Home Manşet Sədaqət Vəliyeva: Vətəndaşların hökumətin pandemiya ilə mübarizəsindən razılıq səviyyəsinə görə Azərbaycan lider...

Sədaqət Vəliyeva: Vətəndaşların hökumətin pandemiya ilə mübarizəsindən razılıq səviyyəsinə görə Azərbaycan lider ölkələr sırasındadır

284
0
SHARE

“Hazırda dünyada 107 milyon insan koronavirusa yoluxub, 2.3 milyon insan isə bu virusun qurbanı olub. Dünyada koronavirusa yoluxanların sayına görə ilk beşlikdə ABŞ, Hindistan, Braziliya, Rusiya və Böyük Britaniya yer alır. Bu beş ölkədə virusa yoluxanların ümumi sayı dünya üzrə xəstələrin sayının təxminən 50 faizini təşkil edir. Avropada da, xüsusən Böyük Britaniyada, Fransada, İtaliyada, İspaniyada, Almaniyada yoluxma halları və ölüm faktları artan xətt üzrə inkişaf edir. Adları çəkilən 5 ölkədə ümumilikdə yoluxanların sayı 15 milyon, ölənlərin sayı isə 400 min nəfərdən çoxdur. Əlbəttə ki, son vaxtlar koronavirusa yoluxma tendensiyasının sürətlənməsi Cənubi Qafqaz regionundan da yan keçməyib”. Bu fikirləri Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, bu gün Ermənistanda 170 min, Gürcüstanda 262 min, Azərbaycanda isə 231 min insan virusa yoluxub: “Ölənlərinə sayına gəlincə Azərbaycanda 3156, Ermənistanda 3117, Gürcüstanda isə 3283 nəfərdir. Baxmayaraq ki, Azərbaycan əhalisinin sayı digər iki ölkənin əhalisinin sayının ümumi cəmindən 2 dəfə çoxdur, ölkəmizdə yoluxanların və ölənlərin sayı nisbətən aşağıdır. Lakin buna rəğmən biz virusun yayılmasının qarşısını almaq üçün mütləq yoluxmanı və ölüm sayını maksimum azaltmalıyıq. Məsələn, bir gündə Azərbaycanda 150-160, Ermənistanda 190-200, Gürcüstanda isə 690-700 nəfərdir. Amma bütün bunlara baxmayaraq, bu statistika da onu göstərir ki, Azərbaycan COVİD-19 ilə mübarizədə böyük uğurlar əldə edir. Bu baxımdan da Azərbaycanda COVID-19 pandemiyası ilə mübarizə sahəsində atılan addımlar və əldə olunan nəticələr ölkə əhalisi tərəfindən məmnunluqla qarşılanır. 47 ölkədən 44 mindən artıq insan arasında sorğu keçirmiş nüfuzlu “Gallup International” təşkilatı da vətəndaşların onların təhlükəsizliyi və sağlamlığı istiqamətində görülən kompleks tədbirləri yüksək qiymətləndirdiyini təsdiq edib. Təsadüfi deyil ki, vətəndaşların hökumətin pandemiya ilə mübarizəsindən razılıq səviyyəsinə görə Azərbaycan lider ölkələr sırasındadır”.

Sədaqət Vəliyeva əlavə edib ki, pandemiya ilə mübarizədə Azərbaycan ilk günlərdən qabaqlayıcı tədbirlər görərək istədiyinə nail olub: “ 40 min çarpayı potensialı olan xəstəxanalar hazır vəziyyətə gətirildi, 13 modul tipli xəstəxana inşa edildi, gündə 20 min test keçirilə bilən 42 müasir laboratoriya fəaliyyətə başladı. Bu günə qədər 2.5 milyondan çox test keçirilib. Halbuki, bu göstərici Gürcüstanda 2.2 milyon, Ermənistanda isə 654 mindir”.

“Cənubi Qafqazda ilk olaraq vaksinasiya işlərinə start verən ölkə də Azərbaycan olub” – deyən Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, Azərbaycan 4 milyon doz Çin istehsalı olan vaksinin gətirilməsini təmin edib: “Təsəvvür edin ki, bu gün dünyada onlarla dövlət var ki, hələ də vaksin ala bilməyib. Lakin Azərbaycan Avropa İttifaqından cəmi 1 ay sonra vaksinasiya işlərinə başladı. Azərbaycan COVAKS təşəbbüsünün üzvü kimi bir neçə vaksin istehsal edən şirkətlə müqavilə imzalayıb və bununla da ölkəyə müxtəlif vaksinlərin gətirilməsi də təmin ediləcək”.

Sədaqət Vəliyeva onu da vurğulayıb ki, COVID-19 pandemiyasının başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tərəfindən koronavirusa qarşı regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılırdı: “Məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının və Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşlərinin keçirilməsi bunun əyani sübutu idi. Elə dekabrın 3-də Nyu-Yorkda BMT Baş Assambleyasının koronavirus xəstəliyi – COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsi də Prezident İlham Əliyevin təşəbbüsü ilə baş tutdu. Bütün bunlarla yanaşı, bu gün dünyada vaksin məsələsi ətrafında mübarizə gedir. İnkişaf etmiş ölkələr ədalətsizlik nümayiş etdirməklə kasıb dövlətləri ümumiyyətlə nəzərə almırlar. Məsələn, hazırda Kanada əhalisinin 400 faizi, Böyük Britaniya əhalisinin 295 faizi, Avstraliya əhalisinin isə 269 faizi üçün vaksin ehtiyatı alıb. Eyni zamanda, İsraildə hər 100 nəfərdən 59 nəfər, BƏƏ-də 35, Böyük Britaniyada 14, Bəhreyn və ABŞ-da 10 vaksinasiya olunub. Almaniya, Fransa kimi ölkələrdə isə bu rəqəm 3-dür. Bu günə qədər dünya vaksinlərinin 53 faizini sifariş ediblər. ABŞ istehsalı olan “Moderna” vaksininin 98 faizini, Avropa vaksini “Pfizer”in isə 96 faizini zəngin ölkələr sifariş ediblər.Dünyanın belə bir çətin zamanında belə bir ayrı-seçkilik, ədalətsizlik heç də yaxşı gələcək vəd etmir. Hələ Prezident İlham Əliyev bir müddət əvvəl BMT-nin Baş Assambleyasındakı çıxışında da peyvəndlərin ədalətli bölgüsünün vacibliyini diqqətə çatdırmış, zəngin ölkələrin kasıb dövlətlərin vətəndaşları üçün peyvəndlər almasını təklif etmişdi. Təəssüf ki, ölkəmizin vaksinasiya mövzusunda təklif etdiyi humanist ideyaları ilə bir çox inkişaf etmiş ölkələrin ədalətsiz və eqoist yanaşması kontrast təşkil edir. Bu mənada təsadüfi deyil ki, Prezident İlham Əliyev haqlı olaraq dünyanın üz-üzə qaldığı “ədalətsiz vaksin bölgüsü”nü qabardaraq özlərini demokratiyanın beşiyi hesab edən dövlətlərin gerçək mahiyyətini üzə çıxardı. Prezident İlham Əliyevin səsləndirdiyi faktlar da təsdiqləyir ki, artıq dünyanın inkişaf etmiş ölkələri bu mövzuda açıq şəkildə ədalətsizlik nümayiş etdirirlər”.