Home Manşet Azad olunmuş ərazilərimizdə yeni yolların, aeroportların tikilməsi böyük qayıdış üçün vacib prioritetlərdəndir...

Azad olunmuş ərazilərimizdə yeni yolların, aeroportların tikilməsi böyük qayıdış üçün vacib prioritetlərdəndir – Deputat

307
0
SHARE

İşğaldan azad olunmuş ərazilərimizdə yeni, müasir kommunikasiyaların tikilməsi böyük qayıdış üçün vacib prioritetlərdəndir.

Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, dördzolaqlı Füzuli-Şuşa avtomobil yolunun tikintisinə başlanıb, dəmir yolunun tikintisinin layihələndirilməsi işləri davam etdirilir:

“O cümlədən işğaldan, azad olunmuş ərazilərimizdə hava nəqliyyatının da işləməsi üçün infrastrukturun formalaşdırılması işlərinə start verilib. Cənab Prezident İlham Əliyev Laçın və Kəlbəcər rayonlarının ərazisində hava limanının tikintisinin aparılması üçün yerin seçilməsinə tapşırıq verib və bu istiqamətdə işlər davam etdirilir.

14 yanvarda cənab Prezident Füzuli beynəlxalq hava limanının təməlini qoydu. Hava limanının uçuş-eniş zolaqlarının bu il istifadəyə verilməsi planlaşdırılıb. Füzuli hava limanının tikintisinin qısa bir zamanda həyata keçirilərək istifadəyə verilməsinin böyük siyasi və iqtisadi əhəmiyyəti var.

Siyasi əhəmiyyəti ondan ibarətdir ki, işğaldan azad edilən ərazilərdə beynəlxalq hava limanı istifadəyə verməklə düşmənlərə göstəririk ki, biz bu ərazilərimizə qayıtmışıq və məqsədimiz bu ərazilərdə yüksək səviyyəli həyat şəraitinin bərpa edilməsidir. Hava limanı və digər sosial infrastrukturu yenidən qurmaqla torpağımızın hər qarışının bizə əziz olduğunu nümayiş etdirirk.

Füzuli beynəlxalq hava limanının istifadəyə verilməsinin böyük iqtisadi əhəmiyyəti olacaq. Bu aeroport bölgənin inkişafında əhəmiyyətli rol oynayacaq. Dağlıq Qarabağ ərazisi paytaxt Bakıdan uzaqda yerləşdiyindən bu ərazilədə sürətli bərpa işlərinin aparılması üçün daşınmaların həyata keçirilməsində Füzuli aeroportunun xüsusi rolu olacaq”.

A.Badamov vurğulayıb ki, həm də bu ərazilər gözəl təbiəti, qədim tarixi abidələri ilə zəngindir:

“Həm də bərpa olunacaq şəhərlərdə erməni vandalizmin qurbanı olan dağılmış şəhərlərin qalıqlarından ibarət açıq səma altında muzeylər yaradılacaqdır. Gələcəkdə Şuşada Vaqifin poeziya günləri və digər beynəlxalq əhəmiyyətli mədəni-kütləvi tədbirlər keçiriləcək. Füzuli aeroportunun istifadəyə verilməsi bu ərazilərə səfər edəcək xarici qonaqların və turistlərin gediş-gəlişini rahatlaşdıracaq.

Biz, ermənilərin Qarabağ torpaqlarında törətdikləri vəhşilklərini dünya ictimaiyyətinə real faktlarla təqdim etməliyik. Xarici qonaqları, beynəlxalq təşkilatların nümayəndələrini bu ərazilərimizə dəvət edəcəyik, gətirəcəyik və erməni vandallığı ilə canlı şəkildə tanış olmaqlarına şərait yaradacağıq. Xaricilər Şuşaya gələrək həqiqətən buranın ölkəmiz üçün nə qədər əhəmiyyətli olduğunu görəcəklər.

Cənubi Qafqazın klassik musiqisində silinməz iz buraxmış Üzəyir Hacıbəylinin, Bülbülün yaradıcılığı ilə tanış ola biləcəklər. Xan qızı Natəvanın mədəni irsini və Şuşanın inkişafındakı töhfələrinin şahidi olacaqlar. Bu baxımdan Füzuli aeropotunun böyük əhəmiyyəti olacaq.

Aeroportun bu ərazidə olması oranın sənaye və kənd təsərrüfatı sektorunun inkişafına da müsbət təsir göstərəcək. Çünki bu ərazilərimizdə müasir istehsal sahələrinin qurulması üçün xaricdən avadanlıqların gətirilməsi və istehsal olunacaq malların uzaq xarici bazarlara ixracının təşkili məsələləri gündəmə gələcəkdir. Aeroportun məhz bu ərazidə olması beynəlxalq daşımaları rahatlaşdıracaq.

Ümumiyyətlə götürüləndə tikiləcək Füzuli aeroportunun digər infrastruktur layihələri kimi işğaldan azad olunmuş torpaqlarımızın yenidən qurulması, bərpası və tanıdılmasında xüsusi rolu olacaqdır”.