ABŞ-da koronavirus pandemiyasının yaratdığı iqtisadi böhran getdikcə dərinləşir, onunla mübarizə üçün qəti və təcili tədbirlərə ehtiyac var.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Cozef Bayden bildirib.
“Böhran yalnız dərinləşir. Vəziyyət yaxşılaşmır, [böhran] ancaq dərinləşir. Dünən daha 900.000 amerikalının işsizlik müavinəti üçün müraciət etdiyini öyrəndik”, – prezident deyib.
Onun sözlərinə görə, dövlət bu şərtlərdə vətəndaşlara yalnız “mənəvi borc”a görə deyil, həm də “təcili iqtisadi zərurət” olduğu üçün kömək etməlidir. “Biz hərəkət etməliyik, indi hərəkət etməliyik” – amerikan lideri vurğulayıb. “Biz cəsarət və qətiyyətlə davranmalıyıq”, – Bayden əlavə edib.
Bildirilir ki, yeni prezident pandemiyanın ABŞ sakinlərinə təsirini azaltmağa yönəlmiş iki fərman imzalayıb. Bunlardan biri böhrandan təsirlənən işləyən ailələr üçün təcili tədbirlərə, ikincisi isə federal işçilərinin minimum əmək haqlarının saatda 15 dollara qaldırılmasına aiddir (onlara həmçinin “ödənişli təcili məzuniyyət” verilməlidir).