Home Manşet Azərbaycan təqribən 1200 erməni hərbi qulluqçusunun cəsədini erməni tərəfinə qaytarıb – Hikmət...

Azərbaycan təqribən 1200 erməni hərbi qulluqçusunun cəsədini erməni tərəfinə qaytarıb – Hikmət Hacıyev

265
0
SHARE

Vaşinqtonda fəaliyyət göstərən ən nüfuzlu “beyin mərkəzləri”ndən biri – “Atlantik Şurası” (“Atlantic Council”) Ermənistan-Azərbaycan müharibəsinin yekunlarına və münaqişədən sonrakı dövrdə regional əməkdaşlığın perspektivlərinə həsr edilmiş onlayn-seminar keçirib.

Trend-in məlumatına görə, moderatoru “Atlantik Şurası” nəzdində Avrasiya Mərkəzinin direktoru, ABŞ-ın Ukraynadakı sabiq səfiri Con Herbst olan tədbirdə mərkəzin və auditoriyanın suallarını Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev cavablandırıb.

Hikmət Hacıyev deyib ki, Ermənistan ilə Azərbaycan arasında 44 günlük müharibə nəticəsində Yerevanın son 26 ildə sui-istifadə etdiyi qondarma “status-kvo” ləğv edilib və bundan sonra Cənubi Qafqazda qarşıdurma əməkdaşlığa və regional inteqrasiyaya transformasiya olunmalıdır. Prezidentin köməkçisi 2020-ci ilin sentyabr ayında hərbi əməliyyatlara hansı tərəfin başlaması barədə suala cavab verərək qeyd edib ki, sonuncu silahlı münaqişənin səbəblərini aydınlaşdırmaq üçün müharibəyə gətirib çıxarmış şəraiti nəzərdən keçirmək lazımdır. Ermənistan və Azərbaycan liderlərinin Düşənbədəki görüşündən sonra Prezident İlham Əliyev xoş məram nümayiş etdirərək Ermənistanın baş nazirinin Dağlıq Qarabağ münaqişəsini Ermənistanda sabitlik yaradılandan sonra nizamlamaq məsələsinə qayıtmasına icazə verib, lakin Ermənistanın baş naziri bu xoş münasibətdən sui-istifadə edib və sonradan millətçi bəyanatlarla çıxış etməyə başlayıb, o cümlədən Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərinin gedişində “Arsax” (Qarabağ – AZƏRTAC) Ermənistandır və nöqtə” deyib. Paşinyanın bu cür absurd bəyanatlarından əlavə, Ermənistanın müdafiə naziri Tonoyan ABŞ-da erməni diasporu ilə görüşündə Ermənistanın “yeni ərazilər uğrunda yeni müharibə” doktrinasını bəyan edib. Bütün bu bəyanatlar, üstəlik ötən ilin iyul ayında Tovuz rayonunda erməni tərəfinin silahlı təxribatları, Azərbaycanın mülki obyektlərinin və Azərbaycan Ordusunun mövqelərinin sentyabr ayında məqsədyönlü şəkildə artilleriya atəşinə tutulması Azərbaycan Ordusunun BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini yerinə yetirmək və Azərbaycan Respublikasının ərazi bütövlüyünü bərpa etmək məqsədilə bütün cəbhə boyu əks-hücumuna gətirib çıxardı.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, münaqişənin silahlı fazasında Azərbaycan dəfələrlə hərbi əməliyyatları dayandırmağa hazır olduğunu bildirib, bu şərtlə ki, Ermənistan erməni silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması qrafikini dərhal təqdim etsin. Lakin belə olmadı və nəhayət, noyabr ayında Şuşa şəhəri və Azərbaycanın digər əraziləri azad ediləndən sonra Ermənistan Bakının şərtlərini qəbul etməyə məcbur oldu.

Hikmət Hacıyev vurğulayıb ki, Azərbaycan RF sülhməramlı kontingenti ilə “açıq dialoqu və kommunikasiyanı” dəstəkləyir, bu kontingentin nümayəndələri “öz işini peşəkar səviyyədə yerinə yetirir”. Azərbaycan Prezidentinin köməkçisi erməni hərbi əsirləri barədə sualın cavabında bəyan edib ki, noyabrın 9-da məlum bəyanat imzalanandan sonra Azərbaycanın dövlət sərhədini keçmiş 62 nəfər silahlı erməninin məqsədi Azərbaycan mövqelərinə hücum etmək idi, onlar hətta özləri ilə müəyyən texnika da götürmüşdülər. Bu şəxslər hərbi əsir deyil, onlar əsirlərin digər kateqoriyasına aiddir. Bəyanat imzalanandan sonra Azərbaycan təqribən 1200 erməni hərbi qulluqçusunun cəsədini erməni tərəfinə qaytarıb.

Prezidentin köməkçisi seminarın erməni iştirakçılarına xatırladıb ki, Birinci Qarabağ müharibəsindən sonra 4000-dən çox azərbaycanlı hələ də itkin düşmüş hesab edilir və Ermənistan bu şəxslər barədə məlumat təqdim etməlidir.

Onlayn-seminarın gedişində Hikmət Hacıyev auditoriyaya münaqişənin başlanması barədə, o cümlədən keçmiş SSRİ-nin müəyyən dairələri tərəfindən təşkil olunmuş və etnik erməni Eduard Qriqoryan kimi cinayətkarlar tərəfindən icra edilmiş Sumqayıt hadisələri barədə də məlumat təqdim edib. İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və həmin ərazilərdə yenidənqurma, azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qaytarılması planı da müzakirə edilib.

Diqqətə çatdırılıb ki, Azərbaycanın Dağlıq Qarabağ regionunda yaşayan ermənilər ölkəmizin tamhüquqlu vətəndaşlarıdır və Azərbaycan qanunlarının, onun Konstitusiyasının aliliyini qəbul etməyə borcludurlar.

Hikmət Hacıyev münaqişədən sonrakı dövrdə ATƏT-in Minsk qrupunun rolu barədə suala cavab verərək deyib ki, Minsk qrupu iki tərəf arasında etimadın möhkəmlənməsi tədbirlərinin müəyyən olunmasına kömək edə bilər.

Azərbaycan Prezidentinin köməkçisi sonda bəyan edib ki, Amerika şirkətləri Azərbaycanın Qarabağ regionunun infrastrukturunun bərpasına investisiyalar qoymaq və bu işlərdə iştirak etmək yolu ilə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulmasına və regional inteqrasiyaya öz töhfələrini verə bilər.