Mən də atamla birlikdə Vaqif poeziya günlərində olmuşam, indi Vaqifin məqbərəsini görəndə adamın ürəyi ağrıyır.
Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
“Şuşada Vaqif poeziya günləri bərpa edilməlidir. Vaqif poeziya günləri ənənəvi olaraq keçirilirdi. Yadımdadır, mən də atamla birlikdə Vaqif poeziya günlərində olmuşam. Vaqifin məqbərəsinin açılışında olmuşam, o qarlı-şaxtalı havada. İndi Vaqifin məqbərəsini görəndə adamın ürəyi ağrıyır. Nə qədər vəhşilik ola bilər? Nə qədər qəddarlıq ola bilər? Özü də Azərbaycan xalqı axı, sizə nə edib? Sizə çörək verib. Azərbaycan xalqı sizə nə edib ki, ürəyinizdə bu qədər nifrət olsun? Şəhərləri dağıdırsınız, insanları didərgin salırsınız, tarixi abidələri sökürsünüz, nə məqsəd güdürsünüz? Elə hesab edirlər ki, bizim yaddaşımızdan silinəcək bu vəhşilik? Biz 44 gün müharibə apardıq, Ermənistanı demək olar ki, tamamilə məğlub etdik. İstənilən addım ata bilərdik, istənilən addım! Amma mən demişəm ki, biz mülki əhaliyə qarşı vuruşmuruq. Biz tarixə qarşı vuruşmuruq. Biz dini abidələrə qarşı vuruşmuruq. Onların bir dənə də olsun dini abidəsi dağıdılıb? Yox! Orada insanlar arasında itkilər çox aşağı səviyyədədir. O da təsadüfən baş verib. Görün, onlar nə ediblər? Xocalı soyqırımı, məscidlərimizin dağıdılması, şəhərlərimizin dağıdılması. Mədəni soyqırımı törədiblər bizə qarşı. Bütün dünya, onların havadarları, dostları görməlidir. Onların sözləri ilə desək, müsəlman əhatəsində olan sivilizasiyalı bir məkan kimi təqdim etməyə çalışan və buna inanan xarici havadarları, açın gözünüzü baxın, nə ediblər onlar?! Vəhşidirlər. Adam bunu etməz. Bu vəhşiliyə son qoyulmalı idi və qoyuldu. Kimsə bunlara dərs verməli idi, yoxsa yox?”