Home Manşet Xalqımız yaxşı bilir ki, torpaqlarımızı satan kimdir, onu əsarətdən qurtaran kimdir –...

Xalqımız yaxşı bilir ki, torpaqlarımızı satan kimdir, onu əsarətdən qurtaran kimdir – Vüqar Rəhimzadə

318
0
SHARE

Dövlət o zaman güclü olur ki, ona rəhbərlik edən lider ölkəsinin, xalqının gələcəyini düşünür, bu istiqamətdə təkmil strategiya müəyyənləşdirərək onun həyata keçirilməsinə nail olur. Müstəqillik yollarında ilk addımlarını atan ölkənin inkişafında idarəçilik qabiliyyətinin, zəngin təcrübənin nə qədər əhəmiyyətli rol oynadığının geniş şərhə ehtiyacı yoxdur. Bu baxımdan Azərbaycanın müstəqilliyimizin ilk illərində yaşadığı əsas problemlər idarəçiliyin yoxluğu, mövcud iqtisadiyyatı məhv etmək, ölkədə siyasi və silahlı anarxiyaya rəvac vermək, bir sözlə, o illərdə iqtidarda olanların şəxsi mənafelərini ümumi mənafelərdən üstün tutmaları idi desək qətiyyən mübaliğəyə yol vermiş olmarıq. 44 günlük İkinci Qarabağ müharibəsi bütün bu reallıqlara bir daha işıq saldı, torpaqları satanların, onları işğaldan azad edənlərin kimlər olduğunu ortaya qoydu.

Bu fikirləri Trend-ə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, xəyanətkarların, satqınların toplaşdığı “millli şura” deyilən qurum sanki Azərbaycanda Ermənistanın səfirliyi, Əli Kərimli və onun kimilər isə Ermənistanın səfiri funksiyasını yerinə yetirir: “Vaxtilə torpaqlarımızı satan AXC-Müsavat cütlüyünün tör-töküntülərindən ibarət olan bu qurum yarandığı vaxtdan xalqa, dövlətə xəyanət yolunu tutub. Bu antimilli ünsürlərin davranışları hazırda Azərbaycanın hərbi-siyasi Qələbəsini həzm edə bilməməklə ermənilərin və ermənipərəst dairələrin sifarişlərinin icraçısı olduqlarını, onlar üçün hələ də dövlət, xalq, Vətən məfhumlarının arxa planda dayandığını tam çılpaqlığı ilə ortaya qoyur. AXCP sədri Əli Kərimli xəyallar aləminə səyahətə çıxarkən hakimiyyətə yenidən gələcəkləri təqdirdə hansı planları gerçəkləşdirəcəklərini açıqlamaqla xalqa bir daha birillik hakimiyyətləri dövründə törətdikləri faciələri xatırlatdı. Gəncləri Vətənə xəyanət ruhunda tərbiyə etməyə çalışan Əli Kərimlinin əlində alətə çevirdiyi bu tip olaylar hər kəsin yaddaşındadır. Xəyanətkar sədrin ssenarisi əsasında Vətənə xəyanət yolunu tutan, Ermənistanın xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşüb əldə edilən razılaşma əsasında alacağı pullarla özünə təmtəraqlı həyat quracağını düşünənlər törətdikləri cinayətlərə görə həbs olunur, həbsdən çıxdıqdan sonra onların Ə.Kərimli haqqında etirafları hər kəsdə belə bir ünsürün özünü Azərbaycan vətəndaşı kimi təqdim etməyə haqqı olmadığı qənaətini təsdiqləyir.”
Baş redaktor bildirib ki, dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev hər bir çıxışında, xalqa müraciətlərində torpaqlarımızın işğala məruz qalmasının səbəblərini xüsusi qeyd edir. Ölkə Prezidenti Qarabağın tacı olan Şuşamıza səfəri zamanı döyüşçülərlə görüşündə, həmçinin Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bu mühüm məqamı xüsusi diqqətə çatdırmışdır ki, tarixi həqiqətlər ölkə və dünya ictimaiyyətinə dolğun şəkildə çatdırılmalı, hər kəs bu həqiqətləri bilməlidir. Bu tarix hər kəsə məlumdur ki, 1992-ci ilin mayında o vaxtkı Azərbaycan rəhbərliyinin və hakimiyyət uğrunda mübarizə aparan AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa işğal altına düşdü. O vaxt ermənilərin öz dırnaqarası əməliyyatlarına “dağlarda toy” adını verdiyini xatırladan dövlətimizin başçısı İlham Əliyevin bildirdiyi kimi, halbuki heç əməliyyat da keçirilməmişdi. Şuşa şəhəri boşaldılmışdı: “O vaxtkı müdafiə naziri demişdi ki, Şuşa əldən getsə, başıma güllə çaxacağam, qorxaqcasına Şuşadan qaçmışdı. Ondan sonra isə ermənilər guya bu əməliyyat haqqında əfsanələr uydurmuşdular – dağlarda toy. İndi biz onlara elə toy tutmuşuq ki, onlar bu dərsi əbədi yadda saxlayacaqlar. Qəhrəman Azərbaycan övladları mükəmməl hərbi əməliyyat keçirərək cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirərək Şuşanı işğalçılardan azad etmişlər və uzun fasilədən sonra noyabrın 8-də Şuşada Azərbaycan bayrağı qaldırılmışdır”.

