Home Manşet “Yanacağın qiymətinin cüzi artımı sosial gərginlik yarada bilməz”

“Yanacağın qiymətinin cüzi artımı sosial gərginlik yarada bilməz”

284
0
SHARE

Qiymətlərin artması reallıqlardan irəli gəlir. Bu sözləri tan.az-a verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədrinin sözlərinə görə, dünyanın inkişaf etmiş bir çox ölkələrində, Avropada yanacağın qiymətinin artması, qiymətlərin beynəlxalq standartlara uyğunlaşdırılması ölkəmizdən də yan keçə bilməzdi.

“Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2020-ci ilin sonunda dünyada benzinin qiymətində artım il ərzində 14 faizə çatmışdır ki, bu da pandemiya ilə əlaqədar əksər ölkələrdə məhdudiyyətlərin yumşaldılmasının, eləcə də yanacağın emalında baş verən çətinliklərin nəticəsidir. Avropada dizel yanacağının qiyməti 29 faiz artmışdır. Almaniyada həm benzinin, həm də dizel yanacağının qiymətində 11 sent artım qeydə alınmışdır. Rusiyada, Türkiyədə, Ukraynada, Belorusda və digər MDB ölkələrində yanacağın qiymətlərində artım müşahidə olunur. Tarif dəyişikliklərindən sonra da A92 markalı benzinin, eləcə də dizel yanacağının Azərbaycanda pərakəndə satış qiyməti əksər MDB ölkələri ilə müqaisədə aşağıdır.

Qiymətlərin artmasına əsas yaradan səbəblərdən biri də ölkəyə idxal olunan avtomobillərin sayının ildən-ilə çoxalmasıdır. Son illər hər il ölkəyə 50 minə yaxın, orta hesabla, 47 841 avtomobilin idxal olunması əlbəttə ki, benzinə və dizel yanacağına olan tələbatı yüksəltməlidir.

Azərbaycan Prezidenti Cənab ilham Əliyev əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, insanların rahat və sərbəst yaşaması üçün əlindən gələni əsirgəmir. Son illər ölkədə orta aylıq əmək haqqı 66 faiz, pensiya 73 faiz, minimum aylıq pensiya 72,4 faiz artıb. Son iki ildə ümumi dəyəri 5,3 milyard manat, əhatə dairəsi 4,2 milyon nəfər olan iki sosial paket həyata keçirilmişdir ki, bu da əhalinin 42 faizinin maddi vəziyyətinin yaxşılaşdırılması deməkdir. Pandemiya ilə əlaqədar dəstək tədbirlərinə 3,5 milyard manatdan çox vəsait ayrılmış və bu, 5 milyon nəfəri əhatə etmişdir. 600 min nəfəri əhatə edən 190 manat birdəfəlik ödəmələr, 100 min ailəyə ərzaq payının verilməsi, 90 min nəfərlik ödənişli ictimai iş yerlərinin yaradılması, ünvanlı dövlət sosial yardımı qaydalarının sadələşdirilməsi sayəsində 14 mindən çox ailənin təminatının yaxşılaşdırılması, şəhid ailələrinə və 20 yanvar şəhidlərinin ailələrinə aylıq müavinətlərinin 300 manatdan 500 manata, Azərbaycan Respublikasının Milli Qəhrəmanları üçün aylıq Prezident Təqaüdlərinin 1500 manatdan 1800 manata çatdırılması, Vətən Müharibəsi Qəhrəmanı adı verilmiş şəxslərə aylıq 2000 manat ayrılması, şəhid ailələrinə, əlillərə minlərlə evlərin tikilməsi, avtomobillərin verilməsi insanlara göstərilən qayğının təzahürü, bariz nümunəsidir. Dövlətimizin rəhbərinin dəfələrlə xatırlatdığı kimi, insanların sosial vəziyyətinin yaxşılaşdırılması bundan sonra da bizim birinci dərəcəli vəzifəmiz kimi qarşıda duracaq və əməli tədbirlər həyata keçiriləcəkdir.

Bu baxımdan yanacağın qiymətinin cüzi şəkildə artırılması ölkədə heç bir sosial gərginlik yarada bilməz və ailə büdcəsinə elə bir ziyan vurmaz. Bu artım bilavasitə həmin məhsulların keyfiyyətinin yüksək, Avrostandartlara çatdırılması, neft emalı sənayesində yenidənqurma və modernləşdirmə, ekoloji mühitin sağlamlaşdırılması və digər tədbirlərlə əlaqədardır”, deyə Tahir Rzayev bildirib.