Home Manşet Dəstək mexanizmləri yanacaq bahalaşmasının təsirlərinin qarşısını alacaq – Deputat

Dəstək mexanizmləri yanacaq bahalaşmasının təsirlərinin qarşısını alacaq – Deputat

296
0
SHARE

Dizel yanacağının qiyməti iki sektora birbaşa təsir göstərir. Bunlardan biri kənd təsərrüfatıdır. Dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsiri nəzərə alınaraq hökumət tərəfindən ayrılan subsidiyaların məbləğinə yenidən baxılacaq.

Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

V.Bayramov deyib ki, yanacağın qiymətinin təsir göstərdiyi digər sektor isə ictimai nəqliyyatdır: “Bu istiqamətdə də sahibkarlara dəstək verilməsi nəzərdə tutulur ki, bu da ictimai nəqliyyatda qiymət artımının qarşısını alacaq”.

Deputat bildirib ki, dövlət tərəfindən sahibkarlara dəstək verilməsi yanacaq qiymətinin artmasının təsirlərini minimallaşdırmağa imkan verəcək: “Bunun nəticəsində kənd təsərüfatı məhsullarının qiymətinə təsirləri minimallaşdırmaq mümkün olacaq. Subsidiya məbləğinin artırılması nəticə etibarı ilə imkan verəcək ki, aqrar sektorda istehsal ediləcək məhsulların qiymət artımının qarşısı alınsın.

Tarif Şurasının qərarında da qeyd olunduğu kimi hökumət ictimai nəqliyyatda sərnişindaşıma ilə məşğul olan sahibkarlar üçün dəstək mexanizmi hazırlayır. Bu, ictimai nəqliyyatda fəaliyyət göstərən sahibkarların xərclərinin optimallaşdırılması baxımından əhəmiyyətlidir. Rəsmi məlumat da yayıldı ki, ictimai nəqliyyatda qiymət artımı gözlənilmir və bununla bağlı müvafiq qurum tərəfindən müraciət yoxdur”.

Deputat süni qiymət artımına qarşı mübarizənin gücləndirilməsini vacib hesab edir: “Yanacaq qiymətinin artmasının təsir etmədiyi sektorlarda süni şəkildə qiymət artımının qarşısını almaq üçün monitorinqlərin gücləndirilməsinə ehtiyac var. Çünki monitorinqlər bazarda psixoloji səbəblərdən süni qiymət artımının qarşısını ala bilər”.