Home Manşet Medianın İnkişafı Agentliyi müasir dövrün əsas çağırışlarının yüksək səviyyədə cavablandırılmasını stimullaşdıracaq –...

Medianın İnkişafı Agentliyi müasir dövrün əsas çağırışlarının yüksək səviyyədə cavablandırılmasını stimullaşdıracaq – Vüqar Rəhimzadə

314
0
SHARE

Möhtərəm Prezidentimiz İlham Əliyevin mətbuatın müasir cəmiyyət quruculuğu prosesində rolunu nəzərə alaraq bu sahənin inkişafı istiqamətində islahatları təkmilləşdirməsi, Azərbaycan KİV-lərinin dünya informasiya məkanına inteqrasiyasını daha da sürətləndirmək məqsədilə davamlı addımlar atması media ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır. Bu, bir reallıqdır ki, çağdaş dövrümüzdə söz və mətbuat azadlığı hər bir dövlətin, xalqın həyatında mühüm amil olmaqla yanaşı, həm də onun inkişaf səviyyəsini nümayiş etdirir. Bu gün mətbuatımız milli özünüdərkin bərqərar olmasında, insanlarda vətənpərvərlik hisslərinin aşılanmasında, azərbaycançılıq ideologiyasının, ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynayır. Təkcə 2020-ci ildə yazılı və elektron KİV-lərin istər koronavirus infeksiyası ilə bağlı maarifləndirmə işinin gücləndirilməsində, istər bu bəlaya qarşı mübarizə tədbirlərinin təbliğində, istərsə də 44 gün davam edən İkinci Qarabağ müharibəsi ilə bağlı həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında göstərdiyi fədakarlıq, missiyasına uyğun surətdə dövlətçilik prinsiplərini əsas tutaraq birliyimizin, həmrəyliyimizin daha da möhkəmləndirilməsi istiqamətində atdığı addımlar diqqətdən kənarda qalmadı. Prezident İlham Əliyevin 44 günlük müharibə dövründə dünyanın 30-dan artıq nüfuzlu mətbu orqanlarına, televiziya kanallarına və informasiya agentliklərinə müsahibələrinin hər biri Azərbaycan reallıqlarının təbliği baxımından zəngin mənbə kimi dəyərləndirildi.

Bu fikirləri Trend-ə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində olduğu kimi, mətbuatda da zamanın və dövrün tələblərinə uyğun təkmilləşmə uğurla həyata keçirilir: “Yeni texnologiyaların inkişaf etdiyi müasir dövrdə bu təkmilləşmə öz aktuallığı ilə diqqətdədir. COVID-19-la bağlı özünütəcrid prinsiplərinin qorunması yeni texnologiyaların inkişafının zəruriliyini daha da qabartdı. Beynəlxalq əhəmiyyətli tədbirlərin, konfransların videoformat şəklində keçirilməsi hər bir ölkənin bu sahədə də malik olduğu imkanları ortaya qoydu. Azərbaycan bu sahədə də yeni texnologiyaların inkişafı və tətbiqi istiqamətində əldə etdiyi təcrübə ilə liderliyini nümayiş etdirdi. Dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi, islahatlar təkmilləşmə, yeni dövrə uyğunlaşma, tərəqqi deməkdir. Dünya miqyasında uğurlar əldə etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, bu nailiyyətlər məhz tərəqqi hesabına əldə edilib.”

“1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə söz və məlumat azadlığını məhdudlaşdıran bütün süni maneələr aradan qaldırıldı, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradıldı. Ümummilli Liderin 6 avqust 1998-ci il tarixli Sərəncamı ilə Azərbaycanda senzura ləğv olundu. 1999-cu ildə beynəlxalq tələblərə cavab verən “Kütləvi informasiya vasitələri haqqında” Qanun qəbul edildi. Ümumiyyətlə, söz və mətbuat azadlığının təmin olunması sahəsində həyata keçirilən uğurlu siyasətin məntiqi nəticəsi olaraq bu gün Azərbaycan KİV-in sayına görə MDB və Şərqi Avropa ölkələri arasında ön sıralardadır. Hazırda ölkədə yüzlərlə mətbuat orqanı, 50-dən çox informasiya agentliyi dövlət qeydiyyatından keçərək fəaliyyət göstərir, ”- deyə Vüqar Rəhimzadə bildirib.

Baş redaktor vurğulayıb ki, bu gün Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoyub: “Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı əsasında KİV-lərin inkişafına dövlət dəstəyi Konsepsiyasının qəbulu, bu sənədə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımların atılması da deyilənlərin təsdiqidir. Məhz son 17 ildə möhtərəm Prezidentimiz İlham Əliyevin 3 dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi mətbuatın inkişafına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan irəli gəlir”.

