Home Manşet Azərbaycan Prezidenti: Biz peykləri orbitə çıxaranda bəziləri sual verirdilər ki, bu, nə...

Azərbaycan Prezidenti: Biz peykləri orbitə çıxaranda bəziləri sual verirdilər ki, bu, nə üçün lazımdır

261
0
SHARE

Biz peykləri orbitə çıxaranda bəziləri sual verirdilər ki, bu, nə üçün lazımdır.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev yanvarın 26-da Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

“Mən texnoloji inkişafla bağlı görülmüş işlər arasında peykləri qeyd etməliyəm. Bu sahəyə rəhbərlik edən şəxs kimi, Siz bütün bu işləri yaxşı bilirsiniz. Biz peykləri orbitə çıxaranda bəziləri sual verirdilər ki, bu, nə üçün lazımdır. Ancaq həyat göstərdi ki, bu, bizə çox lazımdır. Həm müharibə dövründə, həm müharibədən sonrakı dövrdə peyklərdən istifadə bizə çox böyük üstünlük təmin etdi. Bizim həm telekommunikasiya, həm Yer səthini müşahidə edən peyklərimiz qarşıda duran bütün vəzifələri icra etmək üçün imkan yaradır. Biz məhdud sayı olan kosmik klubun üzvüyük. Burada kadr hazırlığı əlbəttə ki, önəmli rol oynayır. Bu sahədə çalışan kadrlar artıq bizim ümumi intellektual potensialımızı gücləndirirlər. Eyni zamanda, Vətən müharibəsi dövründə düşmənin hərəkətlərini onlayn formatda izləmək və onların təxribatlarının qarşısını almaq əlbəttə ki, bizə əlavə üstünlük yaratdı. Təsadüfi deyil ki, Vətən müharibəsi, Azərbaycanın apardığı əməliyyatlar dünyada hərbi ekspertlər tərəfindən XXI əsrin müharibəsi adlandırıldı. Çünki bu, texnoloji inkişaf baxımından bir yenilik idi.

Müharibədən sonra – hazırda bizim bərpa işləri ilə bağlı planlarımız üçün də peyklərin çox böyük əhəmiyyəti var. Sizin mənə təqdim etdiyiniz məlumatlar əsasında biz indi daha böyük səmərə ilə minatəmizləmə işləri görürük. Eyni zamanda, kənd təsərrüfatının, meşə fondunun, su resurslarının, ekoloji vəziyyətin gələcək inkişafı ilə bağlı peykdən ötürülən məlumatlar xüsusi əhəmiyyətə malikdir. Biz burada heç bir ölkədən asılı deyilik. Eyni zamanda, gələcəkdə bərpa işlərini düzgün təşkil etmək üçün bu imkanlar əlbəttə ki, bizə böyük üstünlük yaradır. Bir sözlə, Azərbaycanda həm nəqliyyat, həm texnologiyalar, həm də rabitə sahələrində görülmüş işlərə birmənalı şəkildə müsbət qiymət vermək olar. Bu müsbət qiyməti, o cümlədən dünyanın aparıcı maliyyə qurumları və Davos Ümumdünya İqtisadi Forumu vermişdir”.