Home Manşet “Şuşa, səni dirçəldəcəyik!” deyən Müzəffər Ali Baş Komandan vədini reallığa çevirir –...

“Şuşa, səni dirçəldəcəyik!” deyən Müzəffər Ali Baş Komandan vədini reallığa çevirir – Vüqar Rəhimzadə

300
0
SHARE

Möhtərəm Prezidentimiz İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, bu hədəfə nail olunmasında dövlət orqanlarının və digər təşkilatların əlaqələndirilmiş fəaliyyətinin gücləndirilməsi, habelə idarəetmədə çevikliyin və səmərəliliyin artırılması məqsədilə imzaladığı 19 yanvar 2021-ci il tarixli «İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında» Fərmanına əsasən ilk olaraq Şuşa rayonunda xüsusi nümayəndənin təyin edilməsi qürurverici və diqqətçəkən məqamdır. Dövlətimizin başçısı İlham Əliyev Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən birinci təyinatın məhz Şuşa rayonuna olmasını belə əsaslandırmışdır ki, Şuşa Azərbaycan xalqının qəlbində xüsusi yerə malikdir. Şuşa Qarabağın tacıdır, Şuşa təkrarolunmaz şəhərdir.

Dövlətimizin başçısı İlham Əliyevin noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından xalqımıza çatdırarkən, həmçinin bu günlərdə ailə üzvləri ilə birlikdə Şuşaya səfəri zamanı orada keçirdiyi anlardan xoşbəxtlik duyğularını böyük sevinclə dilə gətirməsi, bunun ardınca azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi institutunun yeni yaradılmasına baxmayaraq ilk təyinatın Şuşa ilə bağlı olması Qarabağın ürəyi olan Şuşanın 28 illik nisgilinə, həsrətinə son qoyulmasının nə qədər qürurverici olduğunu nümayiş etdirdi.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
V.Rəhimzadə qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyevin 44 günlük müharibə dövründə xarici KİV-lərə verdiyi müsahibələrində «Şuşasız işimiz yarımçıq olar» söyləməsi də bu bölgəmizin işğaldan azad edilməsinin nə qədər həsrətlə gözlənildiyinə aydınlıq gətirmişdi: “Azərbaycanın hər qarış torpağı xalqımız üçün əzizdir. Məhz bu torpaq həsrəti, Vətən sevgisi yaşından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşını torpaqlarımızın işğaldan azad edilməsi üçün səfərbər olmağa çağırdı və dəmir yumruq kimi birləşdirdi. İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının qürurunu özünə qaytardı. Bu gün xalqımız öz yenilməzliyi, məğrurluğu ilə fəxr etməklə yanaşı, başı uca, alnı açıqdır. 30 illik işğala, nisgilə, həsrətə son qoyuldu”.

Baş redaktor bildirib ki, işğaldan azad olan digər torpaqlarımız kimi, Şuşada da evlərimiz, mədəni və dini abidələrimiz tamamilə dağıdılmış, yerlə-yeksan edilmişdir: “Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, ancaq Şuşa ermənilər tərəfindən dağıdılsa da, əyilmədi, əsirlikdə olsa da, öz ləyaqətini itirmədi, erməniləşdirmə cəhdlərinə məruz qalsa da, Azərbaycan ruhunu qoruyub saxlaya bildi. Noyabrın 8-də dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın işğaldan azad edilməsi xəbərini xalqımıza çatdırarkən «Şuşa, sən azadsan! Şuşa, səni dirçəldəcəyik!» bəyan etməsindən sonra bugünkü addımları ilə bu vədinin də reallığa çevrildiyini təsdiqlədi”.

“Dövlətimizin başçısı İlham Əliyev daim çıxışlarında torpaqlarımızın işğal olunmasında AXC-Müsavat cütlüyünün xəyantlərindən bəhs edir, onların günahkar olduqlarını əsaslı şəkildə diqqətə çatdırır” söyləyən baş redaktor bildirib ki, müstəqilliyimizin ilk illərində yaşananlar hər kəsə yaxşı məlumdur: “Həmin dövrdə Silahlı Qüvvələrimizin torpaqlarımızın deyil, ayrı-ayrı dairələrin maraqlarının müdafiəsinə xidmət eməsi işğala geniş yol açırdı. Şuşanın 1992-ci il mayın 8-də itirilməsi böyük faciə idi. Möhtərəm Prezidentimiz Aydın Kərimovu videoformatda qəbul edərkən bir daha bu reallıqları hər kəsin bilməsinin vacibliyini diqqətə çatdırıb. O vaxt Azərbaycanda hakimiyyət uğrunda mübarizə gedirdi. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, o vaxtkı hakimiyyəti yıxmaq üçün bu təxribatı törətdilər. Şuşa faktiki olaraq düşmənə təhvil verildi. Şuşa və ondan bir neçə gün sonra Laçın rayonunun işğal altına düşməsi nəticəsində o vaxtkı hakimiyyət kənarlaşdırılıb və hərbi çevriliş nəticəsində AXC-Müsavat hakimiyyətə gəlib”.

“Bunlar tarixdir” söyləyən baş redaktor bildirib ki, illər keçdikcə həmin hadisələrin mahiyyəti daha aydın görünür, dərk edilir: “O zaman torpaqlarımızı satanlar bu gün özlərini xalqa yaxın göstərməklə keçmişi unutmağa və unutdurmağa cəhdlər göstərsələr də bunun mümkünsüzlüyünün fərqindədirlər. Çünki zamanın hakimliyi, tarixin yaddaşlığı daim hər bir hadisəni düzgün dəyərləndirməyə əsas verir”.

V.Rəhimzadə belə bir ümumiləşdirməni diqqətə çatdırıb ki, bu gün işğaldan azad edilmiş bütün torpaqlarımızda bir canlanma yaşanır: “Əsas olan budur ki, düşmən diz çökdürüldü, kapitulyasiya aktına imza atdı, torpaqlarımız öz tarixi sahiblərinə qayıtdı. Dövlətimizin başçısı İlham Əliyev Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edib. Möhtərəm Prezidentimiz bildirir ki, bərpadan sonra Şuşada həyat qaynamalı, insanlar qayıdandan sonra Şuşanın çox zəngin mədəni həyatı olmalıdır. Həm ölkə daxilindəki tədbirlər, eyni zamanda, bir çox beynəlxalq tədbirlər – festivallar, müsabiqələr, qastrollar orada keçirilməlidir. Yəni, Şuşa nəinki Azərbaycanın, əminəm ki, bütövlükdə bölgənin mədəniyyət paytaxtı adına layiq olacaq. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə Şuşanın işğaldan azad edildiyi tarixin Zəfər Günü kimi təsis edilməsi bütün məqamları özündə ehtiva edir”.