2021-ci il də artıq qələbələrlə başlayır.
Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı, “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı zavodlarının təməlqoyma və “Azerfloat” QSC-nin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı müəssisəsinin açılış mərasimlərindən sonra Azərbaycan Televiziyasına müsahibəsində söyləyib.
Dövlət başçısı bildirib:
“Ölkəmizin uzunmüddətli dayanıqlı inkişafı təmin ediləcək. İlin əvvəlində məhz buraya gəlməyim təsadüfi deyil. Yəni, 2021-ci il də artıq qələbələrlə başlayır. Əlbəttə ki, mənim bölgələrə ilk səfərim, hamımız üçün doğma Şuşa şəhərinə olub. Bu da mətbuatda kifayət qədər işıqlandırılıb. İkinci səfərim isə Sumqayıtadır. Son 17 il ərzində mən Sumqayıtda bəlkə də 30 dəfə olmuşam. Hər dəfə burada olanda, həm sənaye müəssisələrinin işə düşməsi, eyni zamanda, şəhərsalma ilə bağlı görülən işlər, insanları narahat edən problemlərin həlli daim diqqət mərkəzində olur. Bu gün Sumqayıt həm memarlıq, həm də ekoloji baxımdan gözəl şəhərdir, havası təmizdir, gözəl bulvarı var və iş yerləri də yaradılır. Bax, bu 3 müəssisədə 350-dən çox iş yeri yaradılıb və burada işləyənlərin əksəriyyəti yerli sakinlər olacaq.
Biz bu müəssisələri yaratmaqla həm bu günün məsələlərini həll edirik, həm də gələcək məsələləri. Nə üçün Azərbaycanda bizə lazım olan bütün istehsalat sahələri yaradılmasın? Sadəcə olaraq, həm xarici, həm də yerli investorların ölkəmizin gələcəyinə inamı olmalıdır, bu da həmişə olub, bu gün də var. Gözəl investisiya iqlimi olmalıdır”.