Home Manşet Vüqar İskəndərov: Ermənistan yenə təxribatlara əl atsa, Azərbaycanın cavabı sərt olacaq

Vüqar İskəndərov: Ermənistan yenə təxribatlara əl atsa, Azərbaycanın cavabı sərt olacaq

595
0
SHARE

İşğalçı Ermənistanın növbəti genişmiqyaslı hərbi təxribatına cavab olaraq başladığımız Vətən müharibəsi sonda düşmənin alçaldıcı məğlubiyyəti ilə başa çatdı. Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu 44 günlük müharibə zamanı işğal altındakı torpaqlarımızı azad edərək qəhrəmanlıq dastanı yazdı.

Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Bu haqq savaşımızın bir sıra məqamlarla yadda qaldığını deyən deputat əlavə edib ki, bütün dünya bir daha Azərbaycanın ədalətli, məsuliyyətli, humanist siyasət apardığının şahidi oldu:

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədəki çıxışında dövlət başçısının da bəyan etdiyi kimi bu müharibə zamanı biz eyni zamanda, məsuliyyət göstərdik, ədalət göstərdik, Ermənistan ərazisinə girmədik. Baxmayaraq ki, Ermənistan ərazisindən bizə qarşı namərd atəşlə törədilən hərbi cinayət nəticəsində onlarla mülki şəxs həlak oldu, şəhərlərimiz bombalandı, biz Ermənistan ərazisinə keçmədik, beynəlxalq hüquqa hörmətimizi göstərdik. Amma mənfur düşmən üçün heç bir mənəvi çərçivə yoxdur, heç bir mənəvi dəyər yoxdur. Cənab Prezidentin dediyi kimi – biz özümüzü onlar kimi apara bilmərik, biz azərbaycanlıyıq, biz özümüzə hörmət edən xalqıq”.

Son vaxtlar Dağlıq Qarabağa edilən bəzi icazəsiz səfərlərə də toxunan deputat bildirib ki, istər Ermənistan tərəfi, istərsə də işğalçı ölkənin bəzi xarici havadarlarının təmsilçiləri dövlət başçımızın xəbərdarlığından nəticə çıxarmalıdırlar:

“Azərbaycanın icazəsi olmadan xarici ölkə vətəndaşlarının, rəsmi şəxslərinin, o cümlədən Fransa parlamentarilərinin, Ermənistan XİN rəhbərinin Dağlıq Qarabağa səfərləri yolverilməzdi. Əgər bu cür təxribatçı addımlar davam edəcəksə, Azərbaycan bu addımı atan tərəflərə qarşı sərt cavab verəcək. Xatırlatmaq istəyirəm ki, Azərbaycanın prinsipial mövqeyi noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsaslanır. Yəni, bu bəyanatda təsbit olunmamış heç bir fəaliyyət həyata keçirilə bilməz. Yaxud Azərbaycanın buna prinsipial icazəsi olmalıdır.

Azərbaycan hazırda ərazidə vəziyyəti başa düşür və humanitar məsələlərin həllinə razılığını verib. Lakin bundan sui-istifadə yolverilməzdir. Bu konteksdə bir məqamı da vurğulamaq istəyirəm. Məlum olduğu kimi, üçtərəfli bəyanatın imzalanmasından sonra ermənilər Ermənistan ərazisindən Azərbaycan ərazisinə keçərək diversiya, terror törətməyə cəhd göstəriblər. Bütün beynəlxalq qanunlara əsasən, bu əməli törədənlər terrorçu və diversantlardır. Bununla belə, Azərbaycan yenə də humanizm göstərərək onları məhv etmədi, əsir götürdü. Ancaq Ermənistan Azərbaycanın humanist siyasətindən nəticə çıxartmalı və təxribatçı addımlar atmamalıdır. Əks halda isə bunun cavabı sərt olacaq və Ermənistan böyük problemlə üzləşəcək”.