Home Manşet Sədaqət Vəliyeva: Makronun müharibə vaxtı Paşinyana mesaj göndərdiyini etiraf etməsi onun qatı...

Sədaqət Vəliyeva: Makronun müharibə vaxtı Paşinyana mesaj göndərdiyini etiraf etməsi onun qatı ermənipərəst mövqeyində olduğunu sübut edir

379
0
SHARE

“Makronun müharibə vaxtı Paşinyana mesaj göndərdiyini etiraf etməsi onun qatı ermənipərəst mövqeyində olduğunu sübut edir. Onun erməni icmasının nümayəndələri ilə naharda iştirak etməsi, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsinin prezidentinə yaraşmayan formada Ermənistan qarşısında öhdəliklərindən danışması bir daha Makronun ermənipərəst mövqeyini ortaya qoyur. Bununla da Makronun timsalında Fransa dövlətinin islamofob, anti-Azərbaycan və anti-Türkiyə siyasətinin təzahürü isbatlanır”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Makronun açıqlamaları və fəaliyyəti bir daha göstərir ki, Fransa balanslı,  ədalətli, həmsədr mandatının tələblərinə uyğun davranmayıb və bundan sonra da qeyri-adekvat mövqe nümayiş etdirməkdə davam edəcək: “Açıq-aydın görünür ki, Makron Fransanın ATƏT-in Minsk qrupu həmsədri mandatını yalnız Ermənistanın maraqlarını müdafiə etmək kontekstində anlayıb və buna uyğun hərəkət edib. Fransa prezidenti bu ölkənin erməni lobbisinin, efmənipərəst dairələrinin tam təsiri altındadır və dövlətin, Fransa xalqının maraqlarının əksinə olaraq məğlub Ermənistanın vəkili kimi çıxış edir. Azərbaycan ictimaiyyəti bir daha əmin olur ki, dünyanın 7 ən güclü ölkəsindən biri olan Fransa erməni lobbisinin iradəsindən asılı vəziyyətdədir və erməni maraqları Fransa mənafelərindən daha üstündür. Qarabağ müharibəsi Fransa üçün qlobal etimad sınağı oldu. Fransa Qarabağ müharibəsində neytrallığını qoruya bilmədi, ermənipərəst mövqeyi ilə özünü ifşa etdi. Bu səbəbdən də qlobal miqyasda Fransanın sülhyaratma imici ləkələndi. Çətin ki, bundan sonra dünyanın problemlərinin həllində kimsə Fransaya inansın, etibar etsin”.

“Fransa Senatından, Milli Assambleyadan sonra Makronun belə bir fikirlərinin ortaya çıxması bir daha isbatlayır ki, Fransa ATƏT-in Minsk qrupunun 3 həmsədr dövlətlərindən biri olaraq neytral deyil, əksinə Azərbaycana qarşı Ermənistanın yanında yer alıb” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, məhz vasitəçi mandatı daşıyan bir ölkənin başçısının belə bir mövqe ortaya qoyması həmin dövlətin bitərəfliliyini ciddi şəkildə şübhə altına alır.

Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, həmsədr ölkə olaraq münaqişə tərəflərinə yanaşmada Fransanın tərəfsizliyini və qərəzsiz mövqeyini qoruması onun məsuliyyətidir. Makron anlamalıdır ki, bu cür addımlar ilk növbədə Azərbaycan ictimaiyyətində Fransanın vasitəçi kimi nüfuzuna xələl gətirir, ədalətliliyi şübhə altına düşür. Həmçinin, onun fikirləri Avropada güclənməkdə olan İslamofobiyanın daha dərinləşməsinə, separatizm meyillərinin güclənməsinə rəvac verə bilər: “Əgər Makronu ermənilərin gələcəyi maraqlandırırsa, buyursun ermənilərin say baxımından dünyada üstün olduqları və hətta artıq o ölkənin etnik azlığına çevrilmiş ölkələrindən biri Fransada özlərinə dövlət yaratmağa icazə versin. Nə üçün Fransada yaşayan 600 mindən çox erməniyə dövlət yaratmağa imkan vermirlər? İndiki şəraitdə Qarabağda 100 mindən çox erməni yoxdur. Lakin Fransa kimi bəzi ölkələr ermənilərin öz müqəddəratını təyin etməsinə şərait yaradılmasını tələb edirlər. Belə çıxır ki, dünyanın harasında 100 mindən çox erməni yaşayırsa, onlara dövlət yaratmağa şərait yaradılmalıdır. Bu məntiqdən çıxış etsək, o zaman Paris regionundakı 200 min, Marsel regionundakı 150 mindən çox, Lion regionundakı 150 min erməni əsilli fransıza ayrı-ayrı 3 dövlət yaradılmasına imkan verilməlidir. Təkcə ermənilər deyil, ərəblər də belə iddia ortaya qoya bilərlər. Bir sözlə, Azərbaycan ərazisində ermənilərə müqəddərat istəyən Fransa bunu əvvəlcə ölkəsində yaşayan 100-dən çox etnik qrup üçün tətbiq etməlidir”.

Sədaqət Vəliyeva vurğulayıb ki, müasir dövrdə faşizmi, işğalçılığı, terrorizmi, separatizmi dövlət siyasətinə çevirmiş bir ölkəni müdafiə etmək Fransanın imicinə, Makronun siyasi perspektivinə heç də yaxşı nəsə vəd etmir: “Yaxşı olar ki, Fransa dövləti və Makron Cənubi Qafqaz regionunda sülhün qorunmasına, daha da möhkəmləndirilməsinə xidmət edən addımlar atmalı, erməni faşistlərini revanşizm niyyətlərindən daşındırmalı, onları həvəsləndirməməlidir”.