Home Manşet Dünya pandemiyadan qurtulmayınca, tək bir ölkənin ona qalib gəlməsi mümkün deyil

Dünya pandemiyadan qurtulmayınca, tək bir ölkənin ona qalib gəlməsi mümkün deyil

330
0
SHARE

Ümumdünya Səhiyyə Təşkilatının COVID-19 adlandırılan infeksiyanı pandemiya elan etdiyi gündən artıq bir ilə yaxın zaman keçir. Artıq bu təhlükəli infeksiyaya yoluxanların sayı 103 milyon, ölənlərin sayı 2,3 milyon nəfərə çatıb. COVID-19 virusuna ən çox yoluxma ABŞ-da, daha sonra Hindistan, Braziliya, Rusiya, Böyük Britaniya, Fransada qeydə alınıb. Bu bir həqiqətdir ki, dünya pandemiyadan qurtulmayınca, tək bir ölkənin ona qalib gəlməsi mümkün deyil. Pandemiyanın tamamilə aradan qaldırılması üçün kütləvi immunitetin formalaşması lazımdır. Bunun üçün də ən əlverişli yol vaksinasiyadır. Artıq dekabrdan dünyanın 50-dən çox ölkəsində COVID-19 əleyhinə peyvəndləmə aparılır. Dünya bu təhlükədən can qurtarmaq üçün sürətlə vaksinasiya prosesinə start verib. Azərbaycanda da COVID-19 xəstəliyi əleyhinə vaksinasiyaya başlanılıb və könüllülük prinsipi ilə həyata keçirilir.

Ümumiyyətlə, COVID-19 bəlası dünyanın kabusuna çevrilməyə başladığı ilk günlərdən Azərbaycanda məhdudlaşdırıcı tədbirlər diqqət mərkəzində olub. Burada əlbəttə ki, yeni laboratoriyaların ölkəyə gətirilməsi xüsusi rol oynamışdır. Çünki pandemiyaya qədər bizdə cəmi 8 laboratoriya var idi və gündə cəmi min test keçirilə bilərdi. Hazırda laboratoriyaların sayı 42-dir və 20 min test keçirilə bilər. Bütövlükdə bu günə qədər 2.5 milyondan çox test keçirilib. Eyni zamanda, pandemiya dövründə ilk günlərdən modul tipli xəstəxanaların inşası prosesi başlandı. Modul tipli xəstəxanaların sayı 13-ə qədər çatdırıldı. Qeyd etmək olar ki, vətəndaşlar da pandemiya ilə mübarizədə maariflənmədən ciddi nəticə çıxardılar. Karantin rejiminin tərbiq eilməsi və  digər qadağalara ciddi əməl olundu.

Bununla da Azərbaycan dövləti ötən müddət ərzində vəziyyəti tam nəzarətə götürdü, ölkəmizdə infeksiya ilə mübarizə sahəsində sistemli işlər aparıldı, istər insanların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, istərsə də koronavirus xəstələrinin müalicəsi, səhiyyə infrastruk­turunun təkmilləşdirilməsi, yeni xəstəxanaların açılması və tibb müəssisələrinin texniki təchizatı baxımından bütün məsələlər uğur­la gerçəkləşdirildi. Bütün bunlarla bərabər, postpandemiya dövrü ilə bağlı da önəmli qərarlar qəbul edildi.

Koronavirus infeksiyasına qarşı mübarizə çərçivəsində həyata keçirilən sistemli layihələr, vətəndaşların məsuliyyəti və mövcud qaydalara əməl etməsi nəticəsində müsbət nəticələr qazanıldı. Hazırda Azərbaycanın yoluxma və sağalma halları­nın nisbətinə görə ən yaxşı göstəricilər nümayiş etdirən ölkələr sırasında olması bu fikri təsdiqləyir. Görülən tədbirlərin əsas məqsədi isə insanların sağlamlığının və təhlükəsizliyinin təmin olunmasıdır.

Cənubi Qafqazda ilk olaraq vaksinasiya işlərinə start verən ölkə də Azərbaycan oldu. Azərbaycan 4 milyon doz Çin istehsalı olan vaksinin gətirilməsini təmin etdi. Müqayisə üçün deyə bilərik ki, bu gün dünyada elə dövlətlər var ki, hələ də vaksin ala bilməyiblər. Lakin Azərbaycan Avropa İttifaqından 1 ay sonra vaksinasiya işlərinə başladı. Bu, bir daha dövlətin vətəndaşlarının sağlamlığına və təhlükəsizliyinə verdiyi yüksək önəmi nümayiş etdirir. O da sirr deyil ki, Azərbaycan COVAKS təşəbbüsünün üzvü kimi bir neçə vaksin istehsal edən şirkətlə müqavilə imzalayıb və bununla da ölkəyə müxtəlif vaksinlərin gətirilməsi də təmin ediləcək.

Hazırda Azərbaycanda epidemioloji vəziyyət nisbətən stabildir və müəyyən yumşalmalara gedilib. COVID-19 infeksiyasına gündəlik yoluxma sayının 4 mindən düşməsi və rəqəmlərin 100-200 arasında dəyişməsi şübhəsiz ki, tətbiq edilən məhdudiyyətlərin və vətəndaşların qaydalara məsuliyyətli yanaşmasının nəticəsidir. Lakin bu, heç də arxayınlaşmağa səbəb olmamalı, mövcud vəziyyəti qoruyub saxlamaq üçün qaydalara riayət edilməlidir. İnfeksiyaya yoluxanların statistikasında yaranan sabitlik hələ virusun aradan qalxması demək deyil. Unutmamalıyıq ki, nə dünyada, nə də Azərbaycanda pandemiya bitməyib. Məhdudiyyətlər götürüldüyü zaman istər-istəməz rəqəmlər yenidən artacaq. Ona görə də hər kəs qaydalara məsuliyyətli yanaşmağa davam etməlidir. Məhz bu zaman mövcud vəziyyəti olduğu kimi saxlaya bilərik.

Anar MƏMMƏDOV

Milli Məclisin deputatı