Home Manşet “Amnesty International” Ermənistanın beynəlxalq hüquq çərçivəsində cəzalandırılmasını gündəmə gətirməlidir – Vüqar Rəhimzadə

“Amnesty International” Ermənistanın beynəlxalq hüquq çərçivəsində cəzalandırılmasını gündəmə gətirməlidir – Vüqar Rəhimzadə

289
0
SHARE

44 günlük İkinci Qarabağ müharibəsi arxada qalsa da onun nəticələri, ən əsası Ermənistanın müharibə dövründə də beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymaması geniş şəkildə müzakirə olunmaqda, hazırlanan hesabatlarda öz əksini tapmaqdadır. Diqqət çəkən məqam istər müharibədən əvvəl, istərsə də müharibənin gedişi zamanı işğalçı Ermənistana dəstək olub hesabatlarında onu haqlı, Azərbaycanı isə haqsız tərəf kimi qeyd edən beynəlxalq hüquq müdafiə təşkilatlarının müharibədən sonra reallıqları etiraf etmələri, həqiqətlərə həqiqət gözü ilə baxmalarıdır. Bu baxımdan, “Amnesty International” təşkilatının hesabatları diqqətçəkəndir. Belə ki, qurum növbəti dəfə 44 günlük müharibə zamanı Ermənistanın qadağan olunmuş silahlardan istifadə etməsi nəticəsində mülki şəxslərin qətlə yetirilməsinə dair hesabat yayıb. Hesabatda Ermənistan silahlı qüvvələri tərəfindən qeyri-dəqiq ballistik raketlərdən, idarəolunmayan çoxsaylı raket sistemlərindən və artilleriya silahlarından istifadə edildiyi bildirilir.

Bu fikirləri Trend-ə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, bu kimi hesabatlar Azərbaycanın haqlı mövqeyinin, Ermənistanın əsl simasının, atdığı beynəlxalq hüquqazidd addımların təqdimatı baxımından xüsusi əhəmiyyət kəsb edir. Amma bugünümüz üçün real olan məsələ, əsas çağırış bu hesabatlarda, ümumiyyətlə, qəbul olunan sənədlərdə əksini tapan problemlərin fonunda sözdən əmələ keçilməsinin zəruriliyidir: “Azərbaycan 30 ilə yaxın dövrdə dünyadan nüfuzlu beynəlxalq təşkilatların qərar və qətnamələrinin icrasını, beynəlxalq hüquq normalarına əməl olunmasını gözlədi. Hələ ötən əsrin 90-cı illərinin əvvəllərində BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni işğalçı qüvvələrinin bu ərazilərdən qeyd-şərtsiz çıxarılması öz əksini tapmışdı. 30 ildə bu qətnamələrin icrası istiqamətində hər hansı addım atıldımı? Dövlətimizin başçısı İlham Əliyev dəfələrlə ən yüksək tribunalardan bəyan edirdi ki, kağız üzərində qalan qətnamələrin icrasına böyük ehtiyac var. Amma dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatları görməzdən və eşitməzdən gələrək yenə də ikili siyasətlərini davam etdirməkdə idilər. Sonda nəticə necə oldu? Azərbaycan Ordusu dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində işğala son qoydu, yeni tarix yazdı, beynəlxalq hüququn norma və prinsiplərinin mövcudluğunu əməldə təsdiqlədi, ən əsası dünyanın xarici siyasətini dəyişdi. Bir daha dünyaya çatdırıldı ki, bu prinsiplər bütün dövlətlərə eyni şəkildə tətbiq olunmalı və vahid icra mexanizmi müəyyənləşdirilməlidir”.

Baş redaktor qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyev 44 günlük müharibə dövründə dünyanın 30-dan artıq nüfuzlu mətbu orqanına müsahibələri zamanı qərəzdən yaranan, Ermənistana dəstək xarakterli sualları təmkinlə cavablandırarkən Azərbaycanın heç vaxt beynəlxalq səviyyədə qadağan edilmiş silahlardan istifadə etmədiyini, mülki şəxsləri hədəf seçmədiyini, bu kimi addımların Ermənistana məxsus olduğunu dəfələrlə bildirmişdir. Əsas olan dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatlarının ədalət prinsipini öndə saxlayıb, düzgün yanaşma ortaya qoymaları idi. Bu gün həmin yanaşmalar özünü qabarıq şəkildə büruzə verir. “Amnesty International” təşkilatının hesabatları da bunun bariz nümunəsidir.

V.Rəhimzadə vurğulayıb ki, həmin hesabatda bu məqam xüsusi önə çəkilir ki, hərbi əməliyyatların dayandırılmasına dair 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra “Amnesty International”ın ekspertləri Azərbaycanın raket zərbələrinə məruz qalmış bir sıra ərazilərinə səfərlər ediblər: “Həmin ekspertlər vəzifəli şəxslərlə, raket zərbələrindən sağ qalmış insanlarla və həlak olmuş mülki şəxslərin yaxınları ilə görüşüblər. Təşkilatın böhran qrupu raket qalıqlarını təhlil edərək müharibə zamanı çəkilmiş videoları, fotoları və peyk şəkillərini də araşdırıblar. “Amnesty International” Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın şəhər və kəndlərinə mülki vətəndaşların həlak olması ilə nəticələnən səkkiz raket zərbəsinin endirilməsini sənədləşdirib. Hesabatda əksini tapan təsdiqlənmiş faktlar işğalçı Ermənistanın beynəlxalq hüquq çərçivəsində cəzalandırılmasını bir tələb kimi ortaya qoyur. Əmin olmaq istərdik ki, qurum gələcək hesabatlarında bu məqamları da xüsusi qeyd edəcək”.