V.Rəhimzadə qeyd edib ki, artıq mübaliğəsiz demək olar ki, ölkəmizdə dünya standartlarına uyğun media, elektron və yazılı KİV formalaşıb: “İnternet jurnalistikası inkişaf edir. Statistikaya müraciət etsək, görərik ki, bu gün Azərbaycanda 40-dan artıq gündəlik, 200-dən çox həftəlik və aylıq qəzetlər cəmiyyətin informasiya tələbatının ödənilməsinə öz dəstəyini göstərir. Ölkə əhalisinin 80 faizindən çoxu fəal internet istifadəçisidir. Sosial mediadan istifadə edənlərin sayı 2 milyondan artıqdır. Bu statistik rəqəmlər Azərbaycanda azad mətbuatın inkişafı üçün bütün imkanların mövcud olmasının təsdiqidir”.

Baş redaktor bu fikri də xüsusi qeyd edib ki, Azərbaycan həqiqətlərinin təbliğində mətbuatın rolu nəzərə alınaraq, hazırda- informasiya müharibəsi dövründə müxtəlif dillərdə internet resurslarının yaradılması və fəaliyyət istiqamətlərinin genişləndirilməsi əsasdır: «Möhtərəm Prezidentimiz İlham Əliyevin bildirdiyi kimi, bu gün xarici dillərdə fəaliyyət göstərən internet saytları var və onların sayını artırmalıyıq. Çünki Azərbaycan həqiqətləri dünyaya çatdırılmalıdır. Bugünkü Azərbaycan necə inkişaf edir? Hansı nailiyyətləri var? Dünyanın inkişaf tendensiyasına hansı töhfələri verib? Bu istiqamətdə hələ görüləsi işlər çoxdur. Xüsusilə internet məkanında daha böyük işlər görülməlidir. Çünki məlumatı internetdən əldə edənlərin sayı getdikcə artacaq.”

Vüqar Rəhimzadə bildirib ki, qeyd etdiklərimizin fonunda dövlətimizin başçısı İlham Əliyevin 12 yanvar 2021-ci il tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanının əhəmiyyəti, aktuallığı daha aydın şəkildə görünür: “Fərmanda da qeyd edildiyi kimi, qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun olaraq modernləşmə, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkanlardan Azərbaycan mediasının daha çox bəhrələnməsi, onun şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması üçün bu sahədə əsaslı islahatlar aparılmasına zərurət yaranmışdır. Ölkəmizdə medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə imzalanan bu sənədə uyğun olaraq Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin yaradılması media sahəsində qarşıdakı dövr üçün nəzərdə tutulan hədəflərin gerçəkləşməsində stimulverici amil olacaq. Birmənalı qeyd etmək olar ki, bu addım Azərbaycan mətbuatının inkişafında yeni mərhələnin başlanmasıdır. Çünki yeni texnologiyaların inkişafı və tətbiqi sahəsinin genişləndirilməsi mətbuatın da bu imkanlardan bəhrələnməsinə yol açır. Bu diqqət və qayğı öz növbəsində jurnalist məsuliyyəti və peşəkarlığı məsələsini daha da aktuallaşdırır. Bu baxımdan ki, internet resurslarının sürətlə inkişaf etdiyi müasir dövrdə qarşıda dayanan əsas vəzifələrdən biri məlumatın obyektivliyinin, qərəzsizliyinin qorunmasıdır. Qürur hissi ilə qeyd etmək lazımdır ki, mətbuatın inkişafına yönələn hər bir addım, imzalanan Fərman və sərəncamlar çağdaş Azərbaycan mətbuatının “Əkinçi”dən başlanan yolunun uğurlu davamına xidmət edir, “dördüncü hakimiyyət” kimi dəyərləndirilən mediaya Azərbaycan dövlətinin və möhtərəm Prezidentimizin münasibətini, diqqət və qayğısını özündə ehtiva edir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda dövlət-mətbuat münasibətləri bundan sonra da yüksək səviyyədə olacaq, media nümayəndələri üzərilərinə düşən missiyanı müasir texnologiyaların yaratdığı imkanlardan maksimum istifadə etməklə uğurla yerinə yetirəcəklər. Sərəncamda əksini tapan müddəalar sırasında “Media haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinin iki ay müddətində hazırlanıb ölkə Prezidentinə təqdim edilməsi də xüsusi yer tutur. İnamla qeyd etmək olar ki, həyatımızın bu sahəsində müəyyənləşdirilən kompleks tədbirlər qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaqda açar rolunu oynayacaqdır”.