Home Manşet Aydın Hüseynov: Prezident nəyi, necə və nə vaxt deməli olduğunu çox yaxşı...

Aydın Hüseynov: Prezident nəyi, necə və nə vaxt deməli olduğunu çox yaxşı bilir

561
0
SHARE

Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına dair keçirilmiş müşavirədə ölkəmizin inkişafı, uğurları haqqında danışdı, dövlətimizin nailiyyətilərinin dünyanın ən mötəbər təşkilatları tərəfindən təqdir edildiyi vurğuladı, hətta respublikamızın Dünya Bankının “Doing Business” hesabatındakı mövqeyi barədə mühüm göstəriciləri diqqətə çatdırdı. Eyni zamanda, dövlətimizin başçısı Azərbaycan dövlətinin və xalqının uğurlarını həzm edə bilməyən anti-Azərbaycan dairələrinin, eləcə də müxtəlif qüvvələrin təsiri altında olan xaricdəki və ölkəmizdəki “siyasətçilərin”, “iqtisadçıların” da layiqli cavabını verdi. Dövlətimizin başçısının cavabı o qədər dəqiq və sarsıdıcı idi ki, onlar hələ də özlərinə gələ bilmirlər. Bu səbəbdən də ənənəvi ritorikaya və “mədəniyyətə” əsaslanaraq şər-böhtan atmaqla məşğul olurlar. Elə onlardan biri də Erkin Qədirlidir.

Bunu Trend-ə Yeni Azərbaycan Partiyasının Təşkilatlarla iş şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, anti-Azərbaycan dairələrinin direktivləri ilə davrananların, danışanların bu qədər aqressivləşməsinin səbəbləri hər kəsə bəllidir: “Radikal düşərgə yaddan çıxarır ki, Prezident İlham Əliyev nəyi, necə və nə zaman deməli olduğunu çox yaxşı bilir. İkincisi, Prezidentin ad çəkmədən ünvanladığı fikirlərin sahiblərini də cəmiyyətimiz çox yaxşı tanıyır. Bu gün ölkəmizdə hər bir vətəndaş Soros Fondu kimi müxtəlif qurumların maliyyələşdirdiyi siyasətçiləri və iqtisadçıları da tanıyır. Axı, bu gün kimlərin xaricdəki Qubad İbadoğlunu, antimilli şuranın sədri Cəmil Həsənlini, AXCP sədri Əli Kərimlini maliyyələşdirdiyi heç kəsə sirr deyil. Yaxud, elə bir vətəndaşımız yoxdur ki, Real Partiyasından Natiq Cəfərlinin, antimilli Şuradan Vahid Məhərrəmlinin, AXCP-dən Nemət Əliyevin kimlər tərəfindən tezislərlə təmin edildiyini başa düşməsin. Ona görə də, Erkin Qədirli kimilərin “nominalizm” mövzusunda boğazdan yuxarı hayqırtıları yersizdir, əhəmiyyətsizdir”.

“Kimlərsə, Prezident İlham Əliyevin işlətdiyi ifadələrə qarşı dözümsüzdürlərsə, o zaman məqamında bir sual ortaya çıxır: necə olur ki, dövlət başçısının normal bir ifadəsinə qarşı çıxanlar sosial şəbəkələrdə cəbhəçi trolların küçə söyüşlərinə, təhqirlərinə susurdular və bu gün də susurlar? Elə Erkin Qədirlinin özü cəbhə trolları tərəfindən təhqir olunmadığı gün varmı? Niyə bircə dəfə də olsun, çıxıb Əli Kərimlini tənqid etmədi? Nədən qorxdu?” – deyən Aydın Hüseynov əlavə edib ki, ölkədə siyasi mədəniyyətin yüksək olmasını arzulayanlar mütləq qaydada radikalizmdən, trolçuluqdan və antimillilikdən xilas olmalıdırlar: “Azərbaycanda siyasi mədəniyyətin əsaslarını Yeni Azərbaycan Partiyası formalaşdırıb. Bu gün heç kəs inkar edə bilməz ki, AXCP, Müsavat, onların tör-töküntüləri 1992-1993-cü illərdə parlamenti çayxanaya, küçələri isə vətəndaş müharibəsi meydanına çevirmişdilər, torpaqlarımızı isə fərari tək satmışdılar. Məgər bu gün ermənipərəst dairələrdən qrant, ianə alıb “danışan” bu marginal qrupların siyasi mədəniyyətdən danışmağa haqları çatırmı? Elə bu səbəbdən də xalq heç bir il keçməsi AXC-Müsavat hakimiyyətini qovdu, xilaskar kimi ulu öndər Heydər Əliyevi hakimiyyətə gətirdi. Bununla da ölkəmizə demokratiya, siyasi mədəniyyət gəldi”.

Aydın Hüseynov diqqətə çatdırıb ki, 44 günlük müharibə dövründə ordu cəbhədə düşmənə, xalq və hakimiyyət isə düşməni dəstəkləyən qüvvələrə qarşı birgə vuruşurdu: “Sual olunur ki, bəs bu müddətdə bu gün Prezident İlham Əliyevin iradlarını və ifadələrini həzm edə bilməyənlər harada idilər? Yoxsa, sosial şəbəkələrdə cəmi 1-2 status yazmaqla Orduya, xalqa dəstək olduqlarınımı hesab edirlər? Yaxud, sosial şəbəkədə bir-iki şəkil, video paylaşmaqla Zəfərimizdə, Qələbəmizdə hansısa rola malik olduqlarınımı sanırlar? Xeyr. Xalq da görür ki, düşmən üzərində qələbəni Ordu və Ali Baş Komandan birliyi qazandı. 44 günlük müharibə dönəmində Prezident İlham Əliyev onlarla KİV qurumuna müsahibələr verdi, dövlətimizin və xalqımızın haqlı mövqeyini dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Bəs, bu gün siyasi mədəniyyətdən, nominalizmdən dəm vuranlar harada idilər? Niyə bircə dəfə də olsun xarici KİV qurumlarına çıxıb xalqın mövqeyini müdafiə etmədilər? Amma bunun əvəzində Əli Kərimli kimilərin timsalında Ermənistana agentlik etdilər. Hər kəs yaxşı bilir ki, Prezident İlham Əliyevin 44 günlük müharibə zamanı verdiyi müsahibələrdə jurnalistlər anti-Azərbaycan qurumlarından konkret tezislərlə təmin edilib danışdırılırdılar. Nə təsadüf ki, bu gün xalqın milli qəhrəmanı olan Prezident İlham Əliyevin fikirlərinə öz aləmlərində irad bildirənlər də eyni ilə BBC-nin, CNN-in, Sky News-un jurnalistlərini təlqin edirlər. Görəsən, radikal müxalifət təmsilçiləri özlərində iradə tapıb etiraf edəcəklərmi ki, onlar da həmin kanalların tezis aldıqları mərkəzlər tərəfindən yönəldilirlər?”.