Home Manşet Müəyyən maraqlı tərəflər var, beynəlxalq aləmdə də, ölkəmiz daxilində də

Müəyyən maraqlı tərəflər var, beynəlxalq aləmdə də, ölkəmiz daxilində də

383
0
SHARE

Elman Nəsirov səslənən fikirləri tam olaraq əsassız sayır: “Əvvəla, onu deyim ki, yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya və Ermənistanın siyasi rəhbərlərinin imza atdıqları sənəd 10 noyabr tarixli müharibəyə son qoyan sənədin davamıdır. Yəqin ki, biz sonrakı mərhələlərdə də üçtərəfli sənədlərin imzalanmasını görəcəyik. Təəssüf hissi ilə qeyd etməliyəm ki, müəyyən maraqlı tərəflər var, beynəlxalq aləmdə də, ölkəmiz daxilində də. Çalışırlar ki, Rusiya-Azərbaycan, Rusiya-Türkiyə münasibətlərinə kölgə salsınlar. Bulanıq suda balıq tutmaq siyasətini həyata keçirmək istəyirlər. Rusiyanın münaqişənin tənzimlənməsi məsələsindəki roluna diqqət ayırarkən bir şeyi birmənalı şəkildə bilmək lazımdır ki, Rusiyanın sülh prosesində iştirakı müharibəyə son qoyulması və sülh prosesindəki rolu faktdır. Kimsə bununla barışa, yaxud barışmaya bilər. Bu onların öz işidir. Amma unutmayaq ki, Rusiya regionun nəhəng dövlətidir. Dünya miqyasında da nəhəng ölkələr ən azından öz yaxın zonalarındakı proseslərdə iştirak edirlər. Məsələn, fövqəldövlət olan ABŞ təkcə Amerika qitəsində deyil, dünyanın əksər yerlərində öz maraqlarının müdafiəsi ilə bağlı proseslərə qatılırlar. Təsəvvür edin ki, Birləşmiş Ştatların dünyada 760-a qədər hərbi bazası və obyekti var. Bu o deməkdir ki, dünyanın istənilən regionunda hadisə və proseslərə bu və ya digər nöqteyi nəzərdən öz maraqları prizmasından müdaxilə edə bilirlər. Rusiyada da postsovet məkanında çox ciddi, prioritet maraqlarının cəmləşdiyini hər zaman açıq şəkildə etiraf edirlər. Ona görə də, siyasətdən uzaq adamlar düşünə bilərlər ki, münaqişənin tənzimlənməsi prosesində Rusiya iştirak etməsin. Bu qeyri-mümkündür. Rusiya həm də həmsədr dövlətdir. Kremlin sülh prosesində iştirakına və bunun nə qədər səmərəli olmasına gəldikdə isə, hesab edirəm ki, Azərbaycan prezidenti, cənab İlham Əliyevin bu istiqamətdə səsləndirdiyi fikirlərə diqqət etmək lazımdır. Ali Baş Komandan dəfələrlə Rusiya rəhbərliyinə təşəkkür edib ki, yeni sülh prosesində, müharibədən sonrakı tənzimlənmə prosesində Rusiya fəal rol oynayır, əməkdaşlıq mühitinin yaradılmasına dəstək verir, müsbət, pozitiv rola malikdir. Başqa bir dezinformasiya da yayılıb ki, guya sülh prosesində Rusiya monopolist mövqeyə malik olur, Türkiyəni sıxışdırmağa başlayıb. Bu ittihamın heç bir əsası yoxdur. Rusiya-Türkiyə arasında bu gün çox ciddi əməkdaşlıq mühiti var. Amerika başda olmaqla, NATO ölkələrinin əksəriyyətinin Rusiya ilə ciddi konfliktinin olduğu bir reallıqda başqa bir NATO ölkəsi Türkiyənin Rusiya ilə münasibətləri müsbət dinamikaya malikdir. Azərbaycanın Rusiya ilə streteji tərəfdaş olduğunu da nəzərə alaq və Türkiyə ilə qardaş ölkə olduğunu da diqqətdə saxlayaq. Belə olan vəziyyətdə hər üç ölkənin arasında səmərəli, faydalı bir əməkdaşlıq mühiti formalaşıb. Bu baxımdan deyilənləri süni şəkildə Türkiyə-Rusiya münasibətlərinə kölgə salmaq, onu pozmaq cəhdi kimi qəbul etmək olar. Bu gün cənab İlham Əliyevin səsləndirdirdiyi altıtərəfli əməkdaşlıq formatının reallaşması üçün yaxşı imkanları yaranır. 11 yanvar sənədinə bu prizmadan yanaşmaq lazımdır. Burada Azərbaycanın milli maraqları bir daha ən yüksək səviyyədə müdafiə olunur. Azərbaycan öz hədəflərinə çatıb, bundan sonra da çatmaqdadır. Bu günləri cənab İlham Əliyevin işğaldan azad edilmiş Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşaya səfəri və orada səsləndirdiyi fikirlər bir daha bu qənaətə gəlməyə əsas verir”.