Home Manşet YAP Zəngilan rayon təşkilatı Gənclər Birliyi “Gənclər Günü” ilə bağlı onlayn konfrans...

YAP Zəngilan rayon təşkilatı Gənclər Birliyi “Gənclər Günü” ilə bağlı onlayn konfrans keçirib

361
0
SHARE

29 yanvar tarixində Yeni Azərbaycan Partiyasının (YAP) Zəngilan rayon təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə 2 fevral Gənclər Günü ilə bağlı onlayn konfrans keçirilib.

Birlikdən Trend-ə bildirilib ki, vebinarda rayonun fəal gəncləri ilə yanaşı, ölkə ictimaiyyətinin nüfuzlu şəxsləri, millət vəkilləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə YAP Zəngilan rayon təşkilatı Gənclər Birliyinin sədri xanım Nərmin Hüseynzadə açaraq gəncləri bu gün münasibəti ilə təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, əsası Ulu Öndər tərəfindən qoyulmuş çoxşaxəli gənclik strategiyası barədə danışaraq bildirib ki, məhz bu siyasi xəttin məntiqli davamı olaraq Azərbaycan gəncliyi gözlərini qırpmadan döyüş meydanlarına atılaraq 44 günlük Vətən müharibəsi dövründə düşmənə heç bir zaman unutmayacağı dərs vermişdir.

Sonra söz YAP Gəncə şəhər təşkilatının sədri millət vəkili Naqif Həmzəyevə verildi. Millət vəkili ölkəmizin gənclərinin bu gün dünyanın müxtəlif ölkələrində aktiv olduqlarını və bütün ümummilli məsələlərdə dövlətimizin yanında olduqlarını bildirdi. Naqif Həmzəyev həm Ümummilli lider Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin gənclərimizə verdiyi xüsusi əhəmiyyət barədə ətraflı və konkret nümunələrlə danışdı. Qeyd etdi ki, 2020-ci ildə növbədənkənar parlament seçkilərində kifayət qədər aktiv, intellektual gənclik seçki marafonuna qoşuldu və hal-hazırda xeyli sayda gənc millət vəkili öz dairələrini Milli Məclisdə şərəflə təmsil edirlər. Bundan başqa son dövrlər köklü islahatların tərkib hissəsi olan idarəedici strukturlarda gənclərə xüsusi etimadın olması və həmin şəxslərin uğurlu fəaliyyəti bu siyasətin uzaqgörənliyinin əlaməti olduğunu sübut etdiyini dedi.

Təşkilatçı daha sonra müvafiq ardıcıllıqla sözü İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlıya, Azxəbər.com-un baş direktoru Əfsələddin Ağalarova, Azxəbər.com-un baş redaktoru Hacıbəy Heydərliyə, Azərbaycan Gənc Sahibkarlar klubunun koordinatoru Anar Sarıyevə, Gənclər Mərkəzi İctimai Birliyinin İcraçı direktoru Kənan Qubadzadəyə verdi. Hər bir natiq gənclərimizi bu gün münasibəti ilə təbrik etdi. Builki “Gənclər günü”nün hər bir gənc üçün xüsusi əhəmiyyətə malik olduğunu və bunun da məhz Vətən müharibəsində əldə etdiyimiz qələbə ilə əlaqəsini vurğuladılar.

Daha sonra Zəngilanın fəal gəncləri də çıxış edərək hər bir gənci təbrik etdilər.