Home Cəmiyyət Şəhidlərimizin qanı bahasına azad edilən torpaqlar qısa zamanda dirçələcək – Naqif Həmzəyev

Şəhidlərimizin qanı bahasına azad edilən torpaqlar qısa zamanda dirçələcək – Naqif Həmzəyev

357
0
SHARE

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun “Dəmir yumruq” əməliyyatı illərlə düşmən tapdağı altında olan torpaqlarımızı erməni işğalından, əsarətindən azad etdi. 44 günlük Vətən müharibəsində qazanılan böyük Zəfər Azərbaycanın hərbi qüdrətinin və xalqımızın qələbə əzminin təcəssümünə çevrildi.

Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, minilliklərdən soraq verən yerd yerimiz öz əzəli və əbədi sahiblərinə qaytarıldı. Tarixi, keçmişi qəhrəmanlıq salnamələri ilə zəngin olan Azərbaycanın mərd, igid oğulları əcdadlarımızdan irsən keçən döyüş ruhunu, Vətən eşqini, qalib olmaq əzmini bir daha nümayiş etdirdilər, müasir tariximizin yeni səhifələrini yazdılar. Azərbaycan əsgərinin qanı və canı bahasına azad edilən Şuşa isə bu haqq savaşının zirvəsi, qələbə müjdəsi oldu.

Ölkə başçımız İlham Əliyevin tarixi qələbəni, Azərbaycan bayrağının Şuşada dalğalandığını noyabrın 8-də Şəhidlər xiyabanından xalqa çatdırması hər birimizi qürurlandırdı. Müstəqilliyimizi və dövlətçiliyimizi şərəfləndirən o möhtəşəm an Azərbaycan xalqının qəlbinə, yaddaşına əbədi yazıldı.

Sıldırım qayalardan aşaraq, canı, qanı bahasına Şuşanı erməni qəsbkarlarından azad edən Azərbaycan əsgərləri bütün dünyaya xalqımızın gücünü, yenilməzliyini, yüksək döyüş ruhunu nümayiş etdirdilər. Şuşanın azad edildiyi gün – noyabrın 8-i isə tariximizə Zəfər Günü kimi həkk olundu. Tarixi ədalət bərpa edildi, torpaqlarımız azadlığına qovuşdu.

Artıq bu gün işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, doğma yurd yerlərinə qayıdacaq əsl sahiblərin həyat şəratinin təmin edilməsi vacib məsələ kimi qarşıda durur. Erməni vandalizminin qurbanı olan ərazilərdə, hər qarışı xalqımızın milli dəyərlərinin daşıyıcısı olan torpaqlarda infrastruktur layihələrinin həyata keçirilməsi, hər şəhərin, hər kəndin ən yüksək səviyyədə qurulması dövlət siyasətimizin əsas preoritetidir.

Fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışından sonra Azərbaycan Televiziyasına müsahibə verən Prezident İlham Əliyev Şuşa şəhərinin bərpasına, dirçəldilməsinə xüsusi diqqətlə yanaşıldığını qeyd edib: “Şuşa nəinki Azərbaycanın, bölgənin, bəlkə də dünyanın mədəniyyət paytaxtlarından birinə çevriləcəkdir. Şuşada çox zəngin mədəni həyat olmalıdır”.

Ölkə Prezidentimiz işğaldan azad edilən ərazilərin, Şuşanın bərpası, bütün layihələrin planlı şəkildə həyata keçirilməsi, şəhərsalma işlərinin düzgün aparılması ilə bağlı tapşırıqlarını verib: “İstəyirik ki, dağıdılmış şəhərlər tezliklə bərpa edilsin, amma, eyni zamanda, elə olsun ki, bu, oraya qayıdacaq insanların rahatlığını təmin etsin və müasir, güclü Azərbaycanın gücünü bütün dünyaya göstərsin”.

Bəli, Prezident İlham Əliyevin xüsusi nəzarət və diqqəti ilə şəhidlərimizin qanı bahasına azad edilmiş şəhərimiz, kəndlərimiz qısa zamanda dirçələcək, işğal dövründə düşmənə boyun əyməyən Şuşa, milli mədəniyyətimizin ünvanı kimi tarixi şöhrətini bərpa edəcək.