Vətən müharibəsində ağır yaralanan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçusu bu gün dünyasını dəyişib.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən bildiriblər. Qeyd olunub ki, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçusu, çavuş Elşən Quluzadə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmancasına döyüşərkən ağır yaralandığına görə tibb müəssisəsinə yerləşdirilmişdi.
22 yaşlı çavuş Quluzadə Elşən Qulu oğlu Füzuli rayonunun 2-ci Mahmudlu kəndində anadan olub. Müharibəyə elə ilk gündən qatılan şəhidimiz 11 oktyabr 2020-ci ildə Hadrut istiqamətində gedən döyüşlərdə başından güllə yarası almışdı. 27 gün komada qaldıqdan sonra ayılmışdı, ancaq, həkimlərin səylərinə baxmayaraq o şəhidlik zirvəsinə ucaldı.
Şəhidimizlə vida mərasimində Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov və nazir müavinləri iştirak ediblər.
Şəhid Elşən Quluzadənin cənazəsi polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçularının müşaiyəti ilə doğulub boya-başa çatdığı Füzuli rayonuna aparılaraq orada dəfn ediləcək.