Home Manşet Müdafiə Nazirliyi hərbi geyimlə bağlı məlumat yaydı

Müdafiə Nazirliyi hərbi geyimlə bağlı məlumat yaydı

343
0
SHARE

Vətən müharibəsində iştirak etmək üçün səfərbərlik üzrə həqiqi hərbi xidmətə çağırılmış və artıq ehtiyata buraxılmış bəzi vətəndaşların hərbi geyim formasını daşıma hüququna malik olmadığı halda ölkə ərazisində hərbi geyim formasından istifadə etməsi halları müşahidə olunur. Həmin şəxslərdən bəzilərinin hətta hərbi geyim formasını kobud şəkildə pozduğunun da şahidi oluruq. Bu kimi hallar müvafiq qanunvericiliyə zidd olmaqla yanaşı müzəffər Azərbaycan Ordusunun imicinə də xələl gətirir.

Bu barədə Müdafiə Naziriyindən Trend-ə verilən məlumatda deyilir:

Nazirlik qeyd edir ki, hərbi geyim formalarının daşınması “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçuların hərbi geyim forması və fərqləndirmə nişanları haqqında” Əsasnamənin və “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2001-ci il tarixli Fərmanı ilə tənzimlənir:

“Hərbi geyim formasını daşımaq hüququ olmayan vətəndaşların hərbi qulluqçuların fərqləndirmə nişanları olan geyim formasını geyməsinin qadağan olması məhz həmin Fərmanda qeyd olunub.

Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsinə əsasən hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görə – inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim forması müsadirə edilməklə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Bütün vətəndaşlarımızı hərbi formaya hörmətlə yanaşmağa çağırırıq”.