Home İqtisadiyyat Cənub Qaz Dəhlizi Azərbaycanın regionda lider mövqeyini daha da gücləndirib – Naqif...

Cənub Qaz Dəhlizi Azərbaycanın regionda lider mövqeyini daha da gücləndirib – Naqif Həmzəyev

274
0
SHARE

Azərbaycan iqtisadiyyatı bu gün özünün inkişaf mərhələsini yaşayır. Artan iqtisadi güc ölkəmizi regional iqtisadiyyatın lokomotivi olaraq dünyanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından birinə çevrilib. Tarixi nailiyyətlərdən olan Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsinin yekunlaşdırılması, bu nəhəng layihənin tam sistem kimi işə salınması Azərbaycanın həm də qaz ixrac edən ölkə olduğunu bir daha nümayiş etdirdi.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, Azərbaycan öz enerji resurslarını boru kəmərləri vasitəsi ilə dünya bazarlarına çıxarmağa nail oldu, eyni zamanda Avropa və Asiya arasında enerji daşınmalarının mərkəzinə çevrilmək imkanını əldə etdi.

Neftini dünya bazarlarına bir neçə ixrac marşrutu ilə çıxaran ölkəmiz indi də hasil etdiyi mavi yanacağı üç möhtəşəm kəmərlə birbaşa Xəzərdən Adriatik dənizinin sahillərinə çatdırır. Ölkəmizin təşəbbüskarı olduğu qlobal layihələr Avropanın enerji xəritəsini yenidən tərtib etməklə yanaşı Azərbaycanın regionda iqtisadi rolunu yüksəldib, lider mövqeyini daha da gücləndirib. Bu da təbii olaraq Azərbaycan iqtisadiyyatının inkişafına, ölkəmizə xarici valyuta axınının təmin edilməsinə müsbət təsir göstərir.

Fevralın 11-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirililən VII iclasında Prezident İlham Əliyev çıxışında 7 ölkəni birləşdirən Cənub Qaz Dəhlizi layihəsinin mövcud olan ən yüksək ekoloji standartlara cavab verdiyini qeyd edib. Eyni zamanda ölkə Prezidentimiz bildirib ki, biz misilsiz əməkdaşlıq formatına nail olmuşuq. Düzgün hesablanmış maraqlar balansı var ki, burada istehsalçı olan Azərbaycanın maraqları tranzit və istehlakçı ölkələrin maraqları ilə üst-üstə düşür. Məhz bunun nəticəsində bəzilərinin o qədər də real hesab etmədikləri bir layihənin həyata keçirilməsi mümkün olmuşdur.

Sözsüz ki, bu cür qlobal layihələr Cənubi Qafqazda müəyyən iqtisadi, siyasi, geopolitik maraqları olan dövlətlərin, beynəlxalq təşkilatların Azərbaycanın sülhə, təhlükəsizliyə, davamlı tərəqqiyə xidmət edən dövlət siyasətinə olan inamın, etibarın sayəsində reallığa çevrilir.

Tarixdə ən böyük enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsi olan Cənub Qaz Dəhlizi Azərbaycanın regionda əsas inkişaf mərkəzi olduğunu bir daha nümayiş etdirdi.