“Bədnam AXC-Müsavat cütlüyünün digər sahələr kimi, orduda yaratdığı acınacaqlı hal da yaddaşlardadır” söyləyən V.Rəhimzadə əlavə edib ki, həmin vaxt ordunun maddi-texniki təminatı yox dərəcəsində idi, eyni zamanda, əsgərlərin döyüş ruhunu artırmaq üçün arxa cəbhədə milli birlik də təmin edilməmişdi. Ön cəbhədə döyüşlərin getdiyi bir vaxtda arxa cəbhədə vəzifə davası aparılır, silahlı qruplaşmalar arasında açıq silahlı mübarizə gedirdi: “Dağınıq vəziyyətdə olan Silahlı Qüvvələrimiz torpaqlarımızın müdafiəsinə deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəsinə xidmət edirdi. Cəbhədə döyüşlərin getdiyi vaxt Surət Hüseynovun, İsgəndər Həmidovun, Rəhim Qazıyevin və başqalarının silahlı dəstələrinin paytaxtı hərbi poliqona çevirdiklərini xalq unutmayıb. Nəticədə erməni silahlı birləşmələri Dağlıq Qarabağla birgə ətraf yeddi rayonu da işğal etməyə nail oldular”. Budur bu gün özlərini xalqa, dövlətə canıyanan kimi göstərməyə çalışan ünsürlərin əsl siması. Dövlətimizin başçısı İlham Əliyev 44 günlük Vətən müharibəsi dövründə xarici KİV-lərə müsahibələrində daim Birinci Qarabağ müharibəsi dövründəki Azərbaycanla bugünkü Azərbaycanın müqayisəsini apararaq bu fikri böyük fəxr və qürurla qeyd edirdi ki, hazırkı Azərbaycan bütün sahələrdə davamlı uğurlara imza atan, dünya birliyinin fəal üzvünə çevrilən, sözünün imzası qədər dəyəri olan Azərbaycandır. Bu müddət ərzində Azərbaycan daha da gücləndi, beynəlxalq hüquq deyilən məfhumun mövcudluğunu dünyaya çatdırdı. Azərbaycan Prezidenti İlham Əliyev dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının tribunasından bəyan edirdi ki, bir qarış torpağımız belə düşmənə verilməyəcək. Biz imkan vermərik ki, Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılsın. Dövlətimizin başçısı hər bir vədini yerinə yetirdi. Tarixi Qələbəmiz bir daha möhtərəm Prezidentimizin dövləti, xalqı üçün necə Lider olduğunu nümayiş etdirdi. Təbii ki, hər kəs tarixdə özünün əməlləri ilə iz qoyur. Azərbaycanın müstəqilliyinin ilk illərində ölkəmizə rəhbərlik edənlərin hakimiyyət dövrü tariximizdə qara səhifə kimi yer alsa da, 1993-cü ildən başlanan yol davamlı inkişaf yoludur. Çünki bu yolu düzgün müəyyənləşdirən Lider bütün həyatını, ömrünü Azərbaycan xalqının bugününə və gələcəyinə həsr etmişdir. 2003-cü ildən başlanan yol isə Heydər Əliyev yolunun davamıdır. Möhtərəm Prezidentimiz İlham Əliyev ərazi bütövlüyümüzü bərpa edərək, Dağlıq Qarabağ münaqişəsini tarixə qovuşduraraq ata vəsiyyətini, xalqımıza verdiyi hər bir vədi zamanı yetişəndə yüksək səviyyədə yerinə yetirməsi ilə qürur duyur”.

Baş redaktor bildirib ki, tarix heç nəyi silmir. AXC-Müsavat cütlüyünün tör-töküntüləri bu gün özlərini xalqa vətənpərvər kimi təqdim etməyə nə qədər çalışsalar da, bunun mümkünsüzlüyünün fərqindədirlər. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Hər kəs bilməlidir, torpaqları satan kimdir, torpaqları əsarətdən qurtaran kimdir” çağırışı bu ünsürlərə ciddi mesaj, eyni zamanda, dərs olmalıdır.