Home Manşet Azərbaycan döyüş meydanında öz sözünü deyərək hərbi-siyasi yolla Dağlıq Qarabağ münaqişəsini həll...

Azərbaycan döyüş meydanında öz sözünü deyərək hərbi-siyasi yolla Dağlıq Qarabağ münaqişəsini həll etdi

693
0
SHARE
“44 günlük Vətən müharibəsinin Azərbaycanın mütləq qələbəsi ilə nəticələnməsi, torpaqlarımızın işğaldan azad edilməsi təkcə ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpası deyil. Bu, eyni zamanda, həm respublikamız, həm də region üçün yeni siyasi-iqtisadi reallıqlar formalaşdıran, mühüm strateji perspektivlər təmin edən əhəmiyyətli geosiyasi amildir. Təbii ki, Ermənistanın işğalçı siyasəti, separatizm faktı nəticəsində yaranan, üç onillik ərzində mövcud olan Dağlıq Qarabağ münaqişəsinin həlli yeni geostrateji reallıqlar formalaşdırdı”.
Bu fikirləri politoloq Nurlan Qələndərli deyib.
Onun sözlərinə görə, Azərbaycan milli güc kontekstində beynəlxalq hüquq normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı mühüm presedent yaratdı və yeni strateji yanaşmanın – baxışın ortaya çıxmasını şərtləndirdi: “Yəni 30 ilə yaxındır ki, Ermənistanın işğalçı siyasətindən, təxribatçı hərəkətlərindən, təcavüzkar, destruktiv mövqeyindən əziyyət çəkən Azərbaycan öz iqtisadi potensialı, siyasi imkanları, diplomatik resursları və hərbi qüdrəti vasitəsilə torpaqlarını azad etdi, ərazi bütövlüyünün bərpasına nail oldu. Dolayısıyla, bu, bir dövlətin öz milli gücü vasitəsilə beynəlxalq hüquq normalarının tələblərinin yerinə yetirilməsini təmin etməkdir. Məlumdur ki, BMT-nin məlum 4 qətnaməsi uzun illər ərzində kağız üzərində qaldı. İstər ATƏT-in Minsk qrupunun həmsədrləri, istərsə də beynəlxalq təşkilatlar və ayrı-ayrı güc mərkəzləri Ermənistanı işğalçı siyasətinə son qoymağa məcbur edə bilmədilər, yaxud bunu etmədilər. Lakin beynəlxalq münasibətlər sistemində mövqeyini ardıcıl olaraq gücləndirən Azərbaycan döyüş meydanında öz sözünü deyərək hərbi-siyasi yolla Dağlıq Qarabağ münaqişəsini həll etdi. Beləliklə, ölkəmiz məlum qətnamələrin icrasının təmin edilməsinə müvəffəq oldu”.
Politoloq vurğulayıb ki, milli güc resurslarını səfərbər edərək təcavüzkar qüvvəni kapitulyasiya aktına imza atmağa məcbur edən Azərbaycan bütün dünyaya işğalçı siyasətin və separatizmə əsaslanan mövqeyin, yaxud neqativ geosiyasi faktor olan bölücülüyə rəvac verən aqressiv politikanın hər hansı bir perspektivi olmadığını sübut etdi: “Bunlarla yanaşı, Azərbaycan XXI əsrin müharibəsini aparmaqla hərbi qüdrətini nümayiş etdirdi. Bu güc təkcə silah-surast və texnika hesabına təmin edilməyib. Yüksək döyüş qabiliyyəti, taktiki və strateji hazırlıq, nümunəvi vətənpərvərlik ruhu Azərbaycan Ordusunun mütləq qələbəsini şərtləndirən mühüm faktorlar kimi xüsusi qeyd edilməlidir. Bütün bunlar, təbii ki, XXI əsrdə Azərbaycan modeli kimi səciyyələndirilir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin qeyd etdiyi kimi, dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində bizim döyüş taktikamız öyrənilir”.
“Daha bir nüans ondan ibarətdir ki, Azərbaycan, eyni zamanda, regionda yeni geosiyasi situasiya formalaşdırdı. Münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həllini tapması – Azərbaycanın tarixi ədaləti bərpa etməsi regionda yeni əməkdaşlıq və təhlükəsizlik platformalarının formalaşmasını, yeni işbirliyi formatları və mexanizmlərinin yaranmasını şərtləndirən strateji faktorlara çevriləcək. Dolayısıyla, bu, regional və beynəlxalq təhlükəsizliyin möhkəmlənməsinə, əməkdaşlığın dərinləşməsinə xidmət göstərəcək. Təbii ki, Azərbaycanın liderliyi və aparıcı mövqeyi ilə gerçəkləşdiriləcək yeni əməkdaşlıq platformaları Cənubi Qafqazın Avrasiyanın “heartland” nöqtələrindən birinə çevrilməsinə səbəb olacaq. Beləliklə, regional supergücə çevrilən Azərbaycanın beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında yüksəlişi davam edəcək”,-deyə politoloq əlavə edib.
Nurlan Qələndərli bildirib ki, Azərbaycanın qarşısında yeni tərəqqi dövrü dayanır, yaxud ölkəmiz yeni inkişaf mərhələsinin astanasındadır: “Yəni işğaldan azad olunan ərazilərdə bərpa və quruculuq işlərinin həyata keçirilməsi, investisiya yatırılması, yeni iqtisadi platformaların yaradılması həm Azərbaycanın funksional iqtisadiyyatının  dayanıqlı inkişafına xidmət edəcək, həm də ölkəmizin regional güc mərkəzi kimi dünya iqtisadiyyatına inteqrasiyasını daha da sürətləndirəcək. Bütövlükdə, bütün bu reallıqlar Azərbaycanın milli gücünün daha da artmasına, beynəlxalq mövqeyinin möhkəmlənməsinə və ölkəmizin qarşısında yeni strateji perspektivlərin açılmasına xidmət edir”.