Home Manşet Sədaqət Vəliyeva: Müharibə və pandemiya reallıqları fonunda Azərbaycanda yeni istehsal müəssisələrinin yaradılması...

Sədaqət Vəliyeva: Müharibə və pandemiya reallıqları fonunda Azərbaycanda yeni istehsal müəssisələrinin yaradılması ölkəmizin uğurlu inkişafının göstəricisidir

532
0
SHARE

“Sirr deyil ki, Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başladığı gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoymuşdu. Bu səbəbdəndir ki, qeyri-neft sektorunun inkişafı, yeni iş yerlərinin yaradılması, insanların sosial rifah halının yüksəldilməsi istiqamətində dövlət layihələri həyata keçirildi, ölkənin iqtisadiyyatı inkişafı təmin edildi. Təsadüfi deyil ki, Azərbaycanın dinamil inkişafını, uğurlarını beynəlxalq maliyyə qurumları da təqdir edirlər. Məsələn, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 10 ən islahatçı ölkə sırasındadır və dünya miqyasında 28-ci yerdədir”. Bu fikirləri Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, biznes mühitinin yaxşılaşdırılması, xarici investisiyanın cəlb olunması istiqamətində aparılan işlər də iqtisadi sahədə Azərbaycan dünya miqyasında uğurla inkişaf edən ölkələr sırasına daxil olmasına səbəb olub: “Xüsusilə də, müharibə və pandemiya reallıqları fonunda Azərbaycanda yeni istehsal müəssisələrinin yaradılması ölkəmizin uğurlu inkişafının göstəricisidir. Məhz, dünya miqyasında pandemiyanın iqtisadiyyata etdiyi mənfi təsirlərə baxmayaraq, Prezident İlham Əliyev yeni müəssisələrin yaradılmasını diqqətdən kənarda qoymur. Dünyada bir çox ölkələrin sosial-iqtisadi layihələri ixtisar etdiyi zamanda bir sıra müəssisənin istifadəyə verilməsinin davamı olaraq ötən gün Sumqayıt Kimya Sənaye Parkında iki zavodun təməlinin qoyulması, vərəqə şüşə istehsalı müəssisəsinin açılışı deyilənlərin bariz nümunəsidir. Məhz bu mənada sənayeləşmə siyasətinə uyğun olaraq ölkəmizdə yüzlərlə müasir sənaye müəssisəsi, yeni istehsal sahələri yaradılır, daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artır, ixrac imkanları genişlənir. Bu kimi hallar isə öz növbəsində yeni iş yerlərinin  yaradılmasına, işsizlik həddinin azalmasına öz müsbət təsirini göstərir”.

Sədaqət Vəliyeva əlavə edib ki, müasir çağırışlarla uzlaşan sənaye parkları və məhəllələri, aqroparklar kimi mütərəqqi mexanizmlər ixracyönümlü məhsulların istehsalının genişləndirilməsinə, neft-qaz amilindən asılılığın daha da azaldılmasına, innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin inkişafına və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasına yeni imkanlar açır. Məhz, son illər ərzində görülən işlər, açılan istehsal müəssisələri bir daha onu göstərir ki, Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatını düzgün əsaslar üzərində qurmaqla dayanıqlı inkişafını təmin edir, ən əsası dünyaya yeni iqtisadi modelini nümayiş etdirir.