Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yaradılması təkcə Qarabağda deyil, ümumilikdə Cənubi Qafqaz regionunda sülh və əmin-amanlığın bərqərar olunması, eləcə də region ölkələri arasında qarşılıqlı əməkdaşlıq perspektivlərinin reallaşması baxımından böyük əhəmiyyət kəsb edir. Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmiz 30 il ərzində Ermənistanın və onun havadarlarının etinasızlıq göstərdikləri BMT Təhlükəsizlik Şurasının qətnamələrini cəmi 44 gün ərzində yerinə yetirdi və bununla da Qarabağ münaqişəsi öz həllini tapdı. Lakin sadəcə hərbi əməliyyatların başa çatması faktı özü-özlüyündə hələ bölgədə və regionda sülh və əmin-amanlığın bərqərar olacağına zəmanət ola bilməz. Bunun üçün keçmiş münaqişə zonasında bundan sonrakı proseslərə nəzarət edə biləcək xüsusi quruma ehtiyac var idi. Elə 2020-ci il 10 noyabr tarixdə Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri tərəfindən imzalanmış üçtərəfli bəyanatda da münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzin yaradılması nəzərdə tutulurdu. Həmçinin bu məqsədlə Türkiyə və Rusiya arasında Birgə Mərkəzin yaradılmasına dair razılıq əldə edilmişdi. Məhz həmin razılaşmanın nəticəsi kimi də yanvarın 30-da Ağdam rayonu ərazisində yaradılmış Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətə başladı.
Bu sözləri Trend-ə Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev deyib.
Həmçinin, Səttar Möhbalıyev bildirib ki, yeni yaradılmış Mərkəzdə məhz Türkiyə və Rusiya sülhməramlılarının birgə fəaliyyət göstərməsi Azərbaycanın maraqlarına tam uyğundur: “Qeyd etmək lazımdır ki, hər iki ölkə bizim üçün dost, qonşu ölkədir və məhz onların iştirakı ilə belə bir mərkəzinin yaradılması böyük əhəmiyyət kəsb edir. İlk növbədə bu mərkəzin yaradılması ilə digər qüvvələrin bölgədə tərəf olmaq cəhdləri aradan qaldırılmış oldu. Türkiyə isə artıq tam rəsmi qaydada atəşkəsə nəzarət etmək işində Rusiya ilə birgə həlledici rol oynayacaq. Eləcə də regionda gələcək əməkdaşlıq perspektivləri baxımından Türkiyə və Rusiyanın birgə fəaliyyətləri geniş imkanlar yaradır. Bununla belə düşünürəm ki, Monitorinq Mərkəzinin bu gün üçün nəzərdə tutulan əsas vəzifələri məhz bölgədə sabitliyin təmin edilməsi, Ermənistanla Azərbaycan arasında əldə olunmuş razılaşmanın şərtlərinin yerinə yetirilməsi, yarana biləcək insidentlərin qarşısının alınması və araşdırılması xüsusunda olacaq.”
.0Millət vəkili xüsusi olaraq diqqətə çatdırıb ki, qardaş Türkiyənin təmsilçilərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə xidmətə başlamasını ölkəmizin regionda yaratdığı yeni geosiyasi reallıqların daha bir uğurlu nəticəsi kimi göstərmək olar. Səttar Möhbalıyev öz fikirlərini belə tamamlayıb: “Azərbaycanın tam və qəti qələbəsilə başa çatmış 44 günlük Vətən müharibəsi Cənubi Qafqaz regionunda yeni reallıqlar yaratdı. Bu reallıqların formalaşması əlbəttə ki, ilk növbədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin davamlı olaraq həyata keçirdiyi məqsədyönlü xarici siyasətin nəticəsində və möhtərəm dövlət başçımızın yenilməz siyasi iradəsinin sayəsində mümkün oldu. Eyni zamanda da Azərbaycan – Türkiyə tərəfdaşlığı və sarsılmaz dostluğu bu yeni reallıqların bütün dünya tərəfindən qəbul edilməsində önəmli rol oynadı. Bu gün isə bu tərəfdaşlıq regionda artıq sadəcə sülhün və təhlükəsizliyin deyil, eyni zamanda da region ölkələri və qonşu dövlətlərin iştirakı ilə gələcəkdə həyata keçiriləcək yeni birgə layihələrin təhlükəsizlik təminatına zəmin yaradır. İki ölkənin müharibədən sonrakı dövrdə birgə addımlaması ümumilikdə Cənubi Qafqazın sabitliyi, təhlükəsizliyi və davamlı inkişafı üçün böyük önəm kəsb edir. Bundan sonra artıq digər region ölkələri də beynəlxalq nəqliyyat dəhlizlərinin şaxələndirilmiş şəbəkəsinin yaradılması işində fəal iştirak edəcəklər və bu da ölkəmizin həm regional, həm də beynəlxalq nüfuzunun daha da yüksəlməsinə səbəb olacaq.”