Home Manşet AZƏRTAC Yaponiya-Azərbaycan Dostluq ilinə informasiya dəstəyi göstərəcək

AZƏRTAC Yaponiya-Azərbaycan Dostluq ilinə informasiya dəstəyi göstərəcək

286
0
SHARE

Yaponiya səfiri Tokioda Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki dağıntıları əks etdirən fotosərginin təşkili barədə təşəbbüsü dəstəkləyib

AZƏRTAC Yaponiyanın Azərbaycandakı səfirliyi ilə birlikdə Yaponiya-Azərbaycan Dostluq ilinə informasiya dəstəyi göstərəcək.

Trend xəbər verir ki, bu məsələ və ikitərəfli əməkdaşlığa dair digər məqamlar AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə Yaponiyanın Azərbaycandakı səfiri Vada Cuniçinin görüşündə müzakirə olunub.

Səfirliyin təşəbbüsü ilə keçirilən görüşdə qeyd olunub ki, AZƏRTAC Yaponiyanın aparıcı Kyodo və JiJi Press xəbər agentlikləri ilə sıx tərəfdaşlıq edir. Əməkdaşlıq həm ikitərəfli formatda, həm də Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı (OANA) və digər beynəlxalq informasiya qurumları çərçivəsində həyata keçirilir. 2016-2019-cu illərdə Dünya Xəbər Agentlikləri Təşkilatına və OANA-ya sədrlik edən AZƏRTAC hazırda bu qurumların idarəedici orqanlarında təmsil olunur.

Bildirilib ki, Azərbaycanın 30 ilə yaxın işğal altında qalan torpaqları Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibə nəticəsində azad edilib. Erməni işğalçıları tərəfindən dağıdılan bu ərazilərdə bərpa-quruculuq işlərinə start verilib. Ölkəmizdə mədəniyyət və incəsənət sahələrinin inkişafına da xüsusi önəm verilir və Birinci vitse-prezident Mehriban Əliyevanın geniş fəaliyyəti sayəsində bu istiqamətdə böyük uğurlar qazanılıb.

Azərbaycan mədəniyyəti, tarixi və adət-ənənələri ilə yaxından tanış olmaqdan məmnunluğunu ifadə edən səfir Vada Cuniçi bildirib ki, iki ölkə arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir. 2022-ci ildə diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd ediləcəyini diqqətə çatdıran səfir deyib: “Bununla bağlı Yaponiya-Azərbaycan Dostluq ili çərçivəsində mədəniyyət, təhsil, iqtisadiyyat və digər sahələrdə qarşılıqlı tədbirlərin keçirilməsi planlaşdırılır. Bu tədbirlərə hazırlıq olaraq Yaponiyanın Azərbaycanda daha geniş tanıdılması istiqamətində AZƏRTAC ilə əməkdaşlıqdan məmnun olardıq”.

İdarə Heyətinin sədri Aslan Aslanov qeyd edib ki, AZƏRTAC əməkdaşlıq etdiyi aparıcı informasiya agentlikləri ilə birgə yaxın gələcəkdə bir sıra ölkələrdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Ermənistan tərəfindən dağıdılmış abidələri, ibadətgahları və yaşayış yerlərini əks etdirən fotosərgilər təşkil etməyi planlaşdırır. Çox istərdik ki, belə bir sərgi ilk dəfə olaraq Kyodo və JiJi Press ilə əməkdaşlıq çərçivəsində Tokioda təşkil olunsun. Bu təşəbbüsü dəstəkləyən səfir Yaponiyada sərginin təşkilinə məmnuniyyətlə kömək göstərməyə hazır olduğunu bildirib.

Görüşdə səfirə AZƏRTAC-ın informasiya, video və foto xidmətləri barədə məlumat verilib, səfirliyin fəaliyyətinin işıqlandırılması, birgə layihələrin həyata keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.