Prezident İlham Əliyevin Şuşaya səfəri xüsusi önəm daşıyırdı. Səfər zamanı Prezident bir çox vacib məqamlara toxundu, ciddi mesajlar verdi. Ermənilər Qarabağda Azərbaycan mədəniyyətinin izlərini silməyə, dini abidələrimizi dağıtmağa çalışırdılar. Ancaq edə bilmədilər. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusu düşmənə layiqli cavab verdi. Ermənistan tarixdə layiqli cəzasını və dərsini aldı.
Bunu Trend-ə Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyev bir daha Ermənistandakı revanşist qüvvələrə ciddi xəbərdarlıq etdi ki, onlar yenidən baş qaldırsalar, bir daha “dəmir yumruq”la üzləşəklər:
“Azərbaycan təxribatlara çox ciddi reaksiya verəcək. Odur ki, 44 gündə baş verənlərdən ermənilər ciddi nəticə çıxarmalıdırlar. Prezident İlham Əliyev çıxışında ermənilərin tarixi abidələrimizə vandal münasibətindən də geniş söhbət açdı. Ermənilərin mədəniyyət abidələrimizi, məscidlərimizi dağıtdıqlarını xüsusi qeyd etdi. Bülbülün ev muzeyi, Vaqifin məqbərəsiin indiki vəziyyəti bu vəhşiliyin ən parlaq nümunəsidir. Bu bir daha ermənilərin necə vəhşi düşmən olduqlarını, İslam dəyərlərinə necə düşmən münasibəti bəslədiklərini göstərir. Sanki sivilizasiyadan uzaq, vəhşi qəbilə keçib bu yerlərdən.
Bu eyni zamanda, Ermənistanın həyata keçirdiyi islamofob siyasətdən xəbər verir. Bu həmçinin Ermənistanın ikiüzlülüyünün göstəricisidir. Bir tərəfdən özünü müsəlmanların dostu kimi göstərməyə, müsəlman ölkələri ilə əlaqələrini gücləndirməyə çalışır. Digər tərəfdən müsəlman məscidlərini dağıdır, içərisində heyvan saxlayır, təhqir edir. Məscidləri dağıdanlardan müsəlmanlara dost olmaz. Müsəlman ölkələri bunu mütləq ciddi şəkildə nəzərə almalıdırlar”.
Deputat vurğulayıb ki, ermənilər Qarabağda Aşağı Gövhər məscidini təmir edərək, gözdən pərdə asmağa çalışırdılar: “Guya İslam abidələrinə hörmətli yanaşırlar. Cinayət törədərək bu məscidin təmiri zamanı saxtalaşdırma ediblər. Budur Ermənistanın həqiqi mahiyyəti – saxtakarlıq və islam dəyərlərinə düşmən münasibət.
Ermənistandan fərqli olaraq Azərbaycanda bütün dini abidələr, o cümlədən erməni kilsəsi dövlət tərəfindən himayə olunur. Azərbaycanda bütün xalqların və dinlərin nümayəndələri sülh və qarşılıqlı anlaşma şəraitində yaşayırlar, dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunublar. Bu gün Azərbaycan dünyada tolerantlığın və multikulturalizmin mərkəzlərindən biri sayılır”.
C.Məmmədov qeyd edib ki, digər vacib bir məqam isə beynəlxalq təşkilatların və bir sıra müsəlman ölkələrinin bu vəhşiliyə, islama düşmən münasibətə laqeyd və biganə yanaşmasıdır:
“Azərbaycan məscidlərinin dağıdılmasına göz yuman beynəlxalq qurumlar və bir sıra dövlətlər Azərbaycandakı xristian abidələrindən bu gün narahatlıqlarını ifadə edirlər. Bu bir daha ikili standartın və qərəzli münasibətin göstəricisidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, belə çıxır məscidləri dağıtmaq olar? Narahat olmasınlar, biz ermənilər kimi vəhşi deyilik, digər din və mədəniyyətlərə düşmən münasibət bəsləmirik. Hamısını qorumuşuq və qoruyacağıq.
Azərbaycan qısa müddətdə bölgədəki bütün dini abidələri bərpa edəcək, bu yerlərdə tezliklə həyat öz axarına qayıdacaq. Azərbaycanın bunun üçün geniş imkanları, iqtisadi resursları və zəngin təcrübəsi var. Artıq layihələndirmə işlərinə başlanılıb”.