Yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edir. Sözsüz ki, imzalanmış saziş regionun inkişafına müsbət təsir göstərəcək mühüm beynəlxalq sənəddir. Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlayır, şübhəsiz ki, “ Dosluq” neft yatağı ölkələrimizi və xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat açıqlamasında bildirib ki, bu Anlaşma Memorandumu Azərbaycanla Türkmənistan arasında yeni perspektivlər vəd edən əməkdaşlıq mühitinin formalaşması baxımından önəmlidir. Xəzər mehriban qonşuluq dənizi, əməkdaşlıq dənizidir. Xəzər ölkələrimiz arasında təbii sərhəd olmaqla yanaşı, bundan sonra da ölkələrimizi və xalqlarımızı ortaq maraqlarda birləşdirəcək əməkdaşlığın önəmli bir hissəsini təşkil edir. Bu mənada, Azərbaycan və Türkmənistanın əməkdaşlığı regionun ümumi inkişafına əlavə imkanlar yaradacaqdır.
Türkmənistanın sahib olduğu təbii ehtiyatlara xüsusi diqqət çəkən millət vəkili T.Cəfərova qeyd edib ki, Türkmənistanın təbii qaz ehtiyatları ümumdünya ehtiyatlarının 9 %-ni təşkil edir və bu göstərici ilə Türkmənistan dünyada Rusiya, İran və Qətərdən sonra dördüncü yeri tutur. İndiyədək əsas istehlak bazarı Rusiya olub, rəsmi Moskva türkmən qazının həcmi və qiymətini özü müəyyənləşdirirdi. Aşqabad bu asılılığa son qoymaq üçün əvvəlcə Çin və İran bazarına çıxdı. İndi isə, Azərbaycanın vasitəsilə əsas istehlak bazarı olan Avropaya çıxış imkanını əldə edir. Bu isə neft və qaz ixracatçısı olan Azərbaycanın həm də tranzit ölkə kimi əhəmiyyətini daha da artıracaq. Bu nöqteyi-nəzərdən, nəqliyyat ölkələrimiz arasında mövcud əməkdaşlıq əlaqələrinin strateji istiqamətidir. Nəqliyyat sahəsində əməkdaşlıq həm bizim ölkələr, həm də qonşu dövlətlər üçün böyük perspektivlər açır. Türkmənistan və Azərbaycan nəqliyyat infrastrukturunun, məhz sıx qarşılıqlı əlaqəli şəkildə işləyən və bizim ərazilərimizdən keçməklə yüklərin tranzitini təmin edən, habelə Azərbaycan ilə Türkmənistan arasında əmtəə dövriyyəsi imkanlarını artıran müasir beynəlxalq dəniz limanlarının yaradılması layihələrini bir növ sinxronlaşdırıblar. Bu ölkələr arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq regionda yaranmış yeni şərait və yeni nəqliyyat yollarının açılması imkanları nəzərə alınmaqla daha yüksək səviyyəyə çatacaq.
T.Cəfərova xüsusilə bildirib ki, bütün bu perspektivlərin həyata keçməsində hər iki ölkədə mövcud olan siyasi sabitlik mühüm əhəmiyyət kəsb edir. Siyasi sabitlik ölkələrin inkişafında strateji əhəmiyyətə malikdir. Əlbəttə ki, sabitlik olmadan inkişaf mümkün deyil. Sözsüz ki, sabitlik tərəqqiyə, rifaha, investisiyalara, ən iri beynəlxalq şirkətlərin diqqətinə və bununla da ölkələrin beynəlxalq aləmdə rolunun, onların təsirinin möhkəmlənməsinə gətirib çıxarır. Şübhəsiz ki, Azərbaycan və Türkmənistan beynəlxalq investisiyalar üçün cəlbedici ölkələrdir. Bu gün hər iki ölkə nisbətən gənc müstəqil dövlətlərdir. Qlobal transmilli layihələr sayəsində sosial rifah və iqtisadi inkişaf sahəsində çox mühüm məsələlər öz həllini tapır. Ölkələrimiz investisiyalar üçün açıqdır. Xarici şirkətlər həm Türkmənistana, həm də Azərbaycana inamla böyük vəsait yatırırlar. Ona görə ki, əmindirlər ki, onların vəsaitləri qorunacaqdır. Bu mənada əminliklə deyə bilərik ki, imzalanmış bu saziş özlüyündə hər iki ölkənin gələcək inkişafının istiqamətlərini müəyyənləşdirməklə yanaşı, regionda həm iqtisadi, həm də geosiyasi baxımdan mühüm əhəmiyyətə malikdir.
Sonda millət vəkili qeyd edib ki, bu Anlaşma Memorandumunun imzalanması ilə əldə olunan ən böyük uğurlardan biri ölkələrimiz arasında mövcud olan tarixi, mədəni oxşarlığı, ortaq köklərimiz, ortaq dilimiz, ortaq dinimiz və bir sıra digər mövcud sosial-mədəni təzahürlərin potensialını səmərəli əməkdaşlığa transformasiya edə bilmiş olmaqdır.