Azərbaycanda Aİ 92 benzinin və dizel yanacağının qiymətinin dəyişməsi əhalinin sosial vəziyyətinə heç bir mənfi təsir göstərməyəcək.
Bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, qiymət dəyişməsi prosesi bütün dünyada baş verir: “2020-ci ildə koronavirus pandemiyası ilə əlaqədar olaraq neft və neft məhsullarının qiymətində azalma müşahidə olunsa da ilin sonuna doğru bu tendensiya müsbətə doğru dəyişməkdədir və çox güman ki, koronavirusa qarşı peyvəndin geniş şəkildə istifadə olunmasından sonra bütün dünyada iqtisadi aktivlik yüksələcək, o cümlədən, neft və neft məhsullarına olan tələbat da artacaq.
Neft və neft məhsullarının qiymətinin artımını biz bir çox ölkələrdə müşahidə etdik, o cümlədən, qonşu ölkələrdə, həmçinin Avropa ölkələrində. Onu da qeyd edim ki, Azərbaycan region ölkələrı arasında neft və neft məhsullarının ən ucuz satıldığı ölkədir və benzinin, dizel yanacağının qiyməti də bizdə ən aşağı səviyyədədir. Son dəyişiklikdən sonra yenə də bu aşağı qiymət səviyyəsi qorunub-saxlanacaq”.
Komitə sədri qeyd edib ki, bu qiymət dəyişikliyindən büdcəyə əlavə gəlir ələcək ki, bu da sosial cəhətdən həssas insanların ehtiyaclarının ödənilməsinə yönələcək: “Bir tərəfdən koronavirus pandemyası ilə əlaqədar olaraq əhaliyə sosial dəstək paketi həyata keçirildi və bu gün də keçirilməkdə davam edir. Eyni zamanda, pensiyalar və müavinətlər artırıldı, yeni təqaüd növləri müəyyən edildi, təqaüdlərin məbləği artırıldı. Gələn il də həm əmək haqlarının, həm pensiyaların, həm də sosial müavinətlərin artımı nəzərdə tutulur ki, bu da vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi üçün atılan addımlardır.
Digər tərəfdən, yanacaq qiymətinin dəyişməsinin əhalinin aztəminatlı hissəsinə mənfi təsirini önləmək üçün ictimai nəqliyyatda sərnişindaşıma xidməti göstərən sahibkarlara dəstəyin göstrilməsi və kənd təsərrüfatına subsidiyaların məbləğinə yenidən baxılması nəzərdə tutulur. Ona görə də əhalinin böyük əksəriyyəti yanacaq qiymətinin dəyişməsini hiss etməyəcək.
Yanacaq qiymətlərinin qalxması ilə bağlı Taarif Şurası 2013 və 2017-ci illərdə də qərar verib. Ondan sonrakı dövrdə isə əhalinin pul gəlirlərində təxminən 70 faizə yaxın bir artım müşahidə olunub ki, bunun da müqavilində yanacaq qiymətindəki dəyişiklik əhalinin sosial vəziyyətinə mənfi təsir etməyib”.