Home Manşet Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi konsepsiya layihəsinin təqdimatı keçirilib (FOTO/VİDEO)

Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi konsepsiya layihəsinin təqdimatı keçirilib (FOTO/VİDEO)

359
0
SHARE

Yanvarın 23-də “Fairmont Baku” otelində Türkiyə və Azərbaycan qardaşlığının rəmzinə çevrilən Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi konsepsiya layihəsinin təqdimatı keçirilib.

Trend xəbər verir ki, “İstiqlal zirvəsi” adını daşıyan bu layihə azərbaycanlı və türk memar, dizayner və mühəndislər tərəfindən konsepsiya şəklində işlənib və təşəbbüs olaraq irəli sürülüb.

Tədbirdə türkiyəli mühəndis Ender Şahsuvaroğlu, “Platform” Türk Cəmiyyətinin rəhbəri Yüksel Akgün, konstruktor Seyfəddin Vəliyev, texniki mühəndis Rəşad Mirzəyev, texniki memar Anar Quliyev və “Platform” Türk Cəmiyyətinin rəhbər köməkçisi Süleyman Kayıkçıoğlu iştirak ediblər.

Layihənin rəhbəri, memar Muxtar Ərturan bildirib ki, Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi Türkiyə-Azərbaycan dostluğunun rəmzi kimi bu qardaşlığın memorial abidəsi olacaq. Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin “Bir ananın iki oğlu, Bir amalın iki qolu. O da ulu, bu da ulu, Azərbaycan-Türkiyə” şeirini söyləyən memar layihənin tarixi əhəmiyyətindən danışaraq deyib: “Şəhidlərin xatirəsinə həsr olunan bu kompleksdə layihənin müəllifləri bir çox mühüm məqamları qabartmağa çalışıblar. Bu kompleks istiqlal muzeyi olmaqla, 20 Yanvar faciəsini və Xocalı soyqırımını dünyaya tanıdacaq, eyni zamanda, Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi şanlı Ordumuzun qazandığı Qələbəni tərənnüm edəcək. Kompleks Türkiyə ilə Azərbaycan arasında qurulmuş hərbi-iqtisadi əməkdaşlıqla yanaşı, memarlıq sahəsində də nümunə olaraq dostluq rəmzi kimi bütün türk xalqlarına yönəlmiş töhfədir. Bakının seçilən yerlərindən birində yaradılacaq bu kompleks milli atributlarımızdan sayılan səkkizguşəli ulduz şəkilində, ultramüasir, çoxmərtəbəli bina kimi layihələndirilib. Kompleks ərazisinin dairəvi formada olması gələcəkdə 8 noyabr – Zəfər Günündə hərbi-zirehli texnikanın keçməsi və insanların bayram etməsi üçün nəzərdə tutulub. Layihənin özəlliyi ondadır ki, burada 3d və 7d sinema texnologiyalarından istifadə olunub”.

Layihə haqqında ətraflı məlumat verən Muxtar Ərturan qeyd edib ki, muzeyin birinci mərtəbəsində Turan birliyini əks etdirən gerb və Azərbaycanın üçrəngli bayrağı təsvir olunacaq, üzərində Vətən müharibəsi şəhidlərinin adları fosfor tərkibli nanoboya ilə həkk ediləcək. Muzeyin bu hissəsi şəhidlərimizin müqəddəs anım yeri kimi nəzərdə tutulub. Gerbin üzərində isə 30 metr hündürlüyündə Azərbaycan bayrağını əks etdirən silindr formalı, dünyanın ən böyük məşəli quraşdırılacaq və üzərində ulu öndər Heydər Əliyev, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın nitqlərindən seçmə fikirlərlə müşayiət olunan 7d formatında təsvirləri əks olunacaq. Muzeydə “Şəhidlər zirvəsi” zalı olacaq ki, oranı ziyarət edən hər kəs qəhrəman şəhidlərimizin canlı holoqramını görə biləcək.

“Bu günədək Qarabağ müharibəsi haqqında məlumatı KİV-lərdən alırdıq. Ancaq məni memar kimi düşündürən odur ki, qəhrəman şəhidlərimizin haqqında dolğun məlumatımız yoxdur. Artıq başımızı uca edən bu qəhrəmanları dünyaya tanıtmağın zamanı gəlib”, – deyə Muxtar Ərturan söyləyib.

Bildirilib ki, muzeydə turistlər Xocalı soyqırımı ilə bağlı videomateriallara baxa biləcək, həmçinin 20 Yanvar dəhşətlərini nümayiş etdirən zalda hər bir ziyarətçinin daha dolğun məlumat almasına şərait yaradılacaq. Qabaqcıl “Mat. Fuse.hololens” texnologiyaları ilə təchiz olunmuş bu zala xüsusi hərəkətli horizontal eskalatorlar vasitəsilə daxil olunacaq. Hərəkətli eskalatorlar üzərindəki insanlar bu zaldan keçəcək və 20 Yanvar hadisələrini 1 dəqiqə ərzində canlı izləyəcəklər.

Bildirib ki, kompleksdə istiqlal tariximizi əks etdirən “Smart muzey” də yaradılacaq. Bu muzey elektron və vizual tablolarla təchiz ediləcək. Ziyarətçi “Smart voice” tablosu vasitəsilə konkret eksponat barədə sərbəst məlumat əldə edəcəklər.

Kompleksdə, həmçinin müstəqillik və İstiqlal tariximizi əks etdirən “Smart kitabxana”, səsli və vizual görüntülərlə təchiz olunmuş, müasir tələblərə uyğun “Smart rəsm qalereyası”, Türk Dövlətlərinin Əməkdaşlıq Şurası Mərkəzi, Turan birliyi mərkəzi, müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans, akt, sinema zalları və fərqli təyinatlı otaqlar da yer alacaq.

Hərbi Sənaye Muzeyində isə “Dəmir Yumruq” əməliyyatının Zəfərlə başa çatdırılmasında mühüm rol oynamış hərbi texnika və hərbi sənayemizi əks etdirən sərgi zalı açılacaq.

Layihə rəhbəri, həmçinin qeyd edib ki, muzeyin ərazisində, İkinci Qarabağ savaşında qənimət götürülən silahlarla yanaşı, “Bayraqdar”, “İti qovan” və Milli Ordumuzun digər hərbi texnikalarını da nümayiş etdirmək mümkün olacaq.

Sonra layihə rəhbəri jurnalistləri maraqlandıran sualları cavablandırıb.

Layihə ilə bağlı ətraflı məlumat almaq üçün (+994) 50 200 51 21 telefon nömrəsinə zəng etmək olar.