini irsimiz haqqında niyə heç kim məsələ qaldırmayıb? Bu yaxınlarda UNESCO-nun bir məmuru əsassız bir ifadə işlədib ki, guya bizə müraciət olunub, Azərbaycan isə səssiz qalıb. Biz 30 il ərzində dəfələrlə UNESCO-ya müraciət etmişik, dəfələrlə bildirmişik ki, bizim məscidlərimiz dağıdılıb, tarixi abidələrimiz dağıdılıb, bizim tarixi abidələrimiz erməniləşdirilir, bir dəfə missiya göndərildimi? Bir dəfə bizim müraciətimizə cavab verildimi? Elə müharibə qurtaran kimi başlayıblar ki, erməni xalqının abidələri gərək qorunsun. Biz bütün abidələri qoruyuruq, bütün xalqların abidələrini qoruyuruq və dünya bunu bilir. Amma baxın, görün, məscid olub bura, UNESCO, buraya gəl, gəl gör”.

Bu gün Qərbin müəyyən dairələrində işğaldan azad olunmuş ərazilərdə xristian abidələri ilə bağlı narahatlıq ifadə olunur. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu məntiqdən belə çıxır ki, müsəlman məscidlərini dağıtmaq olar? Bu ikili standartların, islamafobiyanın növbəti bariz təzahürüdür.

Zərrə qədər şübhə yoxdur ki, Azərbaycan dövləti azad edilmiş rayonlarda tezliklə geniş quruculuq işlərinə başlayacaq, həmin ərazilərdə müvafiq mədəniyyət infrastrukturu  yaradılacaq və ­bütün tarixi-mədəni abidələri bərpa olunacaq. Lakin Qarabağ və ətraf rayonlarda tarixi-mədəni və dini abidələrin dağıdılmasında Ermənistanla yanaşı, əlaqədar beynəlxalq təşkilatların da məsuliyyət payı var. Çünki, işğal olunmuş ərazilərimizdə və tarixi Azərbaycan torpaqları olan Ermənistan ərazisində Azərbaycan xalqına məxsus maddi-mədəni irsin məhv edilməsi siyasəti yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri sivilizasiyaya qarşı vəhşilikdir.