Home Manşet Dirçəliş Fondunun təkcə bugünkü deyil, gələcək nəsillər üçün də qürur duyula bilən...

Dirçəliş Fondunun təkcə bugünkü deyil, gələcək nəsillər üçün də qürur duyula bilən əhəmiyyəti var – Musa Qasımlı

288
0
SHARE

Millətimizin və dövlətimizin tarixində örnək olan Dirçəliş Fondunun yaradılmasının təkcə bugünkü nəsil üçün deyil, bütün gələcək nəsillər üçün qürur duyula bilən əhəmiyyəti var.

Bunu Trend-ə Milli Məclisin deputatı Musa Qasımlı deyib. Onun sözlərinə görə, pandemiya ilə əlaqədar dünya üçün pis il olan 2020-ci ili işğal altında olan ərazilərimizi düşmən əsarətindən azad etməklə millətimiz və dövlətimiz üçün yaxşı ilə çevirən Prezident İlham Əliyev yeni ilin ən gözəl müjdəsini verərək “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxs yaradıb. Hazırda dövlətimizin Qarabağ siyasətinin konkret təzahürü olan bu Fondun xətti ilə vahid mərkəzləşdirilmiş qaydada görüləcək işlər nəticəsində işğaldan azad edilən ərazilərimiz tamamilə yenidən qurulacaq, infrastruktur yaradılacaq, müasir şəhər, qəsəbə və kəndlər tikiləcək, bölgəyə dinc, təhlükəsiz, rahat həyat gələcək, məcburi köçkünlərimiz daimi yaşayış yerlərinə qayıdacaq. Dirçəliş prosesində yeni iş yerləri açılacaq, ölkə həyatının bütün digər sahələrində də sürətli inkişafa nail olunacaq. Bütün bunlar özləri ilə paralel olaraq insanlarımızın həyat şəraitini daha da yaxşılaşdıracaq:

“Hər şeydən əvvəl, əgər müharibə günlərində millətimizin birlik rəmzi olan dövlət başçımızın dəmir yumruğu hamını birləşdirib düşmənin başını əzmişdisə, indi bu yumruq dünyanın harasında yaşamasından asılı olmayaraq millətimizin nümayəndələrini Qarabağın xarabazarlıqdan qurtarılıb dirçəldilməsi və dinc quruculuq işləri ətrafında yenidən birləşdirir. Atalar yaxşı deyib: “Dirilik birlikdədir”.

İnsanlarımızın həmin fonda böyük həvəslə müəyyən məbləğdə vəsaitlər köçürmələri təkcə maddiyyətlə bağlı olmaycaq, eyni zamanda milli-mənəvi birliyimizi möhkəmləndirəcək, vətən, torpaq, yurd sevgisini daha da artıracaq. Fondun hesabına vəsait köçürənlər bərpada paylarının olması ilə fəxr edəcəklər. Tarixən belə olub: əsgər canı, qanı, digəri əməyi, başqa birisi maddi vəsaiti, sözü ilə vətənə və dövlətə xidmət edib. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında şanlı ordumuz artıq öz sözünü deyib. İndi söz dirçəldənlərin, bərpaçıların, bütün millətindir. Torpaqlarımızın işğaldan azad edilməsi üçün əgər təqribən 30 il gözləmişdiksə, inanıram ki, dövlət başçımızın liderliyi altında Qarabağın dirçəldilməsi çox qısa müddətdə olacaq. Bu prosesin tez başa çatması bizlərin iştirakından asılıdır. Dədə-babalarımızdan qalma gözəl sözlər var: “El gücü sel gücüdür”, “El bir olsa, dağ oynadar yerindən”. Elə isə hamını bu Fondun açılacaq hesabına imkanları daxilində vəsait köçürməyə səsləyirəm. Dirçəlişdən sonra Qarabağ, cənab Prezidentimizin dediyi kimi, dünyanın ən gözəl regionlarından biri olacaq. Ölkəmizin çox gözəl gələcəyi var!